\"Bu addımı atarsa, dünya miqyasında özü biabır olacaq\" - Fransanın ermənipərəst addımına MÜNASİBƏT

\
Bildiyimiz kimi, Fransa Senatı noyabrın 25-də yuxarı Qarabağda qondarma erməni rejiminin tanınmasını tövsiyyə edən qətnamə qəbul etməyə hazırlaşır.
 
Bu müstəvidə Azərbaycan həmin qətnamənin qəbulunu əngəlləmək üçün hansı addımlar atmalıdır? Parislə diplomatik əlaqələr kəsilə bilərmi?

Bu barədə Sfera.az-a danışan Milli Məclisin deputatı Asim Mollazadə Fransa Senatının belə bir sənədi qəbul etməsinin heç bir hüquqi və ciddi siyasi əhəmiyyəti olmadığını dedi:

"Əslində bu addıma atarsa, Fransa dünya miqyasında özü  biabır olacaq. Uzun illərdir Minsk qrupunun üzvü olan Fransa bununla tərəf saxladığını, həmin təşkilatın Qarabağ problemini həll etməməsində məhz Parisin əsas rol oynadığını ortaya qoyur və dünya da bunu görür.  Senatın və Paris meriyasının qondarma rejimi tanımaq niyyətləri həmin ölkədə siyasi korrupsiyanın mövcudluğu barədə ciddi şübhələr yaradır.  Bu ölkədə ciddi şəkildə islamafobiya, neofaşizm, rasizm güclənməkdədir. Hansı ki, bunlar da Fransanın müəyyən etdiyi bütün dəyərlərə ziddir”.

Deputatın fikrincə, Senatın qondarma rejimi tanımaq niyyəti əslində Fransanın özünə zərbədir:

"Bu onun apardığı siyasətə ciddi şübhələr yaradır. Beynəlxalq ictimaiyyət Fransada cərəyan edən siyasi korrupsiyanı araşdırmalıdır. Ancaq Azərbaycan hələlik gözləmə mövqeyi tutmalıdır. Gözləməliyik görək, proses Fransada hansı sonluqla yekunlaşacaq.  Fransa bu yoldan dönə də bilər. Bu səbəbdən Fransa ilə bağlı  vaxtından tez qərarlar verməyə ehtiyac yoxdur. Gözləmək, izləmək lazımdır və beynəlxalq təzyiqləri müəyyənləşdirməliyik. Çünki Fransa buna gedərsə, kobud şəkildə beynəlxalq hüquq normalarını pozmuş olacaq”.

"Hökumət də bu səviyyəyə ensə, Bakı Parislə bütün əlaqələri kəsməlidir”

Bu fikirlər isə AMİP lideri Etibar Məmmədova məxsusdur: 

"Fransanın bu addımını əngəlləmək üçün çoxsaylı vasitələr  var.  Onlara xəbərdarlıq edilməlidir. Fransanın habelə Minsk qrupundan çıxarılması məsələsi qaldırıla bilər. Bu isə Parisin siyasi nüfuzuna zərbə olacaq.  Çünki tərəf saxlayan dövlət vasitəçi qismində ola bilməz. Ancaq Senatın qərarı tövsiyyə xarakteri daşıyır. Əsas qərarı hökumət verir. Əgər hökumət səviyyəsində həmin qərara müsbət yanaşılarsa, bu halda Bakı Parislə bütün əlaqələri də kəsə bilər”.
"Bu addım ikitərəfli münasibətlərə xələl gətirəcək”.

Milli Məclisin deputatı, Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev isə  Fransadan tərəfsizlik tələb edildiyini xatırlatdı:

"Fransa Senatının belə bir addıma getməsi təbii ki, qəbuledilməzdir. Minsk qrupunun həmsədr ölkəsi kimi bu hərəkəti Parisin buradakı fəaliyyətinə kölgə salır. Tələb edirik ki, Fransa məsələdə obyektiv və tərəfsiz olsun. Paris belə bir hərəkətə yol versə, bu birmənalı olaraq Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərə xələl gətirəcək”.

Elçin
Sfera.az


.

OXŞAR XƏBƏRLƏR