Sınmışların kini: müxalifətin gülməli vəziyyəti

Sınmışların kini: müxalifətin gülməli vəziyyəti
Uğursuzların, acizlərin, sınmışların ambisiyaları böyük, istəkləri hüdudsuz, acıları hədsiz olur. Belə insanlara inanmaq sadəlövhlüyün ən pis təzahürü sayıla bilər.

Onlar şəfqətli görünməyə, sərtliyə qarşı çıxdıqlarını söyləməyə çalışsalar da, belə deyil.

Əllərinə kiçik imkan düşərsə, maskaları yırtılır, kim olduqları dərhal aşkarlanır. Çünki qalib insan zalım ola bilməz, bilmir də.

Məğlubiyyətə məhkum olanlar geriliklərinin qisasını almağa çalışırlar: fürsət düşən kimi. Belələri onlarla razı olmayanları edama sürükləməyi də bacarırlar və arzulayırlar da. Çünki edam kəndirinin nədən ibarət olduğunu yaxşı bilirlər.

Axı marionetkalar həmişə ipdən asılı olduqları üçün iplə davranışın da qaydalarına bələddirlər. Və onların ən böyük arzuları asıldıqları, onları idarə edən ipdən qurtulub indiyədək onların səhnədəki oyunlarına baxan tamaşaçıları kölə etmək, öz hallarına salmaqdır.

Marionetlər həmişə canlıları marioent etməyi arzulayırlar.

Uğursuz adam hər kəsə, həmişə nifrət püskürür, qisas almağa çalışır.

AXCP sədri Əli Kərimli və onun yandaşı, "Milli Şura” adlı marionetlər dərnəyinin "lider”i Cəmil Həsənli kimi.

Bu ikili barəsində çox yazıram. Çünki ikisi də mənə həm siyasət sevdalısı və iddialısı olan insan, həm də müxalifət düşərgəsindəki proseslərin mərkəzində olan, idarə etdiklərini düşündükləri halda idarə olunan fiqurlar qismində maraqlıdır.


Onların ikisi də son günlər əvvəlki amplualarından çıxış edərək dəfələrlə dəyişərək sonda seçdikləri dəst-xəttə xəyanət etməyiblər və buyurublar ki, Azərbaycanda heç bir islahatlar aparılmır, hakimiyyət yalan danışır, vətəndaşlar zülm çəkir və ümumiyyətlə, insanlarımızın yeganə nicat yolu AXCP-"Milli Şura” duumviratıdır.

Halbuki…

"Biz indi inkişafımızın yeni mərhələsindəyik”. Bunu Azərbaycanın dövlət başçısı İlham Əliyev deyib.

AXCP sədri Əli Kərimli və "Milli Şura”nın "lider”i Cəmil Həsənli anlamağa çətinlik çəkə bilərlər, bəzi məqamlar onlara qaranlıq qalar. Bu səbəbdən də qərəz və merkantil maraqlar çərçivəsindən kənara çıxa bilməyərək yaşananlara subyektivizm bucağından baxan bu kəslərə başa salaq.

İlham Əliyev "yeni mərhələ” dedikdə ölkə iqtisadiyyatında aparılan son islahatların, vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin təbii sərvətlər, xüsusilə də enerjidaşıyıcılarının hasilatı və satışından əldə edilən gəlirlər hesabına aparılmadığını vurğulayır.

İdarəetmə sistemi yenilənir, dövlətin vətəndaş qarşısındakı öhdəliklərinin daha sürətli və fəal yerinə yetirilməsi təmin olunur, ən başlıcası isə sosial təminata ayrılan vəsait artırılır. Büdcə gəlirlərinin əhəmiyyətli hissəsi məhz ölkənin ən böyük sərvətinin – insan kapitalının formalaşmasına yönəldilir.

İstənilən formatlı obyektiv araşdırma göstərər ki, maaşların, müavinətlərin, sosial ödənişlərin və təqaüdlərin son artımı məhz islahatlar hesabına əldə edilən vəsait hesabına maliyyələşdirilib.

İslahatlar davam edir və deməli, dövlət büdcəsindən sosial sahəyə ayırmalar daha da artacaq.

Bu, artıq aprior olmaqla bahəm, məntiqi proses formasını alıb.

Vəsait, sadəcə, vergilər və gömrük sektorlarında aparılan islahatlar hesabına əldə olunmuş təqribən 200 milyon manatlıq əlavə gəlirə əsaslanmır. Bəhs olunan məbləğ çox geniş struktur islahatlarının, sadəcə, kiçik seqmentidir.

Azərbaycanın əlavə, daha doğrusu proqnozlaşdırılan və reallığı çox yüksək olan gəlirləri həm də milli valyutanın üzən kursunun stabilləşməsi, iqtisadi staqnasiyanın qarşısının alınması, transregional və qlobal layihələrin gerçəkləşdirilməsinin verdiyi dividentlər, habelə ölkə iqtisadiyyatının qeyri-neft sektorunun sürətli inkişafı hesabına toplanacaq.

Planlar qəflətən hazırlanmayıb və gümanlara əsaslanmır. Əksinə, ölkənin strateji inkişafının "yol xəritəsi” dəqiqliklə hesablanıb, taktiki variasiyalar və strateji istiqamətlərin hamısını ehtiva edir.

Təbii, Azərbaycan absolyut çəkisizlikdə, kosmosda olan əlahiddə planet deyil və dünya iqtisadiyyatındakı konyuktur, dəyişikliklər və maraqlar toqquşması ölkəmizə də ciddi təsir edir.

Məsələ həmin çağırışlara cavab vermək, mənfi yüklü proseslərin ölkəmizə təsirini minimuma endirməkdir.


Və ən sonda: dövlət başçısı məmurların fəaliyyətinə vətəndaş nəzarətinin artırılmasını, ciddi ictimai kontrolu istəyir. Bu isə idarəetmə sistemində köklü islahatların intişarı olmaqla yanaşı, cəmiyyətə ciddi ismarıcdır.

Yəni qərarlar ikinci və ya üçüncü əldən təqdim olunan informasiyalar yox, bilavasitə vətəndaşın özündən alınan məlumat əsasında qəbul ediləcək.

Beləliklə, Azərbaycan hakimiyyəti postsovet məkanındakı kleptokratiya və ya oxlokratiya mexanizmlərini birdəfəlik rədd etmiş sistemi təki populist bəyanatlara yox, real işə söykənən idarəetməni daha da təkmilləşdirmək niyyətində olduğunu göstərir.

Məhz bu səbəbdən hakimiyyət dayanıqlıdır və xalqın, yəni "demos”un dəstəyinə arxalanır.

Demokratiyanın bir variasiyası da budur: xaricdə və daxildəki əql bəlalıları bizə sürəkli "demokratiya dərsləri” keçməyə çalışsalar da.

Əli Kərimli nə deyir?

Bloqer, həm də partiya sədri Əli Kərimli Facebook səhifəsində yazıb: "Yaxından baxdığı üçün İlham Əliyevin nələr etdiyini və hara getdiyini dəqiq görə bilməyənlər Venesuela prezidenti Maduroya uzaqdan baxsınlar. Uzaqdan daha aydın görünür bütün baş verənlər. Maduro da dünyanın neftlə ən zingin ölkəsinə rəhbərlik edirdi. Xalqına deyil, xarici havadarlarına güvənirdi. Ölkəni aclıq və səfalət həddinə gətirib, xalqın 90 faizini özünə qarşı birləşdirib. 5 ildir ki, Venesuela xalqı meydanlardadır. Bu yolda yüzlərlə insan həyatını qurban verib. Dünən Maduro Kubaya qaçmaq istəyərkən Rusiyadan gələn bir zəng onun fikrini dəyişib. Ondan tələb olunub ki, xalqına qarşı sona qədər dirənsin, qan tökməkdən çəkinməsin”.

Geosiyasi "təhlil”ində neopolitoloq Kərimli daha sonra buyurub ki, sən demə, Maduronun zəbt etdiyi kürsüdən rədd ediləcəyi gün kimi aydındır.

"Proses uzansa da, Venesuela xalqı qərarını verib. Tədricәn olsa da, hərbçilər də xalqın tərəfinə keçir. Ancaq xarici qüvvələr öz geopolitik maraqlarına görə ona oyundan çıxmağa imkan vermirlər. Ondan sona qədər öz maraqları üçün istifadə edirlər. Maduro da xalqına qarşı törətdiyi cinayətləri artırmaqla özünə faciəli bir sonluq hazırlayır. Cəzası ağır olacaq”, – Kərimli yazıb.

Və Venesuela prezidenti Nikolas Maduronun taleyini həll edib. Sadəcə, Kərimlinin mövcudluğundan nə Maduronun, nə də venesuelalıların xəbərləri olmadığından Karakasda qarşıdurma davam edir.

AXCP sədrinin siyasi təhlil qabiliyyəti ilə analitik bacarığının hansı səviyyədə olduğunu elə bəhs etdiyim iqtibaslar ortaya qoyur.

Əli Kərimli hələ də dərk etmir ki, Azərbaycan Venesuela deyil. Ölkəmiz qeyri-neft sektorunu sürətlə inkişaf etdirir, xalqla hakimiyyət arasında uçurum yoxdur, heç bir ölkə və ya beynəlxalq təşkilat Azərbaycana birbaşa təsir (təzyiq) edə bilməyib və bilmir. Ən başlıcası isə, Əli Kərimli və radikallaşmış müxalifətdəki digər fiqurlar venesuelalılar müxalifət liderləri təki xalq arasında populyar deyillər, ola da bilməzlər.


Venesuelada müxalifət liderləri birbaşa ABŞ-dan maliyyələşib idarə olunsalar da, yüz minlərlə insanı 5 ildən bəri küçələrə çıxara bilirlər.

Əli Kərimlinin sosial şəbəkələrdəki, xüsusilə də Facebook-dakı "müridləri” nə zamandan xalq olub ki, AXCP sədri uzaq Venesuela ilə analogiyalar aparmaq cəhdlərində bulunur?!

Tragikomediyadır bu.

"Milli Şura”nın lideri Cəmil Həsənlinin iqtisadi-sosial "şərh”ləri kimi. Dəfələrlə demişəm və bir daha təkrarlayıram: professor Həsənli yaxşı pedaqoq, yaxud tarixçi ola bilərdi, ola bilmədi.

O, indi yaxşı siyasətçi kimi görünməyə çalışır, alınmır.

Siyasət tarixçilik deyil, siyasi proseslərin şərhi də arxiv məlumatlarının məcmusunun sinopsisi heç deyil.

Amma nə olsun, Cəmil Həsənli utanmayanın oynaya bildiyini aksiomatik şəkildə sübut etməyə çalışaraq Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasını Facebook səhifəsində şərh edib.

Daha doğrusu, cəhb edib. Yazıb ki, bəs Azərbaycan zülmətdədir, vətəndaşlar az qalır acından ölsün, kütləvi işsizlikdi, aclıqdı, pislikdi və buna rəğmən, dövlət başçısının iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov "Milli Şura”nın dediklərinin tam tərsini söyləyib.

"Vallah gülməlidir” kəlmələri ilə başlayan sosial şəbəkə bəyanatında pruf ("prof” yox, çünki "prof” qısalması "professonal” sözündəndir, "pruf” isə nəyəsə istinaddır) Cəmil Həsənli buyurub: "Bu təriflər əvəzinə Natiq Əmirov Azərbaycan vətəndaşlarının minimum və orta əmək haqqının, pensiyaların orta göstəricilərinin qonşu respublikaların müvafiq göstəricilərindən niyə aşağı olmasının iqtisadi səbəblərini izah edə bilərdi.  Möhtərəm köməkçi aydınlıq gətirməli idi ki, hansı uğurlu iqtisadi siyasət nəticəsində hesabat dövründə ölkəyə idxal mallarının həcmi 49% artıb, yerli malların bazarda payı 71%-dən 33%-ə enib, qiymətlər məhsul bazarında 14 faizdən çox artıb”.

Və sair və ilaxır.

"Qonşu respublikalar” dedikdə Ermənistanla və Gürcüstanı nəzərdə tutan Cəmil Həsənlinin diqqətinə çatdırım ki, siyasətçi qonşu ölkələr barədə "respublikalar” ifadəsini bir qədər az işlətməlidi. Respublika dövlət idarəetmə formasıdı, dünya ölkələrinin əksəriyyəti də respublikadı.

Ermənistanla Gürcüstanı ölkəmizlə müqayisə edəndə obyektiv amillər mütləq nəzərə alınmalı, statistika ortaya qoyulmalıdı. Həmin statistikaya görə, Azərbaycanın daxili investisiyaları və kapital qoyuluşları qonşu ölkələrdən dəfələrlə çoxdur. İqtisadiyyatı səciyyələndirən əsas məqam budur, pruf Həsənli.

Orta əmək haqqı, pensiyalar, müavinətlər və s. baxımından da Azərbaycan irəlidədir. Sübut çox asandır.

İdxal mallarının artması, yerli malların bazar payının azalması barədə iddialar da sırf demaqogiyadı, rəqəm oyunbazlığıdı. İdxalın həcmi, yerlim alların bazar payı və s. məqamlara təsir edən çox amillər var.

Məsələn, Azərbaycan bu ay 300 milyon dollarlıq milyard dollarlıq dəzgah və ya 100 milyon dollarlıq silah alarsa, avtomatik olaraq idxal mallarının orta çəkisi ilə məbləği artacaq, deyilmi?!

Dünyanın heç bir iqtisadiyyatının da sırf yerli malların istehsalı və istehlakı hesabına mövcud olmadığını da sayğılı pruf Cəmil Həsənliyə xatırlatmağa – məsələn, ABŞ-da yüngül sənaye, tekstil, alüminium, polad profillər, silikon yarımfabrikatlar və daha 23456 (!) adda malla məhsulun seqmentində idxalın orta həcminin çox olduğunu yazmağa ehtiyac varmı?!

Bəlkə Cəmil Həsənli kartof, soğan və ya kələm yetişdirməyin miqyasın artırmaqla yanaşı, mobil telefon, mikroçiplər, qrafen platalar istehsalına da başlamağımızı arzulayır?!

Bunun bir adı var – absurd.

… Kiçik, geosiyasi baxımdan olduqca mürəkkəb bölgədə yerləşən, ərazisinin 20 faizi işğal altında olan, 1 milyon qaçqın və köçkün vətəndaşını iş, ev və maddi rifahla təmin etməli ölkəni düşünün. Hər an müharibənin başlayacağı şəraitdə müdafiə xərclərini sürəkli artırmalı, ordusun gücləndirməli, dünyanın bir sıra ölkələrində ciddi və güclü diaspor təşkilatlarına malik düşmənin təzyiqlərinə sinə gərməli, oyuncaq "müstəqil” beynəlxalq təşkilatlar vasitəsilə ağır təzyiqlər göstərilməyə çalışıldığı bir ölkə.


O ölkə ki, xalqdan danışıb sosial şəbəkələrdə bloqerlik edən siyasət uğursuzları ölkədən kənardakı muzdlu "vətənpərvərlər”lə əlbir olub aldıqları sifarişləri və göstərişləri yerinə yetirirlər.

Həmin ölkə bizik, həmin siyasət fiqurantları da onlar.

Müxtəlif "link”lərin "pruf”ları olanların sifarişləri azalmır, yerinə yetirməli olduqları əmrlər və göstərişlər çeşidlənir. Məhz bu səbəbdən onlar ən normal hadisəyə, prosesə və olaya belə kinli, çılğın reaksiya verirlər.

OXŞAR XƏBƏRLƏR

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...