Bayden-Zelenski görüşü regionda nələri dəyişəcək? - “Türkiyə üçün yeni vəzifələr müəyyənləşdiriləcək…”
Bunu Sfera.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. O bildirib ki, Ukraynada bu görüşə çox ciddi hazırlıq işlərinə start verilib:
"Səfərin Co Baydenin Türkiyə Prezidenti Rəcəb Təyyip Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinlə qarşıdakı görüşlərindən sonra təşkil olunması qərara alınıb. Beləliklə, Ukrayna lideri onu maraqlandıran beynəlxalq məsələlər haqqında təkcə Amerikanın deyil, eyni zamanda Rusiya və Türkiyənin mövqeyini də öyrənə biləcək. Diqqət çəkən məqam odur ki, Ərdoğan-Bayden görüşünə toxunan mütəxəssislərin heç biri bu görüşdə Ukrayna - Rusiya münasibətlərinin də müzakirə olunacağı haqqında məlumat vermirlər. Amma iki liderin regionu narahat edən digər məsələlərlə yanaşı, Ukrayna mövzusuna toxunmaması mümkün deyil. Co Baydenin Cənubi Qafqazda olduğu kimi, Ukrayna ilə münasibətdə də Türkiyə üçün yeni vəzifələr müəyyənləşdirməyin tərəfdarı olması barədə artıq informasiyalar sızıb.
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Cek Sallivanın sözlərinə görə, Bayden Zelenskini əmin edib ki, onun administrasiyası Ukraynanın suverenliyi və ərazi bütövlüyünü, o cümlədən gələcək hədəflərini ciddi şəkildə dəstəkləyəcək. Zelenski isə nəticəsindən asılı olmayaraq, Baydenlə görüşüb bütün məsələləri müzakirə etməyə hazır olduğunu bildirib”.
Müsahibimiz qeyd edib ki, beynəlxalq münasibətlər üçün çox qısa görünən bu müddət ərzində Amerikanın yeni prezidenti Baydenin belə əhəmiyyətli görüşlər keçirməsi və müzakirələr aparması onun Amerikanın gələcəyi naminə qarşıda çox böyük məsələləri həll etmək məqsədindən xəbər verir:
"Bu təşəbbüslər Donald Trampın uğursuz hakimiyyətindən sonra Bayden və Amerika prezidentlərinə qarşı münasibəti yenidən formalaşdırır. Deyəsən Amerika həqiqətən "qayıdır””.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ-a rəsmi səfəri iyulun sonuna planlaşdırılır.
Günay Rəsulqızı
Sfera.az