Uşaqlar bağçaya necə adaptasiya olunmalıdır? - Mütəxəssisdən AÇIQLAMA
Valideynlərin azyaşlı övladları ilə bağlı yaşadığı ən böyük problemlərdən biri də onları bağçaya göndərə bilməmələridir. Uşaq bağçasına ilk gəliş körpələr üçün böyük stress, valideynlər üçünsə həyəcanlı anlardır.
Bəs uşaqları bağçaya necə adaptasiya etmək olar?
Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Ləman Məmmədova bildirib ki, bağça dövrü uşaqların həyatında çox mühüm mərhələdir.
“Bildiyimiz kimi bağçaya ilk dəfə gedən uşaq valideynindən ayrılmaq istəmir. Onlar bu zaman qışqırıb ağlayır və aqressivləşirlər. Uşaqların belə davranışlar sərgiləməsi normal haldır. Çünki valideyn uşağı əvvəlcədən bağçaya hazırlamaq üçün heç bir tədbir görmür, yalnız problemlə qarşılaşanda əl-ayağa düşürlər. Uşaq bağçaya getməzdən əvvəl xüsusi hazırlıq mərhələsindən keçməlidirlər”.
Psixoloq qeyd edib ki, valideyn ilk növbədə bağça ilə bağlı mövzuları özü araşdırmalı və hər bir incə məqama diqqət yetirməlidir.
“Bağçanın nə olduğu uşaqlara izah edilməli və onlarda xoş təəssürat yaradılmalıdır. Ən yaxşı metodlardan biri də bağçanı uşaqlara əyani olaraq göstərməkdir. Onlar ara-sıra valideynlərindən uzaq qalmağa öyrəşməlidirlər. Valideynlər övladlarını qısa müddətlik etibar etdiyi insanlara təhvil verib onlardan uzaqda qalmalıdılar. Amma bunu ederkən tezliklə qayıdacağını da qeyd etməlidir. Evdə də bağça şəraitini quraraq, xüsusi oyunlar təşkil edərək bağçanın çox maraqlı yer olduğunu uşaqlara aşılamaq lazımdır”.
Ülkər Abdurahmanlı