"ABŞ Ermənistana maliyyə yardımı ayıracaq, Paşinyan hakimiyyətə gələcək" - Regionda mənzərə dəyişir...

Məlum olduğu kimi ABŞ prezidenti Baydenin qondarma erməni soyqırımını tanıması Türkiyə ilə münasibətləri daha da gərginləşdirib.
Münasibətlərin gərginləşməsi fonunda erməni lobbisinin Baydenlə yaxın ittifaq qurması da göz önündədir.
 
Maraqlıdır, bundan sonrakı mərhələdə ABŞ-Türkiyə münasibətlərinin kəskin fazaya daxil olması region üçün nə ilə nəticələnəcək? ABŞ-Ermənistan yaxınlığı Yerevanda keçirilən seçkilərə də təsir edəcəkmi?
 
Məsələ ətrafında Sfera.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bundan sonrakı mərhələdə Ankaranın daha müstəqil siyasət apararaq inkişaf edəcəyini bildirib:
 
"Co Bayden ABŞ prezidenti seçildikdən sonra Türkiyə ABŞ arasında münasibətlərin gərginləşəcəyi gözlənilirdi. Baydenin seçki marafonunda Türkiyə prezidenti Ərdoğana hərbi çevrilişə dəstəklə bağlı fikrini ifadə etməsi buna nümunə ola bilər. Ankarada da gözləyirdilər ki. Baydendən sonra Türkiyə-ABŞ münasibətləri gərginləşəcək. ABŞ-ın Türkiyəni S-35 proqramından çıxarması, davamında da qondarma soyqırım ifadəsinin işlədilməsi Türkiyə-ABŞ arasında müttəfiqlik münasibətlərində sınma nöqtəsi oldu. Ümumiyyətlə regionda ümumi bir yeni nizam formalaşır. Baş verənlər Ankara üçün xüsusi əhəmiyyət kəsb edir. Ankara Vaşinqtondan asılı olmayaraq daha da müstəqil siyasət aparacaq, öz dəsti-xəttini inkişaf etdirəcək". 

M.Əsədullazadə ABŞ-ın regionda mövqeyini saxlaya bilməyəcəyini diqqətə çatdırıb:

"İki ölkə arasında NATO müttəfiqliyinə baxmayaraq, artıq belə bir müttəfiqliyin yalnız sənəd üzərində olduğunu qeyd edə bilərik. İndiki situasiyada məhz soyqırım ifadəsinin işlədilməsi, Türkiyə rəsmilərinə qarşı müəyyən sanksiyalar artıq bundan sonra ABŞ-ın Türkiyəni daha da küncə sıxışdıracağını istisna etmir. Bu regionda artıq ABŞ-ın Türkiyə ilə birgə deyil, Yunanıstanla birgə çıxış etməsinə gətirib çıxaran prosesdir. Əlbəttə ki, bu Azərbaycanla münasibətlərə də təsir edəcək. ABŞ-ın Azərbaycanla əlaqələrində də soyuqluq yarandığını biz hiss edə bilərik və bundan sonra da ABŞ-ın Türkiyə ilə Azərbaycan əlaqələrində ciddi yaxınlıq olmayacaq. Ümumiyyətlə, qondarma erməni soyqırımına münasibətinə görə bundan sonra bu istiqamətdə ABŞ-ın regionda öz mövqeyini saxlaması mümkün deyil". 

Müsahibimizn sözlərinə görə, Baydenin Azərbaycanla bağlı mövqeyi ona mənfi təsir edəcək:

"Onu da qeyd edim ki, Bayden adminstrasiyasının yeni strategiyasında Türkiyə və Cənubi Qafqazda Azərbaycanla bağlı tutduğu mövqe ABŞ-ın öz strategiyasına mənfi təsir edir. Bu heç də Azərbaycan və Türkiyənin zəifləməsi deyil, daha da güclənməsinə və müttəfiqlik əlaqələrinin artmasına gətirib çıxaracaq. Bunun hər hansı mənfi təsirini görmürəm. Sadəcə burada qazanan müəyyən dərəcədə Rusiyadır. Bu, Qərbin Rusiyanı sıxışdırması və Rusiyanın da bundan istifadə etməsinə əlverişli situasiyadır". 

Ekspert ABŞ-Ermənistan münasibətlərinin bundan sonrakı inkişafı ilə bağlı proqnozlarını da səsləndirib:

"ABŞ-ın üstünlük verdiyi namizəd Paşinyandır. Erməni lobbisinin qibtəsi ilə də Bayden adminstrasiyası Ermənistana dəstək verəcək. Seçki ərəfəsində də Bayden adminstrasiyası Paşinyanı dəstəkləyərək Ermənistana maliyyə yardımlarını daha da artıracaq. 

ABŞ adminstrasiyası Cənubi Qafqazda təkcə Ermənistan üzərindən siyasət aparacaqsa, bu da uğurlu olmayacaq. Regionun açar ölkəsi Azərbaycandır. Azərbaycanla xüsusi əlaqələr, əməkdaşlıq qurulmasa, ABŞ-ın Cənubi Qafqazla bağlı siyasətinin güclənməsi alınmayacaq. Ümumiyyətlə, ABŞ-Ermənistan əlaqələri ABŞ-la Azərbaycan arasında siyasi-iqtisadi əlaqələrin inkişafından asılıdır. ABŞ Ermənistanı iqtisadi dalandan çıxarmaq istəyirsə, Azərbaycansız bu məsələ mümkün deyil". 

Əzizə Zeynal
Sfera.az


OXŞAR XƏBƏRLƏR