İsti və soyuq hava elektromobillərə pis təsir göstərir - TƏHLİL

İsti və soyuq hava elektromobillərə pis təsir göstərir - TƏHLİL

Dünyada elektrikli avtomobillərin satışı getdikcə artır. Beynəlxalq Enerji Agentliyinin (IAA) hər il dərc etdiyi Qlobal Elektrikli Vasitələrə Baxış hesabatına görə, bu ilin birinci rübündə elektrik avtomobil satışları keçən ilin eyni dövrü ilə müqayisədə 25 faiz artıb. Azərbaycanda da elektrikli nəqliyyat vasitələrinə maraq böyükdür. Azərbaycanın yaşıl enerji sahəsində müəyyən etdiyi hədəfləri də nəzərə alsaq, hökumət ekoloji cəhətdən təmiz avtomobillərin idxalını dəstəkləyir. Belə ki, elektomobil idxalında artım 2024-cü ildə də davam edib. İlin ilk 2 ayında Azərbaycana 541 ədəd elektromobil gətirilib. Bu göstərici ötən ilin ilk iki ayının göstəricisindən (222 ədəd) 319 ədəd, yəni 2,43 dəfə çoxdur.  Bazarda elektromobillərin sayının artdığı günlərdə alıcıların ağlında da elektrikli avtomobillərin keyfiyyəti ilə bağlı suallar var. Xüsusən də havanın temperaturunun sözügedən avtomobillərin performansına təsiri insanları daha çox düşünüdürür. 

 

Sfera.az bildirir ki, kəskin isti və ya soyuq hava temperaturunun avtomobillərin mühərriklərinə təsir göstərməsi danılmaz faktdır. Bu siyahıya elektrikli avtomobillər də daxildir. Çünki elektrikli avtomobillər performans baxımından mövsümi şərtlərdən təsirlənə bilər. 

 

Norveç Avtomobil Federasiyası tərəfindən bir sıra elektrikli avtomobillərin sınaqları sübut etdi ki, soyuq hava elektromobillərin gediş məsafəsini azaldır. Elektromobillərin batareyası həddindən artıq temperaturlara həssas olan litiumdan ibarətdir. Daha aşağı temperaturlar litium-ion batareyalarında elektrolit mayesinin hərəkətini ləngidir, bu da enerji çıxışını və doldurma sürətini azaldır. Batareya isindikcə isə səmərəlilik müvafiq olaraq artır.

 

 

Tədqiqatlara görə, elektromobil gediş məsafəsinin 50 faizini mənfi 20°-də, 40 faizini mənfi 10°-də, 20 faizini 0°-də itirir. 40° istilikdən sonra isə avtomobilin performansı 80 faizə düşür və temperatur artıqca bu rəqəm azalır. Elektrikli avtomobillər üçün ən optimal temperatur isə orta hesabla, 21,5 dərəcədir.

 

Salonun temperaturu da batareya boşalmasının ən böyük səbəbidir. Avtomobilin içində temperaturun tənzimlənməsi batareyanın əhəmiyyətli resurslarını elektromobilin əsas əməliyyat funksiyalarından uzaqlaşdırır və beləliklə, batareyanın boşalmasına səbəb olur. Məsələ burasındadır ki, isti havadakı oksigen konsentrasiyası əhəmiyyətli dərəcədə aşağıdır. Ancaq mühərrikin normal işləməsi və yanacağın yanması üçün orta sərinlikdə oksigen lazımdır. 

 

Aktiv istilik idarəetmə sistemləri ilə təchiz edilmiş elektrik avtomobilləri batareyanın temperaturunu tənzimləmək üçün soyutma mexanizmlərindən istifadə edir. Bu sistemlər istilik yayılmasını aktiv şəkildə idarə edir, batareyanın hətta yüksək ətraf temperaturlarında belə optimal temperatur diapazonunda işləməsini təmin edir.

 

Ümumilikdə isə isti havalarda batareyanın temperaturunu izləmək və idarə etmək üçün qabaqlayıcı tədbirlər görmək vacibdir.

 

Onlardan bəziləri aşağıdakılardır:

 

Temperatur yüksək olduqda elektrikli avtomobil üçün edə biləcəyiniz ən böyük yaxşılıqlardan biri onu kölgəli yerdə saxlamaqdır. Bununla avtomobilin həddindən artıq isinməsinin qarşısını almaq olar. Elektrikli avtomobili uzun müddət birbaşa günəş işığı altında doldurmaq batareyanın zədələnməsi riskini artırır. Buna görə də, onu doldurarkən kölgəli yerləri seçmək lazımdır. Hətta isti havalarda bu proses üçün axşam saatlarını seçmək məqsədəuyğundur.

 

Yayda qazdan və əyləcdən nəzarətli şəkildə istifadə etmək lazımdır. Tez-tez əyləcdən istifadə avtomobilin batareyasının ömrünü qısalda bilər.

 

Kondisionerdən istifadə də avtomobilin batareyasına təsir göstərir. Kondisioner parametrləri və istifadə müddəti avtomobilin akkumulyatorunun daha tez tükənməsinə səbəb ola bilər.

 

Uzun müddət yüksək sürətlə sürmək elektromobillərin diapazonuna mənfi təsir göstərir. Zərurət olmadığı halda saatda 80 kilometri keçməmək lazımdır. Bundan əlavə, yüksək sürət həm də elektrikli avtomobillərin batareyanı daha tez istehlak etməsinə səbəb olur. Bu o deməkdir ki, isti havada avtomobilin batareyası daha tez-tez doldurmalıdır.

 

 

Havalar isindikcə uzun səyahətlər, pikniklər, dostlarla görüşlər və bir çox başqa tədbirlər aktual olur. Təbii ki, bu, nəqliyyat vasitələrinin baqaj yükünün artması deməkdir. Həddindən artıq çəki batareyanın diapazonuna təsir edə və onun həddindən artıq isinməsinə səbəb ola bilər.

 

Yay fəsli gələndə avtomobillərdən qış təkərlərini çıxarmaq lazımdır. Bu proses sürücünün təhlükəsizliyi üçün çox vacibdir. Bundan əlavə, doğru zamanda doğru təkərlərdən istifadə avtomobilin performansına təsir edən detaldır. 

 

Təbii ki, bu qabaqlayıcı tədbirlərlə isti havalalarda elektromobilin performansını az da olsa artırmaq olar. Lakin elektrik avtomobillərinin temperaturdan birbaşa təsirlənməsinin qarşısını almaq mümkün deyil. Bu problemin elektrikli avtomobillərin satışına təsirsiz qalmayacağı da dəqiqdir.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR