Elnur Allahverdiyev Yasamal sakinlərinə təşəkkür etdi
17 saylı Yasamal üçüncü seçki dairəsindən namizəd olan Elnur Allahverdiyevin seçkilərdə qazandığı qələbə rəsmən təsdiqlənib.
Sfera.az xəbər verir ki, bu münasibətlə gənc millət vəkili facebookdakı rəsmi səhifəsində seçicilərinə təşəkkür edib. O, yazıb:
"Hörmətli seçicilər! Əziz dostlar, dəyərli Yasamal sakinləri!
Bu gün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 2020-ci il fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərin nəticələrini təsdiq etdi. Bununla da sizin dəstəyinizlə əldə etdiyimiz qələbə özünün rəsmi təsdiqini tapdı.
Fürsətdən istifadə edərək, bir daha təşviqat kampaniyası dövründə etdiyiniz köməyə, göstərdiyiniz qonaqpərvərliyə görə sizə - 17 saylı Yasamal üçüncü seçki dairəsinin hər bir sakininə dərin təşəkkürümü bildirirəm. Eyni zamanda, sizi bu qələbə münasibətilə təbrik edirəm. Çünki bu, bizim ümumi zəfərimizdir!
Bu tarixi gündə sizi əmin etmək istəyirəm ki, üzərimə düşən hər bir vəzifəni layiqincə yerinə yetirəcək, Milli Məclisdəki fəaliyyətim dövründə hər birinizin səsinə layiq olmağa çalışacağam. Əminəm ki, ölkəmizin daha da inkişafı bizim ümumi amalımıza çevriləcək!”