Hikmət Hacıyev: Ermənistan rəhbərliyi beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd göstərir

Hikmət Hacıyev: Ermənistan rəhbərliyi beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd göstərir
 

Ermənistan baş naziri tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin siyasi, hüquqi və tarixi aspektləri BMT tribunasından tamamilə təhrif olunmuş şəkildə təqdim olunub.

Sfera.az xəbər verir ki, bunu Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Baş naziri Nikol Paşinyanın BMT Baş məclisinin ümumi müzakirələr hissəsində çıxışını şərh edərkən deyib.

H.Hacıyev qeyd edib ki, bu ilin avqust ayında Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində çıxış edərək, Azərbaycanın işğal edilmiş ərazilərinin anneksiyasına çağıran və bununla, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə ciddi zərbə vuran Ermənistan rəhbərliyi indi BMT tribunasından "sülhpərvər” görünməyə, beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd göstərir.

"Birincisi, Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır və ayrılmaz hissəsidir. 5 iyul 1921-ci ildə Kommunist partiyasının Mərkəzi Komitəsi Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanması barədə qərar verib. Ermənilərin yalan iddialarına baxmayaraq, burada "Dağlıq Qarağın Azərbaycana verilməsi” kimi ifadədən istifadə olunmayıb.

Keçən əsrin 80-ci illərindən başlayaraq, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinə (DQMV) açıq iddialar irəli sürüb, zorakı əməlləri və təcavüzkar separatizmi aktiv şəkildə dəstəkləyib.

Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağın birtərəfli qaydada ayrılmasının Sovet qanunlara zidd olması hələ o zaman ali konstitusiya səviyyəsində təsdiqlənib. Azərbaycan müstəqillik əldə etdikdə, həmin dövrdə tətbiq olunan qanunvericiliyə əsasən Dağlıq Qarabağ aydın şəkildə Azərbaycan ərazilərinin tərkib hissəsi hesab olunurdu. Dağlıq Qarabağın "Ermənistana birləşdirilməsi” və ya "müstəqilliyi”nin əldə edilməsi ilə bağlı Ermənistanın iddiaları beynəlxalq hüquqda qəbul edilmiş "uti possidetis” prinsipinə ziddir və bu səbəbdən beynəlxalq hüquq çərçivəsində əsassızdır.

"Uti possidetis” prinsipi aydın şəkildə müəyyən edir ki, Azərbaycanın müstəqilliyini əldə etməmişdən öncə Sovet qanunları ilə müəyyən edilmiş sərhədləri daxilində müstəqilliyini elan edib.

İkincisi, Ermənistanın baş naziri BMT tribunasından danışdığı halda, BMT Nizamnaməsi əsasında ölkəsinin öz üzərinə götürdüyü öhdəliklərini ciddi şəkildə pozması faktının üzərindən sükutla keçir.

Xatırlatmaq istərdik ki, BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinə əsasən "bütün dövlətlər digər dövlətin ərazi bütövlüyü və ya suverenliyinə qarşı” gücdən istifadə və ya gücdən istifadə ilə hədələməkdən çəkinməlidir”.

II Dünya müharibəsinin yekunlarına dair Beynəlxalq Nurenberq Məhkəməsinin qərarları, BMT Nizamnaməsinin "Sülhə təhlükələr, sülhün pozulması, təcavüz aktları ilə bağlı fəaliyyət” adlanan VII fəslinə əsasən işğal və hərbi təcavüz ciddi beynəlxalq cinayət kimi müəyyən olunub.

Ermənistan hərbi gücdən istifadə edərək, Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonu işğal etmiş, işğal edilmiş ərazilərdə Azərbaycan əhalisinə qarşı qanlı etnik təmizləmə törədib. Bu siyasətin nəticəsində bir milyondan artıq soydaşımız hələ də qaçqın və məcburi köçkün şəraitində yaşayır. Həmçinin, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində beynəlxalq humanitar hüquqa zidd olaraq, demoqrafik tərkibin dəyişdirilməsi, Azərbaycan xalqına məxsus maddi-mədəniyyət abidələrinin məhv edilməsi istiqamətində məqsədyönlü fəaliyyət aparır.

BMT Təhlükəsizlik Şurası münaqişə ilə əlaqədar 822, 853, 874 və 884 saylı qətnamələri qəbul edib. Bu qətnamələrdə BMT TŞ Azərbaycana qarşı gücdən istifadəni, Azərbaycanın ərazilərinin işğalını, mülki insanlara qarşı hücumları və Azərbaycanın məskunlaşmış ərazilərinin bombardman edilməsini pisləyir, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edir. Həmçinin, BMT TŞ-nın qətnamələrində güc tətbiq edərək ərazinin əldə edilməsinin qəbuledilməzliyi vurğulanır və işğalçı qüvvələrin tam və qeyd-şərtsiz bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunur.

Ermənistan BMT TŞ-nın və digər beynəlxalq təşkilatlarının qərar və qətnamələrinə məhəl qoymur.

Onu da xatırlatmaq istərdim ki, BMT nizamnaməsinin 25-ci bəndinə görə "BMT üzv dövlətləri Təhlükəsizlik Şurasının qərarlarını bu nizamnaməyə əsasən qəbul etməli və həyata keçirməlidirlər”.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə vasitəçiliyi həyata keçirən ATƏT-in Minsk Qrupunun üzvlərinin mandatının əsasını da TŞ-nın müvafiq qətnamələri təşkil edir. Beynəlxalq ictimaiyyət beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyır və dəstəkləyir.

Üçüncüsü, Ermənistan rəhbərliyi bu münaqişənin Azərbaycan və Ermənistan arasında olan ərazi münaqişəsi olmadığını iddia edir və bunun insan hüquqları məsələsi olduğunu bildirir. BMT TŞ-nın qətnamələri, Avropa İnsan Hüquqları Məhkəməsinin "Çiraqov və digərləri Ermənistana qarşı” işi üzrə qərarı açıq şəkildə sübut edir ki, bu münaqişənin fundamental əsasını güc istifadə edərək ərazilərin işğalı təşkil edir. AİHM-nin verdiktinə görə, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim Ermənistanın siyasi, hərbi, maliyyə və digər dəstəyi sayəsində mövcuddur. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində hərbi mövcudluğu və işğalı davam etdirməsi münaqişənin əsl mahiyyətini açıq şəkildə sübut edir.

Bununla bərabər, əgər Ermənistan rəhbərliyi bu münaqişəni insan hüquqları kontekstində təqdim etmək istəyirsə, onda ölkəsinin bir milyondan artıq azərbaycanlıya qarşı törətdiyi qanlı etnik təmizləməni və onların fundamental hüquqlarının pozulmasını etiraf etmiş olur. İnsan hüquqları universal xarakter daşıyır, işğal və həbi təcavüz yolu ilə bir milyondan artıq zərbaycanlının fundamental hüquqlarını pozduğu halda, Ermənistanın insan hüquqlarından danışması riyakarlıq və cəfəngiyatdır.

Dördüncüsü, Ermənistan rəhbərliyi münaqişənin həllinin Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan üçün məqbul olan düstur əsasında həll edilməli olduğunu deyir. Münaqişənin tərəfləri Ermənistan və Azərbaycandır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları vardır.

Azərbaycanın heç bir dövlətə qarşı ərazi iddiası yoxdur. Münaqişənin Azərbaycan üçün məqbul olan həlli BMT nizamnaməsinə, beynəlxalq hüquqa və ədalətə əsaslanır və bu mövqeyi beynəlxalq ictimaiyyət dəstəkləyir. Münaqişənin həlli üçün Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı, hərbi işğala son qoyulmalı, azərbaycanlı məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalı, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunmalıdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının Azərbaycanın sərhədləri daxilində sülh və təhlükəsizlik şəraitində birgə yaşamasını nəzərdə tutan özünü idarəetmə modeli müəyyən olunmalıdır.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təkrarən istinad etdiyi 9 mart 2019-cu il tarixli bəyanatda münaqişənin həlli üzrə yol xəritəsi təsvir olunub.

Münaqişənin Azərbaycanın ərazi bütövlüyündən kənar həlli modeli mövcud deyil. Münaqişənin tezliklə həlli regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına, hazırda ağır şəraitdə yaşayan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasının güzaranının yaxşılaşmasına, Ermənistanın özünün inkişafına gətirib çıxara bilər.

Ermənistan nəhayət, başa düşməlidir ki, Azərbaycan ərazisinin hərbi işğalı münaqişənin həlli deyil və heç vaxt Ermənistanın arzuladığı siyasi nəticəni verməyəcək.

Ermənistandan vaxtı hədər vermək və ilhaqçı siyasətinə bəraət qazandırmaq üçün əsassız tarixi, populist və demaqoqik arqumentlər axtararaq öz xalqını və beynəlxalq ictimaiyyəti çaşdırmaq əvəzinə, münaqişənin həlli prosesində konstruktiv şəkildə iştirak etməli, beynəlxalq öhdəliklərini yerinə yetirməli və qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır”, - deyə Hikmət Hacıyev bildirib.



OXŞAR XƏBƏRLƏR

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...