Sİyasət

“Münaqişə Minsk qrupu həmsədrlərinin monopoliyasından çıxmalıdır”

“Münaqişə Minsk qrupu həmsədrlərinin monopoliyasından çıxmalıdır”
"Münaqişə birmənalı olaraq, Minsk qrupu həmsədrlərinin monopoliyasından çıxmalıdır”.
 
Sfera.az-a açıqlamasında bu sözləri ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə olan növbəti səfərini dəyərləndirərkən "Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı deyib:
 
"ATƏT-in Minsk qrupu həmsədrləri periodik olaraq regiona səfərlər edir. Bu səfərlər çərçivəsində onlar münaqişə tərəfi olan dövlətlərin bəzi hallarda xarici işlər nazirləri, digər hallarda isə dövlət başçıları ilə də görüşürlər. Bir çox hallarda onlar hətta müdafiə nazirlərilə görüşüb. Bəzən də elə olur ki, bu çərçivəni genişləndirərək, münaqişədən əziyyət çəkən azərbaycanlı məcburi köçkünlərlə təmaslarda olurlar. Bütün bunlar onların periodik fəaliyyətinin bir parçasıdır. Eyni zamanda, son dövrlər Azərbaycan və Ermənistan rəsmilərinin də bir sıra görüşləri olub. Münaqişənin həllilə bağlı beynəlxalq vasitəçilərin müəyyən təkliflərinin olduğu da söylənilib.
 
Ermənistandakı son proseslərdən sonra münaqişənin həlli istiqamətində bəzi ümidlər yarandı. Bu ümidləri, həmsədrlər, digər beynəlxalq cəmiyyətlər də yaratmışdı. Bu mənada hər iki cəmiyyətdə təbii ki, bir gözlənti və impuls yaranmışdı. Lakin o da reallaşmadı.
 
Həmsədrlərin fəaliyyətinə gəldikdə, onların bu illər ərzində gördüyü işlər daha çox münaqişənin dondurulmuş vəziyyətinin qorunub saxlanılmasına xidmət edib. Bu mənada da həmsədrlərin regiona olan səfərlərini bir çox hallarda səfər xatirinə edilmiş səfər kimi də qiymətləndirirlər. Cəmiyyətin prosesi bu şəkildə dəyərləndirməsi haqlı məqamlardan qaynaqlanır. Çünki həmsədrlərin səfərləri münaqişənin həlli istiqamətində adətən konkret nəticəyə istiqamətlənmir. Hesab olunur ki, onların fəaliyyəti Minsk qrupunun formatını qorumağa hesablanıb, nəinki münaqişənin həllinə. Nəticədə Azərbaycan cəmiyyətində ATƏT-in Minsk qrupuna olan inam zəifləyib. Bu zəifləmə də öz növbəsində alternativ axtarışların mütəmadi olaraq gündəmə gəlməsinə səbəb olur. Həmsədrlərin son səfərləri də praktik nəticə verməsə, Azərbaycan tərəfinin haqqı var ki, həmsədrlik institutundan imtina etməsə də, ən azından münaqişənin həllini həmsədrlərin monopoliyasından çıxarmaqla bağlı tələbi ortaya qoysun. Yəni həmsədrlərin fəaliyyəti praktik olaraq münaqişənin həllinə istiqamətlənməlidir. Praktik nəticə yaratmırsa, münaqişə Minsk qrupu həmsədrlərinin monopoliyasından çıxmalıdır. Bu birmənalıdır. Həmin istiqamətdə digər beynəlxalq qurumlara, ayrı-ayrı dövlətlərə də müraciət etmək olar. Lakin bu heç də birmənalı şəkildə Minsk qrupunu kənara atmaq demək deyil, O da varlığını davam etdirə bilər”.
 
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşikin regiona səfəri başlayıb. Onlar artıq Ermənistandadır. Ardınca həmsədrlərin Azərbaycana da səfəri gözlənilir.
 
ELÇİN

Sfera.az












 
AdRiver

XƏBƏR LENTİ