Rusiya Ukraynaya qarşı taktiki nüvə silahından istifadə edəcək? - AÇIQLAMA
Son günlər Rusiya-Ukrayna cəbhəsində baş verən hadisələr dünya mediasının maraq obyektindədir. Kiyevin Kursk vilayətinə hücumu bir sıra sualların da yaranmasına səbəb olub. Bunlardan biri də “Rusiya Ukraynaya qarşı taktiki nüvə silahı tətbiq edə bilərmi?” sualıdır.
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Şahin Cəfərli Rusiya “Telegram” kanallarında adının çəkilməsini istəməyən diplomatik mənbəyə istinadən bu mövzuda maraqlı məlumatın yayıldığını bildirib.
Onun sözlərinə görə, həmin mənbə qeyd edib ki, Kursk hadisələri ilə əlaqədar Moskvanın nüvə silahına əl atması mümkün deyil: “Diplomatik mənbə deyib ki, nüvə silahının tətbiqi beynəlxalq səviyyəli fövqəladə hadisə olar. Moskva bu addımla bağlı həm dünya siyasətinə təsirlərini, həm də nüvə dövlətlərinin mövqeyini nəzərə almalıdır. “Rusiyanın tərəfdaşları Çin və Hindistan, ümumiyyətlə, bu məsələnin qoyuluşuna qarşıdırlar. Vaşinqtonun mövqeyi məlumdur – onlar bu halda qeyri-nüvə xarakterli zərbə ilə cavab verəcəklər. Britaniya isə Ukraynaya taktiki nüvə silahı verməyi nəzərdən keçirəcək” – həmin mənbə əlavə edib. Onun sözlərinə görə, hərbi əməliyyat zonasında taktiki nüvə silahının tətbiqi Ukrayna ordusunun kapitulyasiyasına səbəb olmayacaq və Rusiyanın ciddi təcridinə, ağır beynəlxalq böhranın yaranmasına aparıb çıxaracaq”.
Ş.Cəfərli xatırladıb ki, hazırda ATACMS taktiki ballistik raketləri ilə Rusiya ərazisinə zərbə endirilməsinə icazə verilməsi üçün Kiyev və Vaşinqton arasında danışıqlar gedir:
“Ötən gün Kiyevə gələn ABŞ senatorları – demokrat Riçard Blumental və respublikaçı Lindsi Qrem Kursk əməliyyatına tam dəstək ifadə edərək Ukraynaya hər cür silahın verilməsi üçün Baydenə təzyiq göstərəcəklərini bildiriblər”.
Günay