Astara terminalından aşırılan yüklərin həcmi 50% artıb

Astara terminalından aşırılan yüklərin həcmi 50% artıb
 

Bu ilin yanvar-aprel aylarında Astara terminalından aşırılan yüklərin həcmi ötən ilin eyni dövrünə nisbətən 50% çox olub. 

Bu barədə "Report"a terminalın operatoru - "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə müəssisəsi "ADY Express” MMC-nin direktoru Azad Qasımov məlumat verib. 

Onun sözlərinə görə, son 3 ildə terminalda gerçəkləşdirilən layihələr, burada yaradılan şərait, istifadə olunan avadanlıqlar və aparılan irihəcmli işlər nəticəsində aşırılan yükün həcmi getdikcə artır: "Əgər 2018-ci ildə terminalın yükburaxma qabiliyyəti sutkada 1 056 ton təşkil edirdisə, 2019-cu ildə həmin göstərici 27% artırılaraq 1 339 tona çatdırılıb. Beləliklə, səylərimiz nəticəsində terminalın işində müsbət dinamika əldə olunub. 2018-ci illə müqayisədə terminalda 2019-cu ildə 38% çox - 400 min tona yaxın yük aşırılıb. Bundan başqa, əgər 2019-cu ilin yanvar-aprel aylarında terminalda 110 min ton yük aşırılıbsa, 2020-ci ilin ilk 4 ayında bu göstərici təxminən 50% çox -  166 min ton yük aşırılıb. Terminalın fəaliyyətə başladığı dövrdə, yəni 2018-ci ildən indiyə qədər isə burada aşırılan yüklərin ümumi həcmi 900 min tona yaxın olub. Bunlar əsasən taxta və taxta məmulatları, tikinti materialları, dənli bitkilər olub”.

Azad Qasımov əlavə edib ki, terminalda nəzərdə tutulan infrastruktur işlərinin həyata keçirilməsindən sonra buradan keçən yüklərin həcminin dəfələrlə artması gözlənilir: "Bununla yanaşı, Şimal-Cənub Beynəlxalq Nəliyyat dəhlizinə əlavə yüklərin cəlb edilməsi istiqamətində işlər həyata keçirilməkdədir”. 


OXŞAR XƏBƏRLƏR