“Bütün əmrləri Stalin verirdi, mən...” – Sovet liderinin sirrini bildiyinə görə güllələnən Abakumovun həyat hekayəsi
12:10 / 04.10.2021
3675
Sfera.az SSRİ tarixinin qaranlıq isimlərindən sayılan Viktor Abakumovun həyat hekayəsini təqdim edir.
SSRI
tarixində adı cəllad kimi hallanan dövlət məmurları az olmayıb. İosif Stalinin
hakimiyyəti illərində bu cür məmurlara daha çox rast gəlinib. Əsasən "NKVD”
adlı qurumda təmsil olunan bu şəxslər milyonlarla insanı xof içində saxlamağı
bacarıb. Bu sırada Viktor Abakumov isə öz qəddarlığı ilə daha çox fərqlənib.
Müasirləri
Viktor Abakumovu xarakterizə edərkən xüsusilə vurğulayıblar ki, hətta "hər şeyə
qadir” Lavrenti Beriya belə Abakumovdan çəkinib. Əslində, Abakumovu üzə
çıxaran, karyerasında mühüm rol oynayan da elə Beriyanın özü olub. Nədənsə ən
kiçik məsələləri belə dəfələrlə ölçüb-biçən Beriya ağlına gətirməyib ki, nə
vaxtsa Viktor Abakumov ən böyük təhlükəyə çevriləcək, öz varlığı ilə hətta yüksək
ranqlı Kreml məmurlarını belə narahat edəcək...
1908-ci
ildə Moskvada yoxsul bir ailədə dünyaya gələn Abakumov cəmisi dörd sinif
oxuyub. İki il Moskvada xüsusi təyinatlı hərbi hissədə sanitar kimi xidmət edib.
Daha sonra ayrı-ayrı müəssisələrdə fəhlə işləyib. 1927-ci ildə komsomol
sıralarına daxil olan Viktor Abakumov həmin dövrdə fəhlə sinfindən vəzifələrə
irəli çəkilən kütləvi kampaniya zamanı Rusiyanın Ticarət və Sənaye
Komissarlığında işə qəbul edilib. Abakumov qısa müddət ərzində bu qurumun ilk
komsomol təşkilatının katibi seçilib, eyni zamanda komissarlığın inzibati şöbəsinin
müdir müavini vəzifəsinə təyinat alıb. O, çox keçməmiş Kommunist Partiyasına
üzv olub. İş bacarığı və fəallığı ilə fərqlənən gənc kommunist vəzifə
karyerasında bir addım da irəli gedərək Xalq Komissarları Sovetində baş müfəttiş
vəzifəsinə təyin edilib.
Görkəmcə
kifayət qədər yaraşıqlı, ali təhsili olmamasına baxmayaraq yüksək nitq qabiliyyətinə,
güclü məntiqə malik olan, tez bir zamanda ünsiyyət qurmağı bacaran Abakumov işlədiyi
bütün qurumlarda rəhbərliyin diqqətini cəlb edib, ən mühüm tapşırıqlar ona həvalə
olunub, o, kollektivlərdə özünün işgüzar imicini yaratmağı bacarıb.
Gələcək
karyerası üçün bütün gücünü, enerjisini, bacarığını sərf etsə də, qara zolaqlar
Abakumovun da həyatından yan keçməyib. Amma onun həyatında problemləri mövcud
rejim deyil, özü yaradıb. Son dərəcə qadın düşkünü olan fəal kommunist haqqında
Xalq Komissarları Sovetinə hüquq-mühafizə orqanları tərəfindən bir neçə dəfə rəsmi
yazılı məlumat daxil olub. Məlumatlarda bildirilib ki, Abakumov müntəzəm olaraq
Moskvanın mehmanxanalarında qadınlarla əyləncə məclisləri təşkil edir. Nəticədə
rəhbərlik onun bu əməllərini kommunist əxlaqında zidd sayaraq Abakumovu vəzifəsindən
azad edib.
Abakumovun
işsizliyi uzun sürməyib. Bütün əlaqələrini işə salan ləkənlənmiş kommunist
Moskvada islah əmək düşərgəsində əməliyyat müvəkili vəzifəsinə qəbul edilib və
kiçik leytenant rütbəsi alıb. Bu təyinat isə onun böyük gələcəyinin başlanğıcı
olub.
Əvvəlki iş
yerlərində olduğu kimi, Abakumov yeni xidmətində də sürətli irəliləyişə nail
olub. O, əməliyyat müvəkkili kimi istintaq proseslərində iştirak edib, bu
proseslərdə ittiham olunanlara qarşı ən dəhşətli işgəncələr tətbiq etməklə ad
çıxarıb. İstintaq altında olan istənilən şübhəli şəxsdən lazımi ifadəni almaq
Abakumov üçün çox rahat olub və beləliklə o, cinayətlərin aşkar olunmasında ən
yüksək göstəriciləri əldə edib. Abakumov bacarıqlı kadr kimi irəli çəkilib,
1939-cu ildə isə o, "NKVD”-nin Rostov vilayət idarəsinə rəis göndərilib.
Mövcud
dövrdə Rostov SSRİ-də kriminogen durumu mürəkkəb olan bölgələrdən biri sayılıb.
Abakumov qısa müddət ərzində bu "mürəkkəbliyi” də aradan qaldırmağı bacarıb.
Lavrenti
Beriya "NKVD”-yə rəhbər təyin olunduqdan sonra apardığı kadr islahatları
zamanı, komandasını formalaşdırarkən Abakumovu diqqətdən qaçırmayıb. Ona
"NKVD”-nin mərkəzi aparatında iş təklif edib. Beləliklə də, Abakumov qurumun
xüsusi şöbəsinə rəis təyin edilib. Bu şöbə kəşfiyyat və əks-kəşfiyyatla məşğul
olub.
Abakumovun
bu vəzifədə fəaliyyəti onu daha da məşhurlaşdırıb. O, ən çətin və mürəkkəb kəşfiyyat
tapşırıqlarının öhdəsindən yüksək səviyyədə gəlib və nəhatət, onun bu bacarığı
Stalinin də diqqətini cəlb edib.
1943-cü
ildə Stalinin göstərişi ilə Müdafiə Komissarlığının tabeliyində (Müdafiə Nazirliyinin
- red) Baş Kəşfiyyat İdarəsi, "SMERŞ” yaradılanda elə Stalinin təşəbbüsü ilə də
bu quruma Abakumov rəhbər təyin edilib. Məlum olduğu kimi, həmin dövrdə Stalin
həm də müdafiə komissarı vəzifəsini icra edib. Bununla da Abakumov birbaşa
Stalinin tabeliyində işləyib.
"SMERŞ”ə
rəhbirliyi dövründə Abakumovla Stalinin arasında sıx münasibətlər yaranıb. O,
yeganə şəxslərdən biri olub ki, ona Stalinlə istənilən vaxt görüşmək səlahiyyəti
verilib.
Abakumov
xidməti vəzifələrini icra etməklə yanaşı, həm də Stalinin şəxsi tapşırıqlarını
da yerinə yetirib. Stalin üçün arzuolunmaz şəxslər məhz Abakumov tərəfindən
aradan götürülüb.
Araşdırmaçıların
qənaətinə görə, Stalin Abakumovdan yüksək vəzifəli dövlət məmurlarını və hərbçiləri
qorxu içində saxlamaq üçün istifadə edib. Günü-gündən onun səlahiyyətlərini
artırması, Stalinin general-polkovnik rütbəsini ona şəxsən təqdim etməsi,
1946-cı ildə Abakumovu SSRİ dövlət təhlükəsizliyi naziri vəzifəsinə təyin etməsi,
"SMERŞ”-i də bu qurumun tabeliyinə verməsi bu faktı bir daha təsdiq edib.
Amma Abakumovu
ən yüksək pikə çatdıran Stalinin özü sıradan çıxarıb. Sözsüz ki, bu da səbəbsiz
olmayıb. Çünki Abakumov Stalinin bütün "qara” işlərindən xəbərdar olub. Beləliklə,
sovet lideri nə vaxtsa böyük səlahiyyətlər verdiyi Abakumovun sirrlərini aça
biləcəyi ehtimalını nəzərə alaraq, onu aradan götürməyə qərar verib. Bu isə
Stalin üçün çox asan məsələ sayılıb.
1951-ci
ildə keçirilən partiya konfransında Stalinin Abakumov haqqında söylədiyi qısa
bir ifadə dövlət təhlükəsizliyi nazirinin bütün müqəddaratını həll edib: "Biz
ona çox səlahiyyətlər verdik, o isə bu səlahiyyətlərdən sui-istifadə edərək
etimadımızı doğrultmadı...”
Abakumovun
həbsi üçün bu ifadə kifayət edib. Onun həbsində SSRİ Nazirlər Sovetinin sədr
müavini Gergi Malenkov xüsusi fəallıq göstərib. Beləliklə, 12 iyul 1951-ci ildə
SSRİ dövlət təhlükəsizliyi naziri, general-polkovnik Viktor Abakumov həbs
edilib. O, "Lefertovo” türməsində saxlanılıb. Vətənə xəyanət, vəzifədən
sui-istifadədə və digər maddələrlə ittiham olunan Abakumovun məhkəməsi üç il
davam edib. Hətta Stalinin vəfatından sonra belə o, xilas ola bilməyib. Amma
Xruşovun hakimiyyətə gəlişindən sonra onun üzərindən vətənə xəyanət maddəsi
götürülüb.
Abakumov
həm də "Leninqrad işi”ndə ittiham olunduğu üçün məhkəmə prosesi Leninqradda
keçirilib. İstintaq dövründə Abakumova nə qədər işgəncələr verilsə də, sabiq nazir
bütün ittihamları rədd edib. 19 dekabr 1954-cü ildə məhkəmə sona çatıb. Məhkəmənin
hökmü ilə Abakumov ən ağır cəzaya, güllələnməyə məhkum edilib. Son söz
hüququndan istifadə edən 46 yaşlı Abakumov son fikirlərini bir cümlə ilə ifadə
edib: "Bütün əmrləri
Stalin verirdi, mən isə icra edirdim...”
Məhkəmənin hökmü
həmin gün icra edilib.
Sfera.az