Bank ipotekaya xitam verərsə, əmlak vətəndaşa qalacaq? - Ekspertdən AÇIQLAMA

“İpoteka haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, bank tərəfindən ipotekaya xitam verilərsə, bu halda əmlak ipoteka sahibinə - yəni vətəndaşa qalacaq. Eyni zamanda, ipoteka götürən dünyasını dəyişərsə, bəzi hallarda varis krediti ödəməkdən imtina edə biləcək.
Maraqlıdır, bank hansı hallarda vətəndaşın xeyrinə ipotekaya xitam verə bilər?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bu məsələ anlaşıldığı kimi deyil:
“İpotekaya xitam verilərək əmlakının vətəndaşa qalması yalnız kreditin tam ödənilməsindən sonra baş verir. Əgər vətəndaş 25 illik kredit alıbsa və 24 il 11 ay ödəyib, son 1 ayı ödəməsə belə, həmin əmlak bankın tabeliyində olur. İpotekaya bank tərəfindən xitam verilməsində bəzi istisna hallar da ola bilir. Belə ki, biz bunu 44 günlük Vətən müharibəsində də gördük. Şəhidlərin kredit borcları banklar tərəfindən xitam verilərək bağlanıldı”.
Ekspert qeyd edib ki, ipoteka götürən şəxs vəfat etdikdə onun vərəsələri krediti ödəməkdə məsuliyyət daşımır:
“Hansısa hadisə baş verərsə, məbləğin sığorta şirkətləri tərəfindən qarşılanması üçün ipoteka alan şəxsin həm əmlakı, həm də özü sığortalanır. Əgər ipoteka sahibi dünyasını dəyişər və vərəsələr krediti ödəməkdən imtina edərsə, həmin əmlak hərraca çıxarılır, banka olan borc ödənilir, qalan məbləğ isə şəxsin ailə üzvlərinə qaytarılır. İpoteka götürən şəxs məbləği ödəyə bilməyəndə də yenə həmin proses tətbiq olunur”.
Sonda E.Fərzəliyev vurğulayıb ki, mövzu bir neçə cümlə ilə gündəmə gəlib, lakin arxa planında nə olduğu bilinmir. Buna görə də məsələyə İpoteka və Kredit Zəmanət Fondunun münasibət bildirməsi daha yaxşı olar.
Firuzə Əliyeva