Zirvəni fəth edənlər - Everestə qalxan azərbaycanlılar

“Zirvəyə gedən yol çətin olsa da, iradə, vətən sevgisi və qürur hissi o yolu işıqlandırır”.
Everest (Çomolunqma) Yer kürəsinin ən yüksək zirvəsidir. Nepal və Tibet (Çin) sərhədində yerləşən bu zirvənin hündürlüyü 8848.86 metr təşkil edir. İlk dəfə 1953-cü ildə nepallı Tentsinq Norqey və yeni zelandiyalı Edmund Hillari tərəfindən fəth edilən Everest bu günədək minlərlə alpinistin arzusuna çevrilib.
Sfera.az bildirir ki, zirvəyə gedən yol, sərt iqlim, oksigen çatışmazlığı və ölüm zonası kimi ciddi risklərlə doludur. Buraya qalxmaq fiziki hazırlıqdan daha çox mənəvi dözüm və güclü iradə tələb edir.
Dağın 25 000 futdan yuxarı ərazisi təhlükəli şəraitə görə "Ölüm zonası" adlandırılıb. Yəni, göz görəsi, peşəkar olmayan alpinist hər an ölümə yaxalana bilər. Dağda 300-ə yaxın insan həlak olub. Everestə qalxmağa cəhd edən alpinistlərin təxminən 2%-i ölüb. Bu səbəbdən Everest dünyanın 7-ci ən ölümcül dağı hesab edilir. Dağ həm də “dünyanın ən hündür qəbiristanlığı” kimi tanınır.
Azərbaycan zirvədə – Tarixi fəthlər
Azərbaycanlı alpinistlər də Everest tarixində öz izlərini qoyublar. Hər bir çıxış öz dövrü üçün misilsiz və simvolik əhəmiyyət daşıyır
Everestin ilk azərbaycanlı fatehi - İsrafil Aşurlu (2007)
2007-ci ilin ci ilin mart ayının sonlarında "AlpIndustria" kompaniyasının "Yeddi zirvə klubu" proyekti çərçivəsində beynəlxalq eskpedisiya təşkil olunub. Ekspedisiyaya dünya şöhrətli alpinist Aleksandr Abramov rəhbərlik edib. Qrupda isə 17 alpinist, 4 bələdçi və 1 həkim yer alır. Alpinistlərdən biri də İsrafil Aşurlı idi. O, 19 mayda Bakı vaxtı ilə saat 02:30 radələrində, 7 nəfərdən ibarət qrupla Everestin zirvəsinə çatıb. Qeyd edək ki, İ.Aşurlu daha bir çox ilklərə imza atıb. Belə ki, o, Antarktida və Şimal qütbünü fəth etmiş ilk azərbaycanlıdır. Bunlardan başqa, 2009-cu ildə Qələbə (Pobeda 7439 m), 2011-ci ildə isə Kanqçencanqa (8586 m), 2019-cu ildə isə Lxotze (8516 m), Manaslu (8163 m), 2022-ci ildə Broud-Zirvəsi (8051 m) və 2023-cü ildə Makalu (8485 m) 2024-cü ildə Nanqa Parbat (8125 m) və Qaşerbrum II (8035 m) zirvələrlərinə çıxmış ilk azərbaycanlıdır. O, dünyanın bütün qitələrinin ən hündür zirvələrini fəth edən doqquzuncu alpinistdir.
Murad Aşurlı – Çoxşaxəli vətəndaşlıqla zirvəyə (2013)
Murad Aşurlı da 2013-cü ildə Everestə qalxmağa nail olub. Lakin bu uğura Rusiya və ABŞ vətəndaşı kimi imza atdığına görə, o, Azərbaycan adından çıxış edən alpinistlər siyahısında yer almır. Yenə də onun azərbaycanlı kökləri bu nailiyyətə milli baxışdan maraq doğurur.
Vadim Vokryaçko – 12 il sonra yeni fəth (2019)
İsrafil Aşurludan 12 il sonra, 2019-cu ildə daha bir azərbaycanlı alpinist – Vadim Vokryaçko Everestin zirvəsinə qalxaraq bu yolda ikinci azərbaycanlı kimi adını yazdırıb. Everestə olan rəsmi ekspedisiya 15 apreldə Tibetin paytaxtı Lhasa şəhərində başlayıb. Altı ölkədən və on şəhərdən olan iştirakçılar ekpedisiyada iştirak ediblər.
Elmira Aslanova – Everestdə ilk azərbaycanəsilli qadın (2023)
Elmira Aslanova 2023-cü ildə Everest zirvəsinə qalxan ilk azərbaycanəsilli qadın olub. Lakin o bu uğura Ukrayna vətəndaşı kimi imza atdığı üçün rəsmi olaraq Azərbaycan adından çıxış etməyib. Buna baxmayaraq, Elmira Aslanovanın bu uğuru da həm milli, həm də beynəlxalq alpinistlər üçün əhəmiyyətlidir. E.Aslanova və bütün Azərbaycan üçün bu böyük nailiyyət mayın 19-da ağır iqlim şəraitində, demək olar ki, bir ay davam edən ekspedisiyanın nəticəsidir.
Vəfa Musayeva – İlk azərbaycanlı qadın alpinist zirvədə (2024)
Vəfa Musayeva, 2024-cü ilin mayın 15-də Everesti fəth edərək Azərbaycan idman tarixinə düşən ilk qadın oldu. O, dünyanın ən yüksək zirvəsini fəth edən 3-cü azərbaycanlı alpinist kimi tanınır. Onun bu uğuru yalnız şəxsi zirvə deyil, həm də qadınların ekstremal idman növlərindəki potensialının canlı sübutudur. Bu qalxışla o, öz iradəsi və peşəkarlığı ilə yeni bir səhifə açdı.
Everest – Təkcə dağ deyil, məna
Everest sadəcə coğrafi yüksəklik deyil – bu zirvə insanın ruhunun, cəsarətinin və dözümünün sınandığı məkandır. Qarlı fırtınalar, -40°C temperatur, hər an dəyişən hava şəraiti və "ölüm zonası" adlandırılan 8000 metrdən yuxarı ərazi – bütün bunlar yalnız ən güclülərin zirvəyə çatmasına imkan verir.
Zirvəyə qalxan bayraq və qadın ruhunun qələbəsi
Vəfa Musayevanın uğuru xüsusilə qadın idmançılar üçün bir simvola çevrilib. Onun qalxışı sübut etdi ki, Azərbaycan qadını istənilən maneəni aşa bilər və dünyanın ən sərt zirvələrini fəth etməyə qadirdir. Elmira Aslanovanın uğuru da bu ruhun beynəlxalq simvoludur.
Azərbaycanın Everest tarixindəki iştirakçıları – İsrafil Aşurlu, Vadim Vokryaçko, Vəfa Musayeva, Elmira Aslanova və Murad Aşurlı – hər biri bu zirvədə bir millətin gücünü, iradəsini və arzularını təmsil edib. Onların uğurları təkcə alpinistlik tariximizə deyil, həm də milli ruhumuza əlavə güc verir.
Zirvəyə yüksəlmək hər zaman çətindir, amma mümkün olduğunu sübut edənlər bu gün qürurla Azərbaycan tarixinə yazılıb.
Firuzə Əliyeva
Sfera.az