\"Aprelin birinci on günlüyünə qədər özünüzü qoruya bilsəniz...\" - Professordan \"Omicron\" xəbərdarlığı

\
"Bu gün böyük əksəriyyət "qrippoz” vəziyyətdədir. Lakin bu halın "Omicron” ştamı ilə birbaşa bağlılığı yoxdur”.
 
Sfera.az bildirir ki, bunu tibb elmləri doktoru Musa Qəniyev deyib. O bildirib ki, sözügedən vəziyyət dövrü olaraq ildə 2-3 dəfə yoluxan, patogenlik və yoluxuculuq qabiliyyəti yüksəlmiş, adi viral infeksiyadır:

"Aktiv davam etmə müddəti isə, 5-7 gündür. Odur ki, bu halın meydana çıxması da, qorxuya və təlaşa düşməyə əsas verməməlidir. PZR testinə mütləq selektivlik xas olmadığından, yuxarı tənəffüs yollarının kəskinləşmiş viral təbiətli bütün infeksiyaları, o cümlədən "common cold” yəni "adi soyuqlama” halında belə, bu test 1/4 nisbətində müsbət ola bilər. Bu, COVİD-19-a yoluxma deyil, virus daşımadır, yəni təkcə "Omicron” və ya digər patogen ştamın deyil, həm də koronavirusun 229E, OK43, NL63 və ya HUK1 kimi şərti patogen ştamlarından birini daşımağın göstəricisidir. Buna görə də,  PZR testinin hətta müsbət olması belə, "COVİD-19-a yoluxmuşam” deyə vaxtından əvvəl qorxuya düşməyə əsas vermir”.

Professor qeyd edib ki, xüsusi narahatlığa səbəb olan digər məsələ, "Omicron” ştamının guya uşaqlar üçün daha qorxulu olması fikridir:

"Bağçaya  və məktəbə getməyən uşaqlar il ərzində 2-3, gedənlər isə 12-13, hətta 14 dəfə, "qrippoz” vəziyyət verən fəsli infeksiyaya yoluxa bilər. Hazırda bu statistikanın artmasına səbəb isə, karantin tədbirlərinə görə, zamanında uşaqların ev şəraitində təcrid olunması və onlara maska taxdırılaraq, kollektivdən uzaqlaşdırılmasıdır. Yəni bu, nə COVİD-19,  nə də bəzilərinin dediyi kimi qripdir. Çünki qrip çox kəskin klinik əlamətlərlə keçən ağır infeksiyadır.

Koronavirusa gəldikdə isə, bu virusların bağlandığı hədəf- ACE 2 reseptorları, qız uşaqlarında 11, oğlan uşaqlarında isə 12 yaşa qədər inaktiv-supressiya halında olur. Tam formalaşması yetkinlik, yəni 19 yaşında tamamlanır. Odur ki,  məlum yaş qrupları üzrə, uşaqda ağır xronik xəstəlik və ya irsi genetik patologiya yoxdursa, onlar hətta koronavirusa yoluxsa belə, onu çox yüngül keçirirlər.  Lakin həm özünüzü, həm də uşaqları sadəcə olaraq qoruyun - çox yox, aprel ayının birinci on günlüyünə qədər. Yəni fəsli viral infeksiyaların sönməyə başladığı dövrə qədər”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR