Bakının istilik problemi və \"Azəristiliktəchizat\"ın daim məşğul olan çağrı mərkəzi - Sakinlər nə etməlidir?

Bakının istilik problemi və \
Hər il olduğu kimi, bu il də noyabrın 15-dən payız-qış istilik mövsümünün başlanması ilə əlaqədar ölkədə yaşayış binalarına və sosial obyektlərə istilik verilməsi nəzərdə tutulsa da, bir çox evlərə istilik verilməyib.

 

 

Bir neçə gün öncə "Azəristiliktəchizat" tərəfindən istliyin verilməsinə başlanıldığı deyilsə də, hələ də Yasamal, Nəsimi rayonlarının əksər hissəsində insanlar mövcud hava şəraitindən çətinlik çəkdiyini bildirir.


Maraqlıdır, istilik problemi tam olaraq nə vaxt həll olacaq? Sakinlər bu durumda nə etməlidir?


Məsələ ilə bağlı Sfera.az-a danışan "Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev hazırda bütün qazanxanaların işlədiyini və istilik olmayan binalarda bu problemin yaranmasının texniki səbəblərdən olduğunu bildirib:


"Bütün qazanxanalar artıq işlək durumdadır. Məsələ ondan ibarətdir ki, istilik kiminin mənzilində var, kimində yoxdur. Bu da tələb edir ki, həmin mənzillərin hamısına fərdi baxılsın. Məsələn, yüksəkmərtəbəli binaların üst mərtəbələrində istilik sistemdə hava qalması ilə əlaqədar olaraq gəlməyə bilər. Belə olan halda da onlar bizə müraciət etməlidirlər ki, dövriyənin tam tənzimlənməsi üçün işlər görülsün.


R.Əliyev hələ də mənzillərində istilik olmayan şəxslərin "956" Çağrı Mərkəzinə zəng vurmalı olduqlarını qeyd edib:


"Məsləhət görərdik ki, kimin mənzilində istilik yoxdursa bizim "956" Çağrı Mərkəzinə müraciət etsinlər gəlib texniki dəstək göstərək. İndi bütün istilik mərkəzlərindən qazanxanaların işləməsi ilə bağlı məlumat almışam. Sadəcə kimin problemi varsa ona fərdi qaydada yanaşıb araşdırmaq lazımdır".


Qeyd edək ki, saytımızın əməkdaşı "956" Çağrı Mərkəzi ilə bir neçə dəfə əlaqə yaratmağa çalışsa da buna müvəffəq olmayıb. Çünki göstərilən əlaqə nömrəsi davamlı "məşğul" göstərib. Görünür, belə olan halda soyuq havalarda donmağa məhkum qalan sakinlər ya "Azəristiliktəchizat" cəmiyyəti binasına gedərək birbaşa yardım istəməli, ya da öz şəxsi imkanları hesabına usta çağıraraq problemi həll etməlidirlər.


 

Sfera.az

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR