IBA Tech Akademiyasına daha iki proqram üzrə qəbul başlandı

IBA Tech Akademiyasına daha iki proqram üzrə qəbul başlandı
 
Azərbaycan Beynəlxalq Bankının yaratdığı IBA Tech Akademiyası "Data Analitikası”,
"Kibertəhlükəsizlik və sistem inzibatçılığı” istiqamətləri üzrə yeni qəbul proqramını elan edib.
Bu proqramların hər biri üzrə Akademiyaya 25 tələbə qəbul olunacaq. Onlar 3 ay müddətində
intensiv bootcamp kurslarında iştirak edərək müvafiq istiqamətlərdə proqramlaşdırma
biliklərinə yiyələnəcəklər.
Ölkəmizin əmək bazarında informasiya texnologiyaları mütəxəssislərinə olan ehtiyacı
nəzərə alaraq yaradılmış IBA Tech Akademiyasının yeni qəbul proqramı üçün məhz "Data
Analitikası”, eləcə də "Kibertəhlükəsizlik və sistem inzibatçılığı” istiqamətlərinin seçilməsi
təsadüfi deyil. Data analitikası və kibertəhlükəsizlik məsələləri hazırda bütün dünyada
getdikcə aktuallaşır. Bu sahənin peşəkar mütəxəssislərinə həm ölkəmizdə, həm də qlobal
əmək bazarında tələbat artır. IBA Tech Akademiyasında bu sahələr üzrə bilik və bacarıqlara
yiyələnən tələbələr özlərinə qısa müddətdə uğurlu karyera qura biləcəklər.
Bu istiqamətlər üzrə Akademiyaya qəbul olunmaq istəyən şəxslər 24 yanvardan 29
fevraladək Akademiyanın rəsmi Facebook və internet səhifəsi üzərindən onlayn ərizə göndərə
bilərlər: www.ibatech.az
Onlayn ərizələr göndərildikdən sonra namizədlərin seçimi 4 mərhələdə aparılacaq:
motivasiya məktubu, texniki test, məntiq testi və fərdi müsahibə. Təlimlərsə martın 14-dən
başlayaraq 3 ay davam edəcək.
IBA Tech Akademiyası Bakı şəhəri, Neftçi Qurban küçəsi - 29 ünvanında yerləşən
müasir biznes mərkəzində fəaliyyət göstərir. Tələbələrin rahat gəliş-gedişi üçün nəqliyyat
imkanları təmin edilir.
Akademiyanın fəaliyyətinə İsrail-Ukrayna şirkəti olan DAN.IT təhsil mərkəzi metodoloji
dəstək verir. Ötən ilin sentyabrında fəaliyyətə başlayan IBA Tech Akademiyasına ilk proqram
üzrə qəbul olunmuş tələbələrin 90%-i təlim kurslarını uğurla başa çatdırıb. Onların 60%-i çox
yüksək nəticələr göstərib. IBA Tech Akademiyasının ilk məzunlarından 50 nəfəri ixtisas
istiqamətləri üzrə müxtəlif qurumlarda işlə təmin olunub. Məzunların qalan hissəsi isə
əvvəldən ayrı-ayrı yerlərdə çalışan şəxslər və ali məktəb tələbələridir.
Qeyd edək ki, hazırda IBA Tech Akademiyasına Backend və Mobile Development
proqramlarına qəbul üçün onlayn ərizə göndərmiş namizədlər arasından da seçim prosesi
gedir. Həmin proqramlara qəbul olunmuş tələbələr fevralın 3-dən dərslərə başlayacaqlar.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə
məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli
Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

OXŞAR XƏBƏRLƏR