COVİD-19 peyvəndi qripdən də qoruyurmu? - Açıqlama

COVİD-19 peyvəndi qripdən də qoruyurmu? - Açıqlama
Mövsümlə əlaqədar olaraq koronavirus peyvəndi ilə yanaşı qripə qarşı peyvəndləmə də aktuallaşır.

Koronavirusa qarşı peyvəndləmənin aparılmasını nəzərə alsaq, sözügedən vaksinin qripə qarşı da təsir olub-olmaması sual yaradır. Bundan başqa, qrip üçün istifadə olunan peyvəndlərin də koronavirusa qarşı əks təsiri maraqlıdır.

Mövzunu Sfera.az-a şərh edən Türkiyənin Biotexnologiya İnstitunun Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov koronavirus peyvəndinin digər mövsümi xəstəliklərə müəyyən mənada təsir edə biləcəyini deyib:
 
"Koronavirus vaksinində elə xüsusi spesifik qoruma qabiliyyəti yoxdur. Vaksin vurduran şəxs əgər digər mövsümi xəstəliklərə yoluxarsa, peyvənd sadəcə bu xəstəliklərin təsir gücünü müəyyən qədər azalda bilər. Çünki koronavirus vaksinləri məxsusi olaraq koronavirusa qarşı hazırlanıb. Müəyyən simptomların azalması məsələsi isə insandan asılıdır. Qripə qarşı vaksin də öz növbəsində koronavirusa təsir göstərməyəcək. Məsləhətlidir ki, mövsümdən asılı olaraq qripə də qarşı vaksin olunaq".

Müsahibimiz koronavirusun yeni mutasiyaları barədə də danışıb. Professor mutasiyaların qarşısının alınmasının imkansız olduğunu diqqətə çatdırıb:

"Mutasiya virusa xas olan əlamətdir və qarşısını almaq mümkün deyil. Mutasiya virusu daha yoluxucu və ya daha zəhərli edə bilər, eyni zamanda əks istiqamətdə inkişafına səbəb ola bilər. Bu baxımdan xəstəliyə yoluxmuş şəxslər maksimum dərəcədə  cəmiyyətdən təcrid olunmalıdır. Müxtəlif virusların daşıyıcısı olan şəxslərin təması isə xüsusilə təhlükəlidir. Çünki qeyd etdiyim kimi, rekombinasiya yolu ilə iki virus birləşə və yeni növ meydana gələ bilər. Yoluxduruculuğu yüksək olan növlərin ölüm yaratmaq təhlükəsi isə daha çoxdur".
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR