Bayden Putinlə niyə məhz Bakıda görüşəcək? – Tofiq Zülfüqarov detalları açıqladı

Bayden Putinlə niyə məhz Bakıda görüşəcək? – Tofiq Zülfüqarov detalları açıqladı
"Baydenin Putinlə Bakıda görüşəcəyini dəqiq deyə bilmətəm, amma bu variantı istisna da etmirəm”.

Bu sözləri Sfera.az-a açıqlamasında ABŞ-ın məşhur "Politico” nəşrinin ABŞ prezidenti Co Baydenlə rusiyalı həmkarı Vladimir Putinin Bakıda görüşəcəyi iddiasına münasibət bildirərkən sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov deyib:

"Adətən bu cür görüşlər neytral siyasət yürüdən ölkələrdə təşkil olunur. Təcrübə də göstərir ki, bu kimi təmaslar üçün məhz neytral yerlər axtarılır. İndiki mərhələdə ABŞ-la Rusiya arasında münasibətlər həddən çox gərgindir.  Təbii ki, bu gərginliyi aradan qaldırmaq üçün müharibə deyil, hansısa görüşlərin keçirilməsi, fikir mübadiləsinin aparılması zəruridir.  Soyuq müharibə dövründə bu kimi görüşlər Finlandiyanın paytaxtı Helsinki şəhərində təşkil olunurdu. Həmin dövrdə belə görüşlərin digər məkanı rolunda habelə İslandiyanın paytaxtı Reykyavik şəhəri çıxış edirdi. Bu şəhərlər coğrafi baxımdan o dövrün iki sistemi arasında mərkəzdə yerləşirdi”.
 
Diplomat bildirib ki, indi isə iki super güc arasındakı görüş üçün ən əlverişli məkanlardan biri Bakıdır: "Azərbaycanın balanslaşdırılmış siyasət həyata keçirməsi nəticəsində  sözügedən görüş yeri qismində Bakının da əhəmiyyəti artıb.  Bildiyiniz kimi, NATO komandanlığı ilə Rusiya Baş Qərargah rəisi arasında bir neçə görüş məhz Bakıda baş tutub. Bu da onu göstərir ki, Azərbaycan həmin sahədə də təcrübəyə malikdir”.

Bütün bu amilləri nəzərə alan həmsöhbətimiz Baydenlə Putin arasındakı görüşün Bakıda baş tutacağını istisna etmir: "Bu, məntiqə uyğun olardı. Bilirsiniz ki, Bayden Əfqanıstandan ABŞ qoşunlarının çıxacağını elan edib. Qoşunların həmin ölkədən çıxması ərəfəsində bəlkə də Baydenin Əfqanıstana hansısa səfəri baş verəcək. Həmin ərəfədə Baydenin yolüstü Bakıya gəlməsi və burada Putinlə görüşməsi real görünür”.
 
Rüfət SULTAN
 

OXŞAR XƏBƏRLƏR