Dünyanın 50 ən güclü ordusu sırasında olan Azərbaycan Ordusu çox yüksək peşəkarlığa malikdir

Dünyanın 50 ən güclü ordusu sırasında olan Azərbaycan Ordusu çox yüksək peşəkarlığa malikdir
 Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin iyunun 25-də Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında iştirakı və oradakı çıxışında səsləndirdiyi fikirlər ordu quruculuğu tariximizdə mühüm səhifə açdı.

Bu fikri azərtac-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Deputat qeyd edib ki, COVID-19-un tüğyan etdiyi bir dövrdə proqnozdan kənar 3,5 milyardlıq vəsaitin virusla mübarizə tədbirləri çərçivəsində xərclənməsi, ölkə iqtisadiyyatında 1,7 faizlik azalmanın müşahidə olunduğu bir vaxtda ordu quruculuğu prosesinin intensivləşdirilməsi, dövlətimizin başçısının əhəmiyyətli maliyyə yüklü bir sıra sosial addımların anonsunu verməsi vacib məsələlərdir. Dünyanın iqtisadi böhranla üzləşdiyi bir dövrdə Azərbaycanda bütün hərbi hissələr, hərbi şəhərciklər və bazaların 90 faizi faktiki olaraq yenidən qurulub. Prezident İlham Əliyevin özünün açıqladığı kimi, qalan 10 faizi isə maksimum iki il ərzində tam müasir vəziyyətə gətiriləcək. Həmçinin orduda 20 il qüsursuz xidmət edən 419 zabitə bu ilin sonunadək plandan əlavə dövlət tərəfindən mənzillər verilməsi qərarı elə Ali Baş Komandanın da dediyi kimi, dünya praktikasında çox nadir hallarda müşahidə olunan mənzərədir, xüsusən də böhran şəraitində. Kifayət qədər riskli görünsə də, əslində dəqiq hesablanaraq atılan bu addımlar bir sıra strateji məqsədlərə xidmət edir. İlk olaraq aydındır ki, yaradılan şərait və dövlət qayğısı hərbi xidmətin yüksək səviyyədə təşkilinə, onların döyüş qabiliyyətinin artırılmasına yönəlib.

"Prezident açıq şəkildə bəyan edir ki, bu gün beynəlxalq münasibətlərdə "kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir. Bu, o deməkdir ki, mövcud tarixi şəraitdə güc hüququ üstələyir. Dövlət başçısının ötən il "Valday” Beynəlxalq Diskussiya Klubunun toplantısı ərəfəsində verdiyi müsahibədə dediyi kimi, BMT-nin Təhlükəsizlik Şurası bəzən qətnamələri bir neçə günə yerinə yetirir, bizə gəldikdə isə qətnamələr 25 ildən artıqdır ki, kağız üzərində qalır. Beynəlxalq hüquq dünyadakı vəziyyətin əsas amili olmalıdır. Amma gerçəklik belədir ki, bu, baş vermir. Bütün bunların fonunda istər ərazilərinin işğal altında qalması, istər BMT-nin Təhlükəsizlik Şurası kimi ali təsisatın hərəkətsizliyindən doğan mövcud status-kvo təbii ki, Azərbaycanı və təcrübəli diplomat kimi Azərbaycanın dövlət başçısını qane edə bilməz. Əgər müasir beynəlxalq münasibətlər sistemində problemin həllində "güc” amili əsasdırsa, o zaman Azərbaycanın da güclü ordu istəyi tam qəbulediləndir”, - deyə B.Məhərrəmov qeyd edib.

Deputat əlavə edib ki, Azərbaycanda ordu quruculuğu təkcə fiziki güc, müasir silah və texnika amillərinə əsaslanmır. Ali Baş Komandan Azərbaycan Ordusunda hər bir əsgər, kursant və zabitin ilk olaraq ideoloji cəhətdən silahlanması tələbini qoyur. Prezidentin özünün dediyi kimi, ölkəmizin tarixi ilə əlaqədar hər bir əsgərdə, zabitdə dolğun təəssürat olmalıdır, onlar bilməlidir ki, bugünkü Ermənistan Azərbaycan torpaqlarında formalaşıb. Bu, əslində Azərbaycanın ordu quruculuğu tarixində bir ilk, çox incə hərbi-diplomatik bir manevrdir.

Diqqəti cəlb edən daha bir vacib məqam Azərbaycanın yalnız öz gücünə güvənməsidir. Hərbi hissənin açılışında Prezident İlham Əliyev çox sadə ritorik sual qoydu və özü də cavablandırdı: "Bir ölkə varmı ki, bizə pulsuz, müftə nəsə verib. Belə bir ölkə yoxdur, heç vaxt da olmayıb, o cümlədən hərbi sahədə. Nəyi əldə etmişiksə, öz hesabımıza əldə etmişik”. Həqiqətən də hər bir dövlətin özünün milli maraqlarının olması təbiidir və Prezident İlham Əliyev də bu amili nəzərə alaraq Azərbaycanda Müdafiə Sənayesi Nazirliyini formalaşdırıb. Hazırda Azərbaycan dilənçi Ermənistandan fərqli olaraq özü-özünü pilotsuz aparatlar daxil olmaqla, 1300-dən çox adda hərbi təyinatlı məhsulla təmin edir. Üstəlik rəsmi Bakı beynəlxalq səviyyədə hərbi ixracatçıya çevrilib.

Bu gün dünyanın 50 ən güclü ordu sırasında olan Azərbaycan Ordusu çox yüksək peşəkarlığa malikdir. Bütün bunlar ordu quruculuğunun Azərbaycan modeli - Azərbaycan standartıdır. Nəticə isə göz önündədir, gücümüz artdıqca, hədəflərimiz genişləndikcə bizimlə hesablaşanların sayı da artmaqdadır.

OXŞAR XƏBƏRLƏR