No Image
No Image

Eldar Namazov: “Bizim qələbəmiz tamdır, şəksizdir, heç bir amil onu şübhə altına ala bilməz”

Eldar Namazov: “Bizim qələbəmiz tamdır, şəksizdir, heç bir amil onu şübhə altına ala bilməz”

"Həmsədrlər Operativ Qərargaha SMS göndərə və 3 saatlıq ölkəyə daxil ola bilərlər”

Ermənistan kapitulyasiya sənədinə imza atsa da, ara-sıra təcavüzkar siyasəti özündə ehtiva edən sərsəmləmələri yenidən eşidirik. Tək-tük erməni siyasətçilər məğlubiyyətlə barışıb ölkəni xilas naminə Azərbaycanla əməkdaşlığa başlanılmasını təklif etsələr də, əksəriyyət ənənəvi xəstə yanaşmaları sərgiləməkdədir. Bu sırada Ermənistanın yeni xarici işlər naziri Ara Ayvazyanın gülünc iddiaları da davamlı xarakter almaqdadır. Bu mənada ehtimal var ki, Azərbaycan öz ərazilərini düşməndən azad etsə də, arxayınlaşmaq olmaz. Bu mövzuda söhbət etdiyimiz Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzinin direktoru Eldar Namazov "Yeni Müsavat”a ilginc fikirlər söylədi.

- Eldar bəy, necə hesab edirsiniz, Ermənistanla müharibəmiz bitdimi, yoxsa məkrli düşmənlə bizi növbəti savaş gözləyir?

- Demək olar ki, müharibə bitdi, ancaq mübarizə, mücadilə davam edir. Mən hesab edirəm ki, biz hərb yolu ilə qarşımıza qoyduğumuz məqsədlərin 90 faizinə nail olduq. Qarşımıza qoyduğumuz iki vacib məsələ var idi: torpaqlarımız işğaldan azad olunmalıdır və köçkünlərimiz doğma yurd-yuvalarına qayıtmalıdır. 44 günlük müharibənin nəticəsində erməni tərəfinin rəsmən etiraf etdiyi odur ki, Azərbaycan işğal olunmuş ərazilərin 75 faizini nəzarətinə qaytarıb. Daha dəqiq desək, bu, 80 faizdən yuxarıdır. Ona görə ki, de-fakto bəzi rayonların bir hissəsi bizdədir. Biz artıq Xocavəndin böyük hissəsini, Xocalının, Əsgəranın, Ağdərənin bəzi kəndlərini də müharibə yolu ilə azad etmişik.

İkinci vacib məsələ köçkünlərin yurd-yuvasına qayıtması ilə bağlıdır. Köçkünlərin haradasa 95 faizi Azərbaycanın nəzarətində olan ərazilərə qayıdacaqlar. Ona görə ki, azad olunmuş ərazilər məhz azərbaycanlıların sıx yaşadığı ərazilərdir. O cümlədən Qarabağın dağlıq hissəsində azərbaycanlıların ən sıx yaşadığı ərazi Şuşa şəhəri idi, onu da azad etdik. Ona görə də bütövlükdə Qarabağa qayıdacaq köçkünlərin 95 faizi bizim nəzarətimizdə olan ərazilərə qayıdacaq. Qalan 5 faizinin də qayıtması ilə bağlı bütün çıxışlarda, rəsmi bəyanatlarda qeyd olunur. Hətta Rusiya sülhməramlılarının rəhbərliyi və ya Ayvazyanın Lavrovla birgə Moskvada keçirdiyi mətbuat konfransında da qeyd olundu ki, təkcə erməni qaçqınlar yox, azərbaycanlılar da qayıtmalıdır və orada təhlükəsiz, rahat yaşamaq üçün tam şərait yaradılmalıdır. Ona görə də demək olar ki, Qarabağ zonasından olan qaçqınlarımızın bu problemi yüz faiz həllini tapır. Bu mənada, həm ərazilərin azad olunması, həm köçkünlərin yurd-yuvalarına qayıtması baxımından hesab edirəm ki, biz hərb yolu ilə istədiyimizin 90 faizinə nail olmuşuq. Bir məsələdə təqribən 80 faizlik nəticə var, digər məsələdə isə yüz faizlik. Hərb yolu ilə istədiyimizin 90 faizinə nail olmuşuqsa, qalan 10 faizə nail olmaq üçün də imzalanan üçtərəfli sazişdə, yaranmış durumda da bizim tam imkanlarımız var, bunun qarşısını almaq mümkün olmayacaq. Ona görə də mən hesab edirəm ki, bizim qələbəmiz tamdır, şəksizdir, heç bir amil onu şübhə altına ala bilməz.

- Yəni biz həm Xankəndi, həm Xocavənd, həm Xocalıda olacağıq...

- Bəli.

- Ermənistanın hazırda düşdüyü vəziyyəti necə qiymətləndirmək olar?

- Ermənistan işğal etdiyi Qarabağdan tam çəkilməli oldu. İndi sülhməramlılar olan hissədə və Hadrut meşələrində onların bir qisim hərbçiləri qalıb, onlar da oradan çıxmalıdır. Bizdə olan məlumata görə, ermənilər müraciət edirlər ki, bizim burada qalmağımız qeyri-mümkündür, biz təslim olmaq istəyirik. Sadəcə olaraq, Azərbaycana təslim olmaq yox, sülhməramlılar vasitəsilə buradan çıxmaq istəyirik. Yəni Ermənistan Dağlıq Qarabağa bütün təsir imkanlarını itirib. Yalnız Laçın dəhlizində kommunikasiya imkanı qalıb. Bir tərəfdən sülhməramlı qüvvələr həmin dəhlizə nəzarət edirlər, digər tərəfdən, Azərbaycan qoşunları da dəhliz boyunca yerləşdirilib. Yaxın günlərdə fəaliyyətə başlayacaq Monitorinq Mərkəzində qardaş Türkiyənin də hərbçiləri bütün bu işlərin monitorinqi keçirəcəklər. Ermənistanın özünün düşdüyü vəziyyətə qalanda, işğalçı ölkə demək olar ki, müharibə nəticəsində ordusunu tam itirib. Müxtəlif hesablamalara görə, Ermənistan ordusunun canlı qüvvəsinin təqribən 30-40 faizi ya məhv edilib, ya da yaralanıb. Hərbi texnikanın 60 faizdən yuxarısı məhv edilib, yaxud Azərbaycan Ordusu tərəfindən qənimət kimi götürülüb. Bu itkiləri bərpa etmək qeyri-mümkündür. Ermənistanda demoqrafik vəziyyət fəlakət xarakteri daşıyır. Müharibədən əvvəl də onlar rəsmən qeyd edirdilər ki, Ermənistanda 2 milyon 900 mindən bir az çox əhali qeydiyyatdan keçib. Ancaq BMT-nin müvafiq strukturları və Ermənistanın rəsmi strukturları etiraf edirdilər ki,  1 milyon 100 mindən artıq erməni yalnız kağız üzərində qeydiyyatdan keçib, xaricdə məskunlaşıblar. Faktiki olaraq Ermənistanın əhalisi 1,8 mln.-dan bir az çox idi.

"Ermənistan Dağlıq Qarabağa bütün təsir imkanlarını itirib”

- Nə qədər gülünc səslənsə də, Nikol Paşinyan hakimiyyətə gələndə Ermənistan əhalisinin sayını 2050-ci ilədək 5 milyona çatdırmağı qarşısına məqsəd qoymuşdu...

- Bu müharibədən sonra Ermənistanda yeni bir emiqrasiya dalğası gözlənilir, yüz minlərlə erməni Ermənistanı tərk edəcək. Qalan əhalidə də çox ciddi disproporsiya yaranıb. Çünki Ermənistanı tərk edənlər əsasən gənclərdir. Bu müharibədəki itkilərin də əsasını gənclər təşkil edir. Ona görə də bu demoqrafik balansı nəinki müsbətə doğru dəyişmək, heç qoruyub-saxlamaq da mümkün olmayacaq, əhali sayı kəskin aşağı düşəcək. Əslinə qalsa, müharibədən əvvəl Ermənistan əhalisi Bakı şəhərinin əhalisinin 75 faizini təşkil edirdi. Ancaq dediyim amillərdən sonra ona gətirəcək ki, yaxın illərdə bütün Ermənistanın əhalisi Bakı şəhər əhalisinin yarısı qədər olacaq. Ona görə də nə demoqrafik, nə hərbi-texniki, nə ordunun formalaşdırılması baxımından Ermənistan aldığı zərbənin altından on illərlə çıxa bilməyəcək. Bəlkə də heç vaxt çıxa bilməyəcək. Ona görə də mən hesab edirəm ki, yaxın on illərdə Ermənistan tərəfindən Azərbaycana hərbi təhlükə gözlənilmir. Onların indi yeganə imkanı hansısa beynəlxalq təşkilatlarda, beynəlxalq diplomatik danışıqlarda hansısa bir illüziya xarakteri daşıyan məsələlər qaldırmaqdır.

- Məsələn, Qarabağın statusu məsələsi kimi...

- Bəli. Belə bəyanatlar çox gülməlidir, ona fikir verməyə dəyməz. Artıq üçtərəfli sazişin nəticələri dünya tərəfindən qəbul olunur. ATƏT-in xarici işlər nazirlərinin konfransında Minsk Qrupunun həmsədrləri bəyanat yayıblar, artıq Fransa və ABŞ da həmin bəyanatda etiraf edir ki, bu sazişi tanıyırlar və onun həyata keçirilməsini dəstəkləyirlər. Ancaq təbii ki, bu geopolitik savaşda udan və uduzan tərəflər var.  Udan tərəf Azərbaycandır, qardaş Türkiyədir və Rusiyadır. Uduzan tərəfsə Ermənistan, Fransa, ABŞ-dır. Ona görə də uduzan tərəfdə təbii ki, bu, qıcıq doğurur. Onlar fikirləşirlər ki, hansı üsullarla Azərbaycanın qələbəsinə kölgə salmaq olar. Ancaq onların əlində belə bir imkanlar yoxdur. Biz Minsk Qrupunun tərkibinə baxsaq, orada təmsil olunan 11 ölkə arasında Azərbaycanın mövqeyini dəstəkləyən və bizə kifayət qədər yaxın olan ölkələrin sayı daha çoxdur, nəinki Ermənistanı dəstəkləyən. Həmsədrlik institutunda müəyyən disbalans var ki, həm Fransada, həm Rusiyada, həm də ABŞ-da güclü erməni diasporu var idi. Ancaq biz öz qələbəmizlə və Rusiya, Türkiyə və Azərbaycan arasında əldə olunmuş müəyyən razılıqlarla bizə qarşı olan cəbhəni də parçaladıq. Rusiya bizim qələbəmizi tanıdı, onun altından imza atdı, möhür vurdu, Ermənistanı da bunun altından imza atmağa gətirdi. İndi artıq həmsədrlər arasında ciddi savaş başlayıb.

- Həmsədrlər yenə də regiona gəlmək istəyirlər. Eyni zamanda status məsələsini qabardan Fransa başda olmaqla, həmsədrlərdir. Bu mənada onlara cavabımız necə olmalıdır?

- Bütün bu bəyanatlar oyun qurtarandan sonra arxadan topuğa dəyən xırda daşlardan başqa bir şey deyil. Fikir verin, Ermənistanın yeni xarici işlər naziri Ayvazyanla Lavrovun birgə mətbuat konfransında Rusiya XİN rəhbəri qəflətən, heç bu haqda sual olmadan qayıtdı ki, Minsk Qrupunun həmsədrləri deyəndə əvvəlcə Rusiya və ABŞ var idi, Fransa orada yox idi, sonra Fransa qoşuldu, özü də onların xahişi ilə onları qəbul etdik. Bu, ilk dəfə səslənən fikirlərdir. Diplomatik dildən sadə dilə tərcümə etsək, o deməkdir ki, sizi o vaxt xahişinizlə prosesə qoşmuşuq. Özünüzü adam kimi aparın, artıq-əskik hərəkətlər etməyin! Minsk Qrupunun həmsədrlərinin gələcək fəaliyyəti ilə bağlı sual veriləndən Lavrov məsləhət gördü ki, həmsədrlər orada tarixi,  mədəniyyət abidələrinin qorunması ilə bağlı işlər görə bilərlər. Yəni açıq istehza ilə buna yanaşdı.  Status  məsələsini arqument gətirmək üçün ermənilərin və ermənipərəst qüvvələrin əlində heç bir əsas qalmayıb. Ona görə ki, hətta Madrid prinsiplərində və Minsk Qrupunun həmsədrlərinin keçirdiyi görüşlərdə, verdiyi bəyanatların hamısında qeyd olunurdu ki, status məsələsi müzakirə olunmalı deyil. Çünki bununla bağlı razılığa gəlmək mümkün deyil. Ona görə də torpaqlar azad olunmalı, köçkünlər yurd-yuvalarına qayıtmalıdır, kommunikasiyalar açılmalıdır, təhlükəsizlik məsələləri həllini tapmalıdır. Gələcəkdə isə nə vaxtsa status müzakirə oluna bilər. Ona görə də indi status məsələsinin həllini tapmadığını bəhanə gətirmək çox gülməlidir. Minsk Qrupunun elə bütün fəaliyyətinin əsas prinsiplərindən biri o idi ki, statusu müzakirə etmək olmaz, ona görə ki, bununla bağlı razılıq da əldə oluna bilməz. Bu, o deməkdir ki, onların əlində, ümumiyyətlə, ciddi bir arqument qalmayıb.

"Yaxın illərdə bütün Ermənistanın əhalisi Bakı şəhər əhalisinin yarısı qədər olacaq”

- Belə olan təqdirdə rəsmi Bakı Minsk Qrupunu ölkəmizə buraxmalıdırmı?

- Həmsədrlər yalnız SMS-lə icazə ala bilərlər. Bizdə artıq sərt karantin tətbiq olunur. Operativ Qərargaha SMS göndərə və 3 saatlıq ölkəyə daxil ola bilərlər. Bu müharibə nəticəsində Azərbaycan təkcə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yox, eyni zamanda Minsk Qrupunun hazırladığı Madrid prinsiplərinin 90 faizini müəyyən korrektələrlə həyata keçirdi. Yəni biz həm BMT-nin, həm də ATƏT-in işini gördük. Kommunikasiyalar açılmalıdır. Laçın dəhlizi işləyir və Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirən kommunikasiyalar da açılacaq. Yəni Minsk Qrupu üçün artıq burada bir şey qalmayıb. Hələ də bunu hiss eləmirlər, çətin barışırlar ki, onların iştirakı olmadan bütün bu məsələlər öz həllini tapıb. Ancaq geopolitikada belə emosional yanaşmalar olmaz. Artıq proses baş verib, bütün tərəflər bunu baş vermiş fakt kimi qəbul etməlidir və arxadan belə boş-boş bəyanatlar, çağırışlarla reallığı dəyişmək mümkün deyil.

- Və 10 dekabrda dünyanın diqqəti Bakıdakı möhtəşəm hadisəyə - Türkiyə və Azərbaycan prezidentlərinin qəbul edəcəyi Zəfər paradına dikiləcək. Bu tarixi hadisə ilə bağlı nə deyə bilərsiniz?

- Təbii ki, bu, Azərbaycanın yeni tarixində ən şanlı səhifələrdən biridir. 200 ildən artıq dövrdə biz torpaqlarımızı ancaq itirirdik. Ötən iki əsrdə ilk dəfə olaraq Azərbaycan itirilmiş torpaqlarını qaytarır, böyük, bütün dünyanı heyran edən zəfərlə. Təbii ki, bu, daim bizim milli kodlarımızda qızıl hərflərlə yazılan zəfərdir. Biz hər dəfə bu Zəfər gününü qeyd edəndə şəhidlərimizi yad edəcəyik. Hər dəfə şəhidlərimizi yad edəndə deyəcəyik ki, onların şücaəti, qəhrəmanlığı hesabına biz böyük bir zəfər qazandıq. Hər bir azərbaycanlının ürəyində, fikrində bu böyük səfər və şəhidlərimizə hörmət yan-yana, əbədi qalacaq. Bu, artıq bizim milli kodumuzda qızıl hərflərlə yazılan bir tarixdir. Allah şəhidlərimizə rəhmət eləsin! Onların valideynləri qarşısında baş əyirəm, anaların əllərindən öpürük. Azərbaycan ordusuna, hər bir əsgərdən generalına, Ali Baş Komandanadək hər kəsə, bu qələbəni bizə bəxş etdiklərinə görə təşəkkür edirik.

(musavat.com)

Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Hikmət Hacıyev “Atlantic Council” xəbər agentliyinə müsahibə verdi - VİDEO

Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Atlantic Council" xəbər agentliyinə ...

Vaqif Əsədov: “Piyadaların səhlənkarlığı avtomobil qəzalarına zəmin yaradır” - MÜSAHİBƏ

Son dövrlərdə avtomobil qəzalarının sayında azalma müşahidə edilir. Bəlkə də çoxumuz bu kimi halların azalmasını pandemiya dövrü və əhalinin böyük hissəsinin ka...

Siyavuş Novruzov: “Karyerdə daş atmışam, günə 10 manat…”

Milli Məclisin deputatı Siyavuş Novruzov müzakirəyə səbəb olan "Təhsil haqqını ödəyə bilməyən tələbə dərsdən sonra işləsin” açıqlaması barədə fikrini bildi...

İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verdi

Prezident İlham Əliyev yanvarın 18-də Sumqayıt Kimya Sənaye Parkında "Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, "Glassica” QSC-nin şüşə tara məhsullarının i...

"Xarici donorların Azərbaycana cəlb olunması çox vacibdir" - MÜSAHİBƏ

Ramin Hacılı: "QHT nümayəndələri ölkəmizin beynəlxalq siyasətində aparıcı rol almalıdır” Azərbaycan Avropa Hərəkatının rəhbəri, politoloq Ramin Hacılı Qay...

Soltan Məmmədov: Azərbaycanda tətbiq olunacaq "CoronaVac” peyvəndi tələb olunan standartlara uyğun bütün sınaq mərhələlərindən keçib

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədovun APA-ya müsahibəsi: - Azərbaycanda COVID-19 əleyhinə peyvəndlərin tətbiqinə başlanılır. Sizcə pe...