\"Bu qərar Fransanın özünə zərbə vuracaq\" - Azərbaycanın atacağı addımlarla bağlı AÇIQLAMA

\
"Milli Məclis tərəfindən müvafiq cavablar veriləcək”.

Sfera.az-a açıqlamasında bu sözləri Fransa Senatının qondarma Dağlıq Qarabağ rejimini tanımaq barədə qərarına münasibət bildirərkən deputat Asim Mollazadə deyib.



Onun sözlərinə görə, bu erməni diasporasının təxribatıdır:

"Fransa  Senatının bu qərarı heç bir  hüquqi əsası olmayan, beynəlxalq qanunlara zidd olan  bir sənəddir. Həmçinin, bu qərar Fransanın özünə zərbə vuracaq. Təbii ki, onların belə qərar verməsində erməni lobbisinin maliyyəsi rol oynayıb. Senatın həmin hərəkəti da orada təmsil olunan senatorlarının fəaliyyətilə bağlı ciddi şübhələr yaradır. Həmçinin erməni lobbisi Fransa Senatının bu kimi qərarı ilə yenidən bölgədə gərginlik yaratmağı düşünür. Bu erməni diasporasının təxribatıdır.

Parisin bu hərəkəti ATƏT-in Minsk qrupu  həmsədrliyində onun fəaliyyətini birdəfəlik şübhə altına aldı. Onsuz da illər boyu Fransa həmin qurumdakı fəaliyyətilə Qarabağ probleminin həllinə nail olmağa imkan verməməyə çalışıb. Fransa bununla demokratik dəyərlərə, BMT, Avropa Birliyi və Avropa Şurasında imzalanmış qərarlara hörmətsizlik nümayiş etdirdi”.

Deputata görə, Milli Məclis Fransanın Minsk qrupundakı fəaliyyətinə, onunla iqtisadi əlaqələrə yenidən baxa bilər: 
 
"Düşünürəm ki, Azərbaycan Milli Məclisi tərəfindən sözügedən ölkənin qanunverici orqanına münasibətdə müvafiq cavablar veriləcək.  Bununla bağlı Azərbaycan parlamenti tərəfindən bir neçə istiqamətdə qərarlar olacaq. Fransanın Minsk qrupundakı fəaliyyəti, Bakı ilə Paris arasındakı iqtisadi əlaqələrin dayandırılması istiqamətində müəyyən addımlar atıla bilər”.

Elçin
Sfera.az


OXŞAR XƏBƏRLƏR