24.000 illik körpə qalıqları insan tarixini yenidən yazdı

24.000 illik körpə qalıqları insan tarixini yenidən yazdı

Təxminən 24500 il əvvəl Portuqaliyanın mərkəzindəki Lapedo vadisində 4 yaşlı uşaq kəfənə bükülmüş şəkildə dəfn edilib. Alimlərin kəşf etdiyi kimi, bu uşaqda həm müasir insanların, həm də neandertalların gözlənilməz birləşməsi olub.

 

Sfera.az bildirir ki, Lapedo uşağı kimi tanınan skelet 1998-ci ildə tapılıb. Bu kəşfdən əvvəl müasir insanların yalnız Şərqi Afrikada təkamül etdiyi və daha sonra Neandertallar kimi ibtidai insanları sıradan çıxararaq Avrasiya boyunca köç etdiyinə inanılırdı.


Bu ənənəvi rəvayət müasir insanların və neandertalların fərqli növlər olduğunu, bir-biri ilə cütləşə bilmədiyini və sonuncunun birincini əvəzlədiyini güman edirdi. Lakin Lapedodan olan uşaq skeleti bu fikri təkzib edərək, onların arasında cütləşmənin nəinki mümkün olduğunu, həm də geniş yayıldığını göstərdi.

 

Çox güman ki, kişi cinsinə aid olan uşaq həm çənə forması və daxili qulağının quruluşu ilə müasir insan xüsusiyyətlərinə, həm də möhkəm bədən quruluşu və ayaqları ilə neandertal xüsusiyyətlərinə malik idi. Bu kəşf antropoloqlar arasında onun bəşər tarixi üçün əhəmiyyəti ilə bağlı gərgin müzakirələrə səbəb oldu.


Skelet tədqiqatında müəlliflər uşağın neandertalların yoxa çıxmasından bir neçə min il sonra yaşadığını və buna görə də qarışıq əhalinin önəmli hissəsinin nəslindən olduğunu bildiriblər. Yəni insanlarla neandertallar arasında cütləşmə populyasiya səviyyəsində baş verib.

 

Tapıntı əvvəlcə skeptisizmlə qarşılandı, bəziləri uşağın sadəcə qeyri-adi bir müasir fərd olduğunu irəli sürdülər. Lakin, 2010-cu ildə Afrikadan kənarda müasir insanların Neandertal DNT-sinin izlərini daşıdığı təsdiqlənib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR