Media bu videonu yaymamalı idi, amma... – Elçin Şıxlıdan şok

Media bu videonu yaymamalı idi, amma... – Elçin Şıxlıdan şok
Bəli, mən də düşünürəm ki, bunu media işıqlandırmamalı idi. Ancaq media işıqlandırmasaydı, hüquq-mühafizə orqanları buna əhəmiyyət verəcək, bunun ziyanının qarşısını almaq üçün hərəkətə keçəcəkdimi?

Bu sözləri Axar.az-a Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı ötən gün sosial şəbəkələrdə yayılan 3 xanım və 2 oğlanın videosunu medianın da paylaşmasına münasibət bildirərkən deyib.

E.Şıxlı bildirib ki, media bu mövzuya toxunmasaydı və bunun ətrafında reaksiyalar yaratmasaydı, sosial şəbəkələrdə paylaşılan bu görüntü ilə bağlı hüquqi addımlar atmaq kimsənin bəlkə də yadına düşməyəcəkdi:

"Əlbəttə, peşəkar media bu videonu yaymamalıdır. Məsələn, mən bu videonu əsla yaymazdım, bu mövzunu işıqlandırmazdım. Çünki bu, medianın diqqət edəcəyi məsələ deyil, bunun təbliğatı fəsadlar yarada bilər. Bu cür hal axı ilk dəfə deyil, həmişə olub və indi də bu cür videolar Yutubda doludur. Bu səbəbdən də problemi mediada axtarmayın, problem cəmiyyətdədir. Cəmiyyətdə o qədər güclü ictimai qınaq olmalıdır ki, bu adamlar hətta belə bir şey etsələr də, bunu ortalığa çıxarmağa utanmalıdırlar.

İctimai qınaq yoxdur. Narazı olanlar belə videonu izləyir, kiməsə yollayır, yayılmasına, baxış sayının artmasına səbəb olur. Bunun maraq doğurduğunu görən eyni ağılda olan insanlar da ondan daha betərlərini çəkərək yayırlar ki, populyarlıq qazana bilsinlər.

Bəli, mən də düşünürəm ki, bu videonu media işıqlandırmamalı idi. Ancaq media işıqlandırmasaydı, hüquq-mühafizə orqanları buna əhəmiyyət verəcək, bunun ziyanının qarşısını almaq üçün hərəkətə keçəcəkdimi? Videonu çəkənləri, yayanları media üzə çıxardı, bunu nəzərdən qaçırmayın”.

E.Şıxlı bildirib ki, medianın işi belə məlumatları işıqlandırmaq deyil:

"Klassik media belə videoları yaymamalıdır. Qanunda da var ki, əgər kimsə kiməsə qarşı təhqirə və ya başqa bir pozuntuya yol verirsə, buna cavabdeh ancaq bir adamdır. Ancaq media həmin o bir nüsxədə yayılan hansısa pozuntunu tirajlayırsa, media da həmin şəxs qədər cavabdeh olur. Elementar qanunlar var ki, media bunları bilməli və əməl etməlidir. Yəni video heç bir halda yayılmamalı idi".

Media eksperti Qulu Məhərrəmli isə bildirib ki, media ictimai əhəmiyyəti olan məlumatı, materialı işıqlandırmalıdır. Bir məlumat ki əxlaqsızlığı, səviyyəsizliyi, bayağılığı təbliğ edir, bu barədə ümumiyyətlə danışmağa dəyməz:

"Hansısa psixikası pozulmuş insan belə videolar yayacaqsa, media buna münasibət bildirməli deyil. Burada medialıq bir şey yoxdur. Medianın bunu müzakirə predmetinə çevirməsi səviyyəsizlikdir. Saytlar, KİV-lər bu barədə ciddi düşünməlidir.

İnternetlə, Yutubla bağlı müəyyən etik qaydalar var. Bu qaydalar gözlənilməlidir. Media rəhbərlərinə hər hansı qadağa qoymağa ehtiyac yoxdur. Onların KİV-in tələblərinə, qaydalarına riayət etmələri, öz peşələrinə hörmət etmələri kifayətdir.

Ən pisi isə odur ki, bunu ən çox tirajlayan mediadır. Həvəskarlar buna baxa, bir-birinə göndərə bilərlər. Ancaq media bunu mövzuya çevirəndə, bu artıq medianın özünün də dibdə, çox aşağıda qaldığını göstərir. Medianın missiyası tamam başqadır”.

OXŞAR XƏBƏRLƏR