Azərbaycanda inflyasiyanı cilovlamaq üçün bu addım atılacaq

Azərbaycanda inflyasiyanı cilovlamaq üçün bu addım atılacaq
Azərbaycanda bu il qeydə alınan yüksək inflyasiyanı cilovlamaq üçün nağd pul kütləsinin aşağı səviyyədə tutulması önəmlidir. Mövcud vəziyyət göstərir ki, qarşıdakı aylarda bahalaşma sürəti bir qədər də güclənəcək və belə bir şəraitdə pul kütləsinin genişlənməsi qiymət artımlarını dəstəkləyən əlavə amilə çevriləcək. 

Sfera.az bildirir ki, bu il qiymət artımlarını dəstəkləyən çoxsaylı səbəblər var və belə mürəkkəb vəziyyətdə Mərkəzi Bank qiymət sabitliyini təmin etmək üçün sərt maliyyə tədbirləri görməyə məcburdur. Sərt tədbirlərdən biri də dövriyyədə olan nağd pul kütləsinin azaldılmasıdır. 

Nağd pul dedikdə daha çox pul bazası nəzərdə tutulur. Hazırda pul bazasının ÜDM istehsalına nisbəti 19,6 faizdir. İlin əvvəlində nisbət 17,65 faiz idi. Əgər bazanın həcmində artım davam edərsə, onun 2014-cü ilin iyul-avqust dövründəki kimi 22,5 faizlik daha yüksək səviyyəyə çatması ehtimalı var. 

Pul bazasının bu cür artması iqtisadi aktivliyi gücləndirməklə əlavə inflyasiya təzyiqi yaradır və bu halda tələb inflyasiyası güclənir. 2021-ci ilin yanvarından sonra baza 1,4 milyard manata qədər artaraq 14,17 milyard manata yüksəlib. İyulla müqayisədə avqustda baza bir qədər (41 milyon manat) azalsa da, artım imkanlarını qoruyur.
Pul bazası azaldılmaqla ilk növbədə tələb zəiflədilə bilər. 

Qeyd edək ki, yaranma səbəblərinə görə inflyasiya 2 cür olur - tələb inflyasiyası və təklif inflyasiyası. Tələb inflyasiyası əmtəə və xidmətlərə tələbin izafi artımı nəticəsində yaranır ki, burada da pul kütləsinin genişlənməsi böyük rol oynayır. Dövriyyədəki pulun miqdarı təklif olunan malların miqdarı ilə müqayisədə daha yüksək templə artdıqda tələb inflyasiyası baş verir. 

Hazırda ölkəmizdə inflyasiyanın yüksək olmasının başlıca səbəblərindən biri məhz tələb amilləri ilə bağlıdır. Buna görə də tələbin bir qədər cilovlanmasına, zəiflədilməsinə ehtiyac var. Bu məqsədlə pul bazasının azaldılmasından istifadə edilməlidir. 

Pul bazasının azaldılması üçün kredit qoyuluşunun azaldılması vacibdir. Bank sisteminin əlavə pul yaratmaq qabiliyyətindən biri də kredit qoyuluşudur. Buna pul multiplikatoru deyilir. Pul ilkin mərhələdə Mərkəzi Bank tərəfindən emissiya yolu ilə yaradılır, sonradan banklar onu daha da artırırlar. 

Kommersiya bankları cəlb etdikləri depozitləri kredit şəklində digər iqtisadi subyektlərə verirlər. Krediti götürən iqtisadi subyektlər onu mal və xidmətlərin alınmasına yönəldirlər. Mal və xidməti satan müəssisələr isə əldə etdiyi vəsaiti banklara depozit kimi yerləşdirirlər. Sonra bu depozitlər yenidən kredit kimi verilir. Zəncirvari davam edən prosesdə Mərkəzi Bankın yaratdığı pul bir neçə dəfə artmış olur.

İndiki vəziyyət pul bazasının azaldılmasını zəruri edir. Ancaq unutmayaq ki, pul iqtisadiyyat üçün qan rolunu oynayır. Qan azlığı insanı zəiflətdiyi kimi, pulun azlığı iqtisadiyyatda zəiflik, passivlik yaradır. Buna görə də pul azlığının yaradılması yalnız yüksək inflyasiya riski aradan qalxana qədər davam etdirilməsi məqsədəuyğundur. 

Vasif 
Sfera.az





OXŞAR XƏBƏRLƏR

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...

İTV-dən Kənan MM-in iddialarına CAVAB

İctimai Televiziya (İTV) bir neçə aktyorun, xüsusən də rejissor Kənan Mahmudovun bu kanal barədə səsləndirdiyi iddialara cavab verib.   Sfera.az ...

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - VİDEO

Rusiyada yaşayan azərbaycanlıların hüquqları ayaqlar altına atılır, onlara qarşı qeyri-insani davranış göstərilir.   Sfera.az xəbər verir ki, bu barə...