Deputat: “İnkisaf etmiş özəl sektor güclü iqtisadiyyatı olan dövlət deməkdir” - MÜSAHİBƏ

Deputat: “İnkisaf etmiş özəl sektor güclü iqtisadiyyatı olan dövlət deməkdir” - MÜSAHİBƏ
 

Elnur Allahverdiyev: "Milli biznesi ayağa qaldırmaq üçün güzəştlər edilməlidir”


Modern.az Milli Məclisin yeni deputatı Elnur Allahverdiyevlə  müsahibəni təqdim edir.  

 

- Elnur müəllim, deputatlıq fəaliyyətinizdən öncəki dövrə qısa nəzər salmaq istərdik.  Sahibkarlıq sahəsində çalışmısınız. Bu öz yerində… İctimai sahədə də müəyyən fəaliyyətləriniz olub. Hazırda keçmiş sahibkar olaraq parlamentdə deputat kimi siyasi fəaliyyətinizi necə qurmusuz?


- Bildiyiniz kimi, fevralı 9-da Milli Məclisə keçirilən seçkilərdə deputat seçildikdən sonra Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq sahibkarlıq fəaliyyətimə son vermişəm. Yalnız "Azercell Telecom” MMC-nin Müşahidə Şürasının sədri vəzifəsində qalmışam ki, qanunla buna icazə verilir. Təbii ki, deputat olmadan öncə sahibkar kimi həm biznesdə, həm içtimai həyatda müəyyən uğurlar qazanmışam. Düşünürəm ki, bu təcrübəm mənə qanunverici orqandakı faəliyyətimdə kömək olacaq. Çünki bilirsiniz, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüyəm, özəl sektora, sahibkarların ehtiyaclarına yaxından bələdəm və bu təcrübəmi qanunvericilik prosesində həmkarlarımla bölüşməyə çalışıram. Qarşımda duran əsas vəzifə də budur: dövlətimizin güclənməsi, iqtisadiyyatımızın inkişafı, genişlənməsi, Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi islahatlardan irəli gələn tələblərin reallaşması naminə çalışmaq.

 

- Parlamentdə təmsil olunmağınız sizə həm də vətəndaşlarla birbaşa ünsiyyət imkanı verib. Düzdür, yeni parlamentin formalaşması pandemiya dövrünə təsadüf etdi. Bu da bir qədər deputatlarla seçicilərin sıx təmasına maneə oldu. Ancaq seçicilərlə onlayn, telefon vasitəsilə ünsiyyət qurmaq imkanlarınız var. Bu müddət ərzində seçicilərin əsas problemləri nədən ibarət olub?


- Dediyiniz kimi, Milli Məclisin altıncı çağırışının işə başlaması yeni növ koronavirus pandemiyasına təsadüf etdi. Bu baxımdan mənim, komanda üzvlərimiz – könüllülərimizin son iki ayda və bu günün özündə də əsas fəaliyyətimiz əhalinin aztəminatlı qisminə yardım etməkdən, "Covıd-19" virusundan qorunmaq üçün maarifləndirmə işinin aparılmasından ibarətdir. Tək bir faktı qeyd edim: Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatı ilə birgə sərtləşdirilmiş karantin rejiminin ilk günündən əhalinin aztəminatlı, ahıl, imkansız qismindən 1815 ailəyə ərzaq və gigiyenik məhsullar çatdırmışıq. Bu, tək bizim 17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə olan göstəricidir. Fürsətdən istifadə edib bizə dəstək verən Yasamal Rayon İcra Hakimiyyətinə, "Regional İnkişaf” İctimai Birliyinə və Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatına təşəkkürümü bildirirəm.

Təbii olaraq seçicilərin istəkləri, xahişləri, şikayətləri olur. Biz bunların həllində vasitəçi oluruq, həll yolunu tapmaq üçün müvafiq icra orqanlarına müraciət edirik, məktubları onlara yönəldib mütəmadi olaraq mövcud durumla maraqlanırıq. Məsələn, iki küçənin işıqlandırılmasına nail olmuşuq. Bu küçələrdə onillərdir ki, gecələr işıqlandırma yox idi. Bu işdə də Yasamal Rayon İH və "Azərişıq” ASC səsimizə operativ səs verib. Küçə və dalanların, binaların bəzilərinin həyətlərinin asfalt örtüyü arzuolunan vəziyyətdə deyil. Seçicilər bizə müraciət edirlər, biz də öz növbəmizdə icra strukturlarına…  Deyə bilərəm ki, indiyədək onların əksəriyyətinin də həllinə nail olmuşuq.

 

- Seçkiqabağı təşviqat dövründə siz rəqibiniz olan Cavad Cavadovun çağırışına qoşularaq, yaşlı qadına yardım əlinizi uzatdınız. Etiraf edək ki, bununla daha çox tanındız. Ancaq bu reaksiyanıza iki formada yanaşıldı. Ya siz özünüzü diqqətdə saxlamaq üçün bunu etmişdiniz, ya da insani keyfiyyətlərinizdən irəli gəlmişdi. Maraqlıdır, kənardan özünüzə hansı reaksiyanı sərgilədiz?


- Açığını deyim ki, həmin anda kimin nə düşünəcəyini, bunu necə və hara yozacağını düşünməmişdim. Ortada çətin vəziyyətdə olan yaşlı, kimsəsiz qadın vətəndaşımız var idi və belə hallarda məncə, önə vətəndaş həmrəyliyi anlayışı çıxmalıdır. O vaxt hər şey çox tez baş verdi, komanda üzvlərim bildirdilər ki, Cavad müəllim belə bir çağırış edib. Oturub müzakirə etdik və cəld qərara gəldik ki, bu çağırışa cavab verməliyik. Təəssüf ki, bizdən başqa cavab verən olmadı və biz ikimiz Solmaz xanımla görüşüb, onu dinlədik.

- Hər halda, razılaşarsınız ki, eyni yer uğrunda mübarizə aparan rəqiblərin bir araya gəlməsi kütləvi müşahidə olunan hal deyil.


- Bilirsiniz, elə anlar var ki, rəqabəti, fərqli siyasi görüşləri, umu-küsünü kənara qoymaq lazımdır. Məsələn, müharibə, təbii fəlakət halında. Məncə, həmin anda da bu yazılmamış qanun işə düşməliydi ki, biz bunu nümayiş etdirdik. O ki qaldı qərəzli rəylərə və reaksiyalara, Cavad Cavadovla mən seçkilərdə rəqib idik və hamı bu rəqabətin necə sərt keçdiyini xatırlayır. Biz görüşdən sonra bir-birimizə təşəkkür etdik və seçki təbliğatımızı davam etdirdik.

 

- Deputat olduğunuz dairədə məşhur "Sovetski” adlanan ərazi var. Orada məhəllələrin sökülməsi birmənalı qarşılanmır. Ümumiyyətlə, köhnə və tarixi yerlərin, tikililərin sökülərək çoxmərtəbəli yaşayış yerləri ilə əvəz olunmasını necə qiymətləndirirsiz?


- İcazənizlə bir dəqiqləşdirmə aparım. Bu əraziyə "Sovetski” adı sovet dövründə verilib. Əslində isə tarixi adı "Bayırşəhər”dir. İçərişəhər və Bayırşəhər. Bir də Qaraşəhər. Burada yaşayan yaşlı nəslin nümayəndələri yaxşı bilir. Yeri gəlmişkən, Bayırşəhərdə elə ailələlər var ki, burada məskunlaşmalarının iki əsrlik tarixi mövcuddur.

Sualınızla bağlı deyə bilərəm ki, bu ərazidəki əhalinin köçürülməsi planı hələ ötən əsrin 50-ci illərindən, sovetlər birliyi dönəmindən mövcuddur. Ancaq böyük maliyyə tələb etdiyindən gerçəkləşdirilməmişdi. İndi şükürlər olsun, dövlətimizin kifayət qədər maliyyə imkanları və ehtiyatı var, ona görə də proses mərhələ ilə həyata keçirilir. Təbii ki, uzun müddətdir yaşadığın yeri, evi tərk etmək sadə məsələ deyil. Ancaq gəlin razılaşaq ki, buradakı evlər bir sıra parametrlərə görə müasir şəhərsalma standartlarına nəinki cavab vermir, hətta çox uzaqdır. Bakı dünyanın ən gözəl və iri meqapolislərindən birinə çevrilib. Siması sürətlə dəyişən böyük şəhərlərdə şəhərsalma prosesi bir ahəngə, plana uyğun olmalıdır.

 

- Çox vaxt iş adamlarının parlamentdə təmsil olunmasına müxtəlif don geyindirirlər. Bəziləri düşünür ki, iş adamları şəxsi piar və nüfuz üçün parlamentdə təmsil olunmağı seçirlər. Bu cür iddiaları necə qiymətləndirirsiz?


- Bilirsiniz, deputat olmaq üçün xüsusi ali məktəb, ya fakültə oxumaq lazım deyil. Dünyanın heç bir yerində deputat hazırlayan ali təhsil ocağı yoxdur. Parlamentdə müxtəlif peşə sahibləri təmsil olunur, onları da xalq seçir. O cümlədən, iş adamını. Bu Konstitusiyanın verdiyi hüquqdur. Ona görə də belə mülahizələr məncə, əsassızdır. Mənimlə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində bir neçə həmkarım təmsil olunur ki, uğurlu sahibkarlıq fəaliyyəti ilə məşğul olublar. Bizim  şəxsi piara ehtiyacımız yoxdur. Əksinə, iqtisadiyyatı, özəl sektoru yaxından tanıyan keçmiş sahibkarlara iqtisadi qanunvericilik sahəsində  ehtiyac var.

 

- Sahibkarlıq sahəsində kifayət qədər təcrübəyə maliksiniz. Sizcə, parlamentdə bu sahə ilə bağlı hansı təkliflərə ehtiyac var?


- Prezident cənab İlham Əliyevin elan etdiyi geniş spektrli islahatların böyük bir qismi iqtisadiyyatda liberallaşmanı nəzərdə tutur. Xüsusilə pandemiya dövründə hökumətin həyata keçirdiyi iqtisadi siyasətin şahidiyik. Özəl sektora çox ciddi maddi dəstək və güzəştlər edilir. İndi Milli Məclisdə sahibkarlara dəstək üçün güzəştlər paketi müzakirə olunur. Çünki problem pandemiyadan əziyyət çəkmiş sahələrə maddi dəstəklə bitmir. Milli biznesi ayağa qaldırmaq və əvvəlki inkişaf səviyyəsinə çatdırmaq üçün ona  güzəştlər edilməlidir. Firkimcə, bizim əsas təkliflərimiz də məhz bu istiqamətdə olmalıdır, çünki dirçəlmiş və inkişaf edən özəl biznes nəticə etibarilə güclü iqtisadiyyatı olan dövlət deməkdir. Hələ sərt karantin rejiminin ilk günlərində təkliflə çıxış etdim ki, yaşlı vətəndaşlarımızın təqaüdlərini rahat almaları üçün banklarımız aralarında aparılan əməliyyatlardan tutulan məbləği ləğv etsinlər və təqaüdçülər pensiyalarını istənilən bankın bankomatından ala bilsinlər. Bu təklif qəbul olundu. "Sosial sığorta haqqında” Qanuna dəyişikliklə bağlı təklif etmişəm. Əgər sahibkar indiyə qədər əmək haqqı  fondunu 100% qoruyub saxlayırsa  və həmin əmək haqqı fondunda artım edirsə, işçi sayını saxlamaqla və ya işçi sayını artırmaq şərti ilə həmin artım üçün 1 il ərzində işçi maaşına görə özəl sektordan heç bir sosial sığorta haqqı tutulmasın. Bundan həm sahibkar qazanacaq, həm də dövlət. Dövlət büdcəsinə gələcək illərdə əlavə vəsaitin daxil olmasına şərait yaranacaq. Üstəlik, sahibkarlar üçün işçilərini rəsmi qeydiyyatdan keçirmək istiqamətində stimul olacaq.

 

- Bütün dünyanın bəlasına çevrilən koronavirus pandemiyasının yaratdığı çətinliklər sahibkarlar üçün də müəyyən problemlərə səbəb olub. Bir çox sahələrdə alıcılıq qabiliyyəti aşağı düşüb. Bunun aradan qaldırılması üçün nə kimi işlər görülməlidir?


- Bu məsələyə müəyyən mənada toxunduq. Dövlət sahibkarlara güzəştlər etməlidir və edir. Vergi Məcəlləsindən tutmuş "Sosial sığorta haqqında” qanunadək. Eyni zamanda, sahibkar fəaliyyətini qanuni müstəviyə keçirməli, vergi və ödəmələrdən yayınmamalı, işçiləri ilə rəsmi müqavilə imzalamalıdır. Yalnız bu halda o, dövlətin güzəştindən yararlana bilər.

İkinci məsələ isə ondan ibarətdir ki, real bazara ehtiyac var, bazar isə karantin rejimi yumşaldıqca, fəaliyyət bərpa olunduqca genişlənəcək. Pandemiya ümumdünya problemidir, bizdən də yan keçə bilməzdi. Şükürlər olsun ki, dövlətimiz bu sınaqdan minimum itkilərlə çıxır.

Fürsətdən istifadə edib sizin timsalınızda media təmsilçilərinə bu çətin işinizdə uğurlar arzulayıram. Pandemiya dövründə KİV xüsusilə fədakarlıq göstərdi, çünki əhalinin maarifləndirilməsi sizdən asılıdır. Eyni zamanda, medianın dövlətin əhalinin və özəl sektorun böhrandan çıxarılması üçün həyata keçirdiyi tarixi tədbirlərin mahiyyətini vətəndaşlara çatdırmaqda böyük zəhməti var. Elə qüvvələr var, nəzarətlərində olan media qurumları, sosial şəbəkələrdəki hesablarından hökumətin addımlarını qaralamaq, bilərəkdən yanlış şərh edib vətəndaşların diqqətini görülən pozitiv işlərdən yayındırmaq istəyirlər. Bu baxımdan, obyektiv məlumat yayan, vətəndaşlıq mövqeyini nümayiş etdirib əhalini gerçək informasiya ilə təmin edən, maarifləndirən media təmsilçilərinə bir daha təşəkkür edirəm.


 

OXŞAR XƏBƏRLƏR

“İpoteka kreditləşməsini genişləndirməkdə məqsədimiz, insanların mənzilə olan ehtiyaclarını ödəməkdir”

  Son zamanlar kommersiya bankları tərəfindən ipoteka kreditlərinin rəsmiləşdirilməsi istiqamətində böyük işlər görülür. Kommersiya bankları İpoteka və Kr...

Tanınmış həkim: “Bioloji olaraq kişi çox qadınla cinsi əlaqəyə girməlidir, qadın isə biri ilə” - MÜSAHİBƏ

Vasif İsmayıl: "Kimisə sataraq professor olublar” "Dini inanc çox vaxt insanın əxlaqsız tərəflərini qabardır” Tanınmış androloq-uroloq Vasif İsmayıl Mo...

Kürəyindən vurulan Milli Qəhrəman - FOTOLAR

 "Qardaşım nizami tabordan daha güclü könüllü taboru yaratmışdı. O, pərakəndə formada yaranmış məhəllə dəstələrini birləşdirə bilmişdi. Ramizə o qədər inan...

Ülvi Quliyev : "Uğurumuz "Biz birlikdə güclüyük!" devizi ilə yola çıxmağımızdır " - MÜSAHİBƏ

 Milli Məclisin Gənclər və İdman və Səhiyyə Komitələrinin üzvü deputat Ülvi Quliyev sabahinfo.az saytına müsahibə verib. Müsahibəsində əsas diqqəti COVID-1...

Azərbaycanda bu qədər adam koronavirusa yoluxacaq - 2021-Cİ İLƏ QƏDƏR...

Tibb üzrə fəlsəfə doktoru, tanınmış həkim Vasif İsmayılın koronavirusla bağlı Redaktor.az-a maraqlı müsahibə verib. O, bir çox məqamlara aydınlıq gətirib. ...

“Xalq böyükdən kiçiyə müharibəyə hazırdır” - MÜSAHİBƏ

 Bəhruz Məhərrəmov: "Xalqın ümid yeri Silahlı Qüvvələrimizdir və hər kəs Ali Baş Komandanın VUR əmrini gözləyir”   Bu gün Azərbaycanın Silahlı Qü...