Azərbaycanda göbələkdən zəhərlənmə halları niyə artıb? - AÇIQLAMA

Azərbaycanda göbələkdən zəhərlənmə halları niyə artıb? - AÇIQLAMA
Qax rayonunda daha iki ailənin altı üzvü göbələkdən zəhərlənib. Oxşar hadisə bir neçə gün qabaq da yaşanmışdı.
 
Maraqlıdır ki, göbələkdən zəhərlənmə hallarının səbəbi nədir?

Bununla bağlı qida üzrə baş mütəxəssis Ağa Salamov Sfera.az-a açıqlamasında adətən əksər zəhərlənmə faktlarının regionlarda qeydə alındığını deyib:
"Deməli, bu hadisə parnikdə yetişdirilmiş göbələkdən olmayıb. Məsələn, şəhərdə parnikdə yetişdirilən göbələklərdən heç zaman zəhərlənmə halları baş verə bilməz. Bu o zaman olar ki, onun saxlanma şəraiti yaxşı deyil – şirə salana qədər saxlanılır və ya ondan hazırlanan yemək iki-üçüncü dəfə qızdırılıb tükədilir. Güman ki, regionda baş verən zəhərlənmələrin səbəbi, göbələkləri tanımamaqdan irəli gəlir. Bilirsiniz, indi yağış sezonudur, göbələk də yağışdan sonra əmələ gəlir. Nəmişlikdə təkcə yeyilən deyil, həm də zəhərli göbələklər də bitir. İnsanlar onu istehlak edəndə həm bioloji, həm də kimyəvi zəhərlənmələr baş verir. Bu baxımdan, regionlarda yaşayanlar bağda, meşədə bitən hər göbələyi bişirib yeməməlidirlər. Onu yığan insan göbələyi tanımalıdır”.

Müsahibimiz qeyd edib ki, çox zaman uşaqları, gəncləri göbələk yığımına göndərirlər:

"Onlar da aralarında zəhərlilər olmaqla göbələk yığıb gətirirlər. Bir də görürsünüz ki, qışın ortasında zəhərlənmə halları olur. Çünki insanlar həmin göbələklərdən turşu bağlayırlar və sözügedən fəsildə istifadə etməyə başlayırlar. Zəhərlənmənin sezona aidiyyatı yoxdur. Marketdən aldığımız göbələklərin dediyim kimi zəhərlənmə yaratması sıfıra bərabərdir. Sadəcə onu alan zaman diqqət etməli olduğumuz məqamlar var. Bunlardan biri gigiyena qaydalarıdır – yəni göbələkləri qumdan yaxşı təmizləmək lazımdır ki, botulizm bakteriyası zəhərlənməyə səbəb olmasın. Göbələklər (digər tərəvəzlər, göyərtilər də) çay sodasında 10-15 dəqiqə saxlanılmalı, həmin su atılıb yenidən durulanmalı və torpaq dənələrinin qalmadığından arxayın olunmalıdır. Daha sonra istehlak etmək olar – bişirib yemək, duza, turşuya qoymaq və s. Əgər tutaq ki, bir kilo göbələk almışıqsa, onun yarım kilosunu saxlayırıqsa, onu iki, maksimum üç gün ərzində istehlak etməliyik. Üç gündən sonra göbələklər şirə salmağa başlayacaq və bundan sonra yeyəndə, zəhərlənmə elə güclü olmasa da, ishal, başağrı, qarın ağrı kimi əlamətlər müşahidə ediləcək. Əsas öldürücü göbələklər insanların tanımadan yığdıqlarıdır”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR