Aralıq dənizində Türkiyə-Azərbaycan-Pakistan təlimi olacaq?

Aralıq dənizində Türkiyə-Azərbaycan-Pakistan təlimi olacaq?
"Türkiyə-Azərbaycan-Pakistan hərbçiləri Egey və Aralıq dənizdə hərbi təlim keçirə bilər. Burada təəccüblü bir şey yoxdur. Nəzərinizə çatdırım ki, bundan öncə hər üç ölkənin Xüsusi Təyinatlı Qüvvələrinin nümayəndələrinin iştirakı ilə "Üç qardaş - 2021” beynəlxalq təlimi keçirildi. Yəni quruda keçirilən bu təlimlərin dənizdə də keçirilməsi mümkündür”.

Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Teymur Qasımlı Türkiyə Azərbaycan Pakistan hərbçilərinin yaxın müddət ərzində Egey və Aralıq dənizdə baş tutacaq hərbi təlimi haqda yayılan xəbərləri şərh edərkən deyib.
 
Onun sözlərinə görə, 44 günlük vətən müharibəsində bizim yanımızda olan və dəstək verən Türkiyə və Pakistanla ittifaqımızı günü-gündən inkişaf etdirməliyik:

"Ümumiyyətlə hər üç ölkə hərbçilərinin iştirakı ilə quruda və suda keçirilən hərbi təlimlər, dövlət başçıları və ölkə rəhbərlərinin görüşləri ondan xəbər verir
ki, Türkiyə-Azərbaycan-Pakistan, yəni TAP ittifaqı formalaşır. O ki qaldı, Türkiyə-Azərbaycan-Pakistan hərbiçilərinin yaxın müddət ərzində Egey və Aralıq dənizdə baş tutacaq hərbi təliminə deyə bilərəm ki, bu təlim ilk növbədə Türkiyənin rəqiblərinə veriləcək ciddi bir mesaj olacaq. Bildiyiniz kimi, rəsmi Ankara əleyhinə müəyyən bir koalisya qurulur. Bu təlimlə elə həmin koalisiyaya da ciddi zərbə ola bilər”.

Politoloq qeyd edib ki, Türkiyə-Azərbaycan-Pakistan hərbiçilərinin iştirakı ilə Pakistanda da təlimlər keçirilə bilər:
 
"Ümumiyyətlə üç ölkə arasında keçirilən hərbi təlimlərin bir məqsədi təcrübə mübadiləsi və hərbi əməkdaşlıq olsa da bir səbəbi də 3 ölkənin rəqiblərinə ciddi mesaj verməkdir. Bu mənada Pakistanda da keçiriləcək bir Türkiyə-Azərbaycan hərbi təlimi rəsmi İslamabadın rəqiblərinə ciddi mesj ola bilər.”
 
T. Qasımlının sözlərinə görə, TAP ittifaqının qurulması mümkündür, lakin bunu zaman göstərəcək:

"Məsələ ondadır ki, dövlətlər arasında qardaşlıq, dostluq münasibətləri heç də əbədi olmur. Yəni bugünkü reallıqlarla belə bir ittifaqın olması mümkündür, lakin gələcəyin bizə nələri gətirəcəyini bilmək olmur”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR