Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur

Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur
 Azərbaycan dünyanın aparıcı şirkətləri ilə uğurlu əməkdaşlıq edir və bu əlaqələri genişləndirmək üçün yaxşı imkanlar mövcuddur. "Microsoft” şirkətinin rəhbər və nümayəndələri ilə baş tutan videokonfrans bir daha bunu təsdiq edir. Dünyanın nüfuzlu şirkətlərinin innovasiya sahəsində Azərbaycanla əməkdaşlığa yüksək marağı açıq şəkildə özünü göstərir. Bu mənada "Microsoft” şirkətinin rəhbərliyində təmsil olunmuş şəxslərin ölkəmiz haqqında yüksək fikirləri, əməkdaşlığın perspektivləri ilə bağlı irəli sürülən təkliflər də xüsusi əhəmiyyət kəsb edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib.

Deputatın sözlərinə görə, bütün bu deyilənlər bir daha onu göstərir ki, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. Xüsusilə pandemiya dövründə Azərbaycanın təşəbbüs və fəaliyyətinin nümunə kimi qiymətləndirilməsi bu videokonfransda bir daha vurğulandı. Ümumiyyətlə, pandemiya ilə mübarizədə Azərbaycanda nəinki yalnız daxili məsələlərə diqqət yetirilir, həmçinin qlobal miqyasda da səmərəli fəaliyyət həyata keçirilir. Xatırlatmaq yerinə düşər ki, ölkəmiz artıq 29 dövlətə humanitar yardım göstərib və bu proses davam edir.

K.Nurullayeva deyib: "Dünyanın ən nüfuzlu şirkətlərindən olan "Microsoft”un vitse-prezidenti Filip Roqun "Azərbaycanda pandemiyanın təsirinin kifayət qədər nəzarət altında olmasına şad oldum, dünya liderləri ilə əlaqə saxladığımda bu, heç də həmişə belə olmur” söyləməsi ölkəmizin pandemiyaya qarşı mübarizədə balanslaşdırılmış yanaşma siyasətinin təqdir edildiyini göstərir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, məhz balanslaşdırılmış yanaşma pandemiyaya qarşı uğurlu mübarizəni davam etdirməyə kömək edəcək. Aparılan müzakirələrdən də aydın oldu ki, 15 ildən çoxdur Azərbaycanla əməkdaşlıq edən "Microsoft” şirkəti işbirliyini qarşıdakı illərdə daha da gücləndirmək niyyətindədir. Çünki hər iki tərəf bu qənaətdədir ki, tərəfdaşlığın böyük potensialı var və bu, tərəflər üçün yaxşı perspektivlər açır”.

Deputat bildirib ki, videokonfransda müzakirələr zamanı xüsusilə, pandemiya ilə əlaqədar yaranmış vəziyyətin distant təhsil məsələlərinə yeni bucaqdan baxmağa vadar etdiyini göstərdi. Məhz bu amil rəqəmsallaşma sahəsində imkanların daha da genişləndirilməsini zərurətə çevirir. "Davos İqtisadi Forumunun dördüncü sənaye inqilabı üzrə Regional Mərkəzinin yaradılması məqsədilə məhz Bakının məkan seçilməsi heç də təsadüfi deyil. Bu, ölkəmizin sənaye inqilabı üzrə regional mərkəz kimi rolunu daha da gücləndirəcək. Bu gün Azərbaycanda əsas strategiya innovasiyalar, yeni texnologiyalar və müasir idarəçilik əsasında dayanıqlı inkişafa nail olmaqdır. Bunun üçün ölkəmizdə həm möhkəm iradə, həm də dayanıqlı potensial mövcuddur. Bu da nəticə etibarı ilə Azərbaycanın beynəlxalq miqyasda əlverişli və etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir”, - deyə Könül Nurullayeva vurğulayıb.

OXŞAR XƏBƏRLƏR