Soltan Məmmədov: Kredit ballarının hansı suallar əsasında formalaşacağı maraqlıdır


Soltan Məmmədov: Kredit ballarının hansı suallar əsasında formalaşacağı maraqlıdır

“Sertifikasiya illərdir, müzakirə olunan məsələlərdən birdir. Bu gün sertifikasiya aparılmayan sahələrdə də kadrların bilik və bacarıqlarının qiymətləndirilməsi üçün işlər görülür”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsində deputat Soltan Məmmədov deyib.

 

Deputat qeyd edib ki, əsas sual sertifikasiya imtahanlarının beynəlxalq standartlara nə qədər cavab verib-verməməsi idi: "Bu layihənin qəbulundan sonra bu suala cavab tapılacaq, tibb müəssisələrinin, elmi müəssisələrin müvafiq akkreditasiyadan keçməsi üçün əsas yaradılacaq. Kredit ballarının hansı suallar əsasında formalaşacağı, bunun necə müəyyənləşəcəyi maraqlıdır və biz bu tədbirlərdə yaxından iştirak etməliyik. 6 aylıq humanist tədbirin görülməsini alqışlayırıq. Hər bir səhiyyə işçisi qarşısında olan suallara cavab tapacaq və bu yeni layihəni dəstəkləyəcək”.

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qeyd edib ki, Soltan Məmmədovun fikirlərini dəstəkləyir: “Həm kredit ballarının toplanmasında, həm də sertifikasiyada praktik, həkimə lazım olan məsələləri suala salmaq lazımdır. Bu layihə ortaya çıxana qədər bizə professorlar yazılı və şifahi müraciətlər edirdilər. Deyirdilər ki, elmlər doktoru, professoru niyə 5 ildən bir yenidən imtahan verməlidir? Həm də onlardan imtahan götürənlər həmin professorlardan titul baxımından aşağı pillədə dayanan şəxslərdir. Beləliklə, mənəvi-psixoloji çətinliklər də yaranırdı. Ona görə də bizim məqsədimiz o deyil ki, imtahanda həkimlərə çətinlik yaradan suallar qoyulsun. Təkcə həkimlər yox, orta tibb işçilərinə də nəzəri yox, praktik suallar vermək lazımdır. Məsələyə əsas humanizm məqsədilə yanaşılmalıdır. Yadımdadır biz Anatomiya dərsi keçəndə o qədər ağır suallar, mövzular salırdılar ki, sonradan o sualların 80%-i heç bizə lazım olmurdu”.

 

Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini Təranə Əhmədova da kredit balları ilə bağlı suallara münasibət bildirib: “Tədris və elmi tədbirlərin akkreditasiyasını Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası həyata keçirəcək. Bundan başqa, davamlı peşəkar inkişaf tədbirlərinin akkreditasiya qaydası və davamlı peşəkar inkişaf tədbirlərinin kredit ekivalentlərinin təsdiqlənməsi üçün tələblər də Səhiyyə Nazirliyi tərəfindən hazırlanaraq təsdiq olunacaq. Tibb işçilərinin kredit ekvivalenti çox fərqli olacaq. Məsələn, elmi fəaliyyətlə bağlı kredit ekvivalenti daha yüksəkdir”.


OXŞAR XƏBƏRLƏR