Ailədaxili problemlərin artmasının SƏBƏBLƏRİ - Münaqişələrin təməlində nə dayanır?

Ailədaxili problemlərin artması dövrümüzün qlobal problemlərindən biridir. Bu problemləri yaradan əsas səbəblər isə daima cəmiyyət üçün maraqlı olub.
Bəs ailədaxili konfliktlər niyə artır?
Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Gülər Məmmədova bildirib ki, ailədaxili münasibətlərin tənzimlənməsində vacib olan məqamlardan biri ünsiyyət qurmaqdır.
“Ailədaxili konfliktlərin artmasının əsas səbəblərindən biri tərəflərin bir-biri ilə ünsiyyət qura bilməməsidir. Belə münaqişələrin sosiomədəni səviyyəsi qarşılıqlı anlaşılmazlıqdan, tərəf müqabillərinin fikirlərinin, düşüncələrinin, dünyagörüşünün uyğun gəlməməsindən doğur. Ailədə maraqların toqquşması, yəni qadın və ya kişi üçün həyati əhəmiyyət kəsb edən dəyərlərin onun tərəf müqabili üçün qəbuledilməz olması faktı da özünü büruzə verir və nəticədə onların ünsiyyət, fikir mübadiləsində ortaq məxrəcə gələ bilməmələrinə səbəb olur. Ailə mühitinin harmoniyası pozulur, ciddi narazılıq, fikir ayrılığı yaranır. Belə olduğu təqdirdə zaman keçdikcə tərəflərdə soyuma halları yaşanır. Əsas məslələrdən biri də münasibətin əvvəlində qadın yoldaşını xoşbəxt etmək üçün hər istənilənə hə deyir. Müəyyən müddət sonra isə qadın yox deyəndə kişi təccüblənir. Bu zaman kişi daima onu anlayışla qarşılayan qadının dəyişdiyini düşünür. Bu da qadınların etdiyi böyük səhvlərdən biridir. Bir qadın kimisə xoşbəxt etmək üçün ondan istənilən hər istəyə hə deməməlidir”.
Psixoloq qeyd edib ki, insanların bir çoxu “zamanla düzələr” deyərək münasibətlərindəki problemləri gözardı edirlər.
“Lakin bu düzgün yanaşma deyil. Zamanla düzəlməsi problemin həlli istiqamətində addımlar atılmalıdır”.
Ülkər Abdurahmanlı