ABŞ-la ilk danışıqlardan sonra “Taliban” bəyanatı: Doha Sazişi icra ediləcək
14:09 / 12.10.2021
952
"Taliban”
sözçüsü Zabihullah Mücahid Tvitter hesabında ABŞ nümayəndələri ilə baş tutan
görüş barədə paylaşım edib.
Sfera.az xəbər
verir ki, Qətərin paytaxtı Dohada keçirilən görüşün problemləri həll etmək üçün
yaxşı bir fürsət olduğu ifadə edilib. Görüşdə siyasi məsələlərin ətraflı
müzakirə edildiyi bildirilib və "Taliban” problemlərin həllinin ən yaxşı
yolunun 2020-ci ilin fevral ayında tərəflər arasında imzalanan Doha Sazişini
tam şəkildə həyata keçirmək olduğunu vurğulayıb.
Açıqlamada ABŞ
nümayəndələrinin Vaşinqton rəhbərliyinin əfqan xalqına humanitar yardım
çatdıracağını və digər humanitar təşkilatların işini asanlaşdıracağını söylədiyi
vurğulanıb.
ABŞ Dövlət
Departamentinin sözçüsü Ned Prays, danışıqlarla əlaqədar yazılı açıqlamasında
Əfqanıstanı tərk etmək istəyən amerikalıların və digər ölkələrin vətəndaşlarının
təhlükəsiz çıxışının təmin edilməsi məsələsinin prioritet olduğunu qeyd edib.
Açıqlamada
qadınların adekvat təmsil olunması da daxil olmaqla, ölkədəki insan haqları
problemlərinin müzakirə edildiyi və ABŞ-ın Əfqanıstan xalqına bilavasitə kömək
edəcəyi bildirilib.
Əzizə Zeynal