"Çin malı", zay elektromobillər: Hansı problemləri var və alarkən nələrə diqqət etmək lazımdır?

Yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin (elektromobillər) Azərbaycana idxalı son illərdə sürətlə artır. 2023-cü ildən yeni qaydaların qüvvəyə minməsi elektromobillərə əlçatanlığı xeyli artırıb. 


Sfera.az xəbər verir ki, yeni qaydalara əsasən, istehsal tarixindən 3 ilə qədər vaxt keçən elektromobilləri gömrük rüsumu və əlavə dəyər vergisi (ƏDV) ödəmədən idxal etməyə icazə verilir. Təzə elektromobillərin idxalı zamanı gömrükdə yalnız xidmət haqqı ödənilir ki, onun da məbləği avtomobilin dəyərindən asılı olaraq maksimum bir neçə yüz manat olur. 


Elektromobil idxalının və istismarının ucuz başa gəlməsi bu növ maşınların alışını artırıb. Lakin elektromobil alan şəxslərin bəziləri üçün bu maşınlar əməlli-başlı başağrısına çevrilir. Xüsusən, Çindən idxal edilən elektromobillər onun alıcılarını pərişan edir. Çinin istehsalı olan bu tip maşınlar ucuz olmasına və yaxşı dizaynına görə seçilir. Bu xüsusiyyətlərinə görə, Çin elektromobilləri avtomobil alıcılarının marağına səbəb olur. Amma ucuz olan və qəşəng görünən Çin avtomobillərini alan şəxslər sonradan onların cəfasını çəkir, xeyli xərcə düşürlər. 


Azərbaycana idxal edilən elektromobillərin çoxu məhz Çindən gətirilir. 2023-cü ilin 11 ayının genişləndirilmiş məlumatına əsasən, ölkəmizə ümumi dəyəri 111 milyon dollar olan 2737 ədəd elektromobil idxal edilib. İdxal edilən elektromobillərin çox hissəsi Çindən alınıb. 


Gətirilən elektromobillərin 2250 ədədi (79,357 milyon dollar) Çindən, 255 ədədi (22,959 milyon dollar) Almaniyadan, 132 ədədi (4 milyon dollar) ABŞ-dən, 33 ədədi (1,332 milyon dollar) Cənubi Koreyadan, 28 ədədi (393 min dollar) Yaponiyadan, 17 ədədi (1,164 milyon dollar) Belçikadan alınıb.Yaponiyadan və ABŞ-dən gətirilən elektromobillər arasında “ikinci əl” maşınlar üstünlük təşkil edir. Buna görə də onların qiymətləri nisbətən aşağıdır. Digərləri, o cümlədən Çindən idxal edilən avtomobillər isə əsasən yürüş məsafəsi sıfır kilometr olan avtomobillərdir. 


Qiymətlərə baxdıqda görürük ki, “birinci əl” elektromobillər arasında ən ucuzları Çin istehsalı olan maşınlardır. Çindən idxal edilən avtomobillərin orta qiyməti 35,2 min dollardır. Amma burda bir incə məqam da nəzərə alınmalıdır. Çindən idxal edilən avtomobillər arasında yerli şirkətlərlə bərabər dünyanın tanınmış avtomobil şirkətlərinin istehsal etdiyi elektromobillər də var. Çin dünyada ən çox avtomobil istehsal edən ölkədir və son illərdə elektromobil istehsalında da daha böyük nəticələr əldə edib. İndi demək olar ki, bütün tanınmış avtomobil şirkətləri Çində elektromobil istehsalı ilə məşğul olur. 


Şikayətlər əsasən yerli şirkətlərin istehsal etdiyi elektromobillərlə bağlıdır. Şikayətlərə görə, Çinin milli şirkətlərinin elektromobillərinin keyfiyyət göstəriciləri aşağıdır, uzun müddət istifadə ediləndə avtomobillərdə çoxlu problemlər ortaya çıxır. Çin avtomobillərinin qış mövsümlərində özünü doğrultmadığı, batereyalarının zəif olduğu və yüksək təhlükəsizlik tələblərinə cavab vermədiyinə dair şikayətlər çox olur. Bu qış mövsümündə bir çox Çin avtomobilinin işə düşməsində problemlər yaranıb,  yüklənmə zamanı isə batareyaları sıradan çıxıb.


Çin avtomobilləri ilə bağlı çatışmazlıqları avtomobil sahəsi üzrə ekspertlər də təsdiqləyir. 


Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfər saytımıza açıqlamasında bildirdi ki, Çindən gətirilən avtomobillərin bir çoxunun Azərbaycanda servisi təşkil edilmir, ehtiyat hissələri yoxdur. 

 

Ekspert bu səbəbdən Çin avtomobili alan şəxslərin sonradan çətinliklərlə üzləşdiyini vurğuladı. “Həmin avtomobillərdə nasazlıq yarananda problem böyüyür və həll edilmir”, - deyən E.Cəfər tövsiyə etdi ki, avtomobil alarkən mütləq onun Avropa bazarı üçün istehsal edilməsinə diqqət yetirməli, alınan avtomobilin modelinin servisinin olmasına önəm verilməlidir. O, eyni zamanda  Azərbaycanda xidməti təşkil edilən, ehtiyat hissələri tapılan avtomobilləri almağı məsləhət gördü. 

 


Ekspert Aslan Əsədov Çin istehsalı olan elektromobillərin əsas problemlərinin qış mövsümündə özünü göstərdiyini bildirdi. A.Əsədov dedi ki, ilin soyuq aylarında batareyaların gücü zəifləyir:

 

 

“Ucuz və keyfiyyətsiz olan vasitələr hər zaman onun istifadəçilərinə sonradan çətinlik yaradır. Bu hal Çinə məxsus olan elektromobillərdə də özünü göstərməyə başlayıb. Çin avtomobillərinin xarici və daxili görünüşü alıcıları aldadır, onlarda ilkin müsbət təəssürat yaradır. Ən böyük problem isə onların servisinin zəif təşkil olunması və ya ümumiyyətlə, servisinin olmamasıdır”. 

 


Ekspert Elməddin Muradlı isə bildirdi ki, Çinin elektromobilləri avtomobil həvəskarları tərəfindən yeni kəşf edilir, onun mənfi və müsbət tərəfləri tədricən üzə çıxır:

 

“Bazarda Çin avtomobillərinə tələbat yüksəkdir. Təbələbin yüksək olmasının səbəbi Çin avtomobillərinin ucuz olması ilə bağlıdır. Çinin bütün avtomobilləri keyfiyyətsiz deyil. Aralarında yaxşıları ilə yanaşı keyfiyyət göstəriciləri aşağı olan avtomobillər də az deyil. Hələ elektromobillərin dözümlülüyü ilə bağlı hansı avtomobillərin yaxşı, hansının pis olması barədə qəti qənaət formalaşmayıb. Buna görə də elektromobil alan zaman tələsmək lazım deyil, özünü doğruldan, sınaqdan uğurla keçən modellər almaq lazımdır”. 


E.Muradlı vurğuladı ki, elektrik avtomobilləri ilə bağlı müyyən problemlər var və bu problemlər Çin avtomobillərində də özünü göstərir: “Qış mövsümündə elektromobillərin enerji sərfiyyatı təxminən 2 dəfə artır. Məsələn, mülayim havada 400 km məsafə qət edə bilən elektromobil qarlı, şaxtalı havada 200 km qət edir. Salonu qızdırmaqda çətinliklər və başqa problemlər olur".


Altay

 


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...