“Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”

“Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
 Cərrah-implantoloq Vüqar Qurbanov: "Ölkənin qəhrəmanlarına çevrilən tibb işçilərinə böyük təşəkkür düşür!”


"Diş plomblanması daxil, bütün estetik prosedurlar, planlı işlər bir müddətlik təxirə salınmalıdır. Bu cür xəstələr özləri anlamalıdırlar ki, təcili durumlar yaşanmadığı hallarda evdən çıxmaları həm özləri, həm yaxınları, həm də həkim və tibb heyəti üçün təhlükəlidir!”


Artıq bir neçə aydır ki, dünyanı cənginə alan yeni növ koronavirusun Azərbaycanda geniş yayılmaması üçün vacib və operativ tədbirlər həyata keçirilir. Görünən odur ki, vaxtında atılan düzgün addımmların nəticəsidir ki, hazırda ölkəmizdə virusun faciəvi nəticələrə gətirib çıxaran yayılma surəti müşahidə edilmir. Hərçənd hazırda inkişaf etmiş ölkələrin böyük şəhərlərində pandemiya halı çox faciəvi nəticələrə gətirib çıxarıb. Azərbaycan isə vaxtında düzgün qərarlar verildi, digər ölkələr tərəfindən buraxılan səhvləri təkrarlanmadı. Bu gün ölkəmizdə karantinə alınan, eləcə də xəstəliyə yoluxmuş vətəndaşlarımıza öz həyatlarını riskə atıb xidmət edən tibb işçiləri isə virusla birbaşa mübarizə aparan gizli qəhrəmanlardılar. Əslində onlara gizli qəhrəman da demək olmaz... Elə ölkə başçısı da tibb işçilərinin böyük işlər gördüyünü deyərək həkimlərimizə ümumilikdə cəmiyyətimizin dəstək olmasını vacib sayıb. Prezident martın 24-də Azərbaycan Televiziyasına müsahibəsində deyib: "Azərbaycan həkimlərinə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycan həkimləri böyük qəhrəmanlıq göstərirlər, öz həyatlarını, sağlamlıqlarını risk altına atırlar, ancaq öz vəzifə borcunu şərəflə yerinə yetirirlər”.
Elə müsahibim cərrah-implantoloq Vüqar Qurbanov da hazırkı durumda Prezidentin də qeyd etdiyi kimi həkimlərimizin böyük qəhrəmanlıqlar göstərdiklərini söylədi. Mövzu ilə bağlı bu və digər məsələlərdən danışan Vüqar Qurbanovla olan bu maraqlı müshibəni oxuculara təqdim edirik:

- Həkim, öncə oxuculara bu virusun nədən ibarət olmasını xatırladaq.

- Koronavirus və COVİD - 19 nədir? Koronaviruslar insan və ya heyvanlar arasında yayıldığı sübut edilmiş patogen xüsusiyyətləri olan geniş viruslar ailəsidir. Əslində tibbə bu virus çoxdan məlum idi. Bilirik ki, bir sıra koronaviruslar insanlarda adi soyuqdəymədən tutmuş daha ciddi xəstəliklərə qədər, məsələn Yaxın Şərq Tənəffüs Sindromu (MERS) və Ağır Kəskin Tənəffüs Sindromu (SARS) kimi respirator infeksiyalara səbəb ola bilər. Hazırda aşkar edilmiş yeni mutasiyaya uğramış tip- koronavirusların sonuncusu COVID-19 xəstəliyinə səbəb olur. Təssüf ki, keçən ilin dekabr ayında Çinin Vuhan şəhərində başlayan bu infeksiya 2020 ilində pandemiya şəklində bütün qitələri əhatə etməyə başladı.

- Bəs hansı əlamətlər COVİD-19 virusunu xarakterizə edir?

-COVID-19 virusunun əsas əlamətləri qızdırma, halsızlıq və quru öskürək hesab olunur. Bunlarla yanaşı: burun tutulması, burun axması, faringit və ya ishal ola bilər. Qeyd olunan əlamətlər bütün üst tənəffüs yolları infeksiyon xəstəliklərində rastlana bilər. Bununla belə, bəzi şəxslərdə heç bir əlamətlər və ya özünü pis hiss etmə halı müşahidə olunmaya da bilər. Bu xəstəliyi arterial hipertenziya, ürək və ya diabet kimi xəstəliyi olan yaşlı xəstələr daha ağır formada keçirə bilər. Xoşagəlməyən və morbilitəyə səbəb olan əsas simptomu isə kəskin tənəffüs çatışmazlığıdır…

-Yeri gəlmişkən, insanları ən çox qayğılandıran sağlıq problemlərindən biri də dişlərlə bağlıdır. Bəs stomatoloji yardıma ehtiyacı olan xəsətələr indiki situasiyada necə davranmalıdırlar?

-Xəstələrin üzərinə düşən əsas vəzifə Ümumdünya Səhiyyə Təşkilatının verdiyi bütün tövsiyələrə, qaydalara riayət etməkdir. İndiki çətin dönəmdə sadəcə təcili əməliyyatlar və müalicələr icra olunduğu kimi diş həkimliyində də eyni prinsiplər həyata keçirilməlidir. İnsanlara sadəcə kəskin diş ağrısı, diş iltihablarında təcili müdaxilə tələb olunan müalicələrdə diş həkimi qəbuluna getmələri tövsiyə olunur. Təəsüfflər olsun ki, insanlar bu aralar əldə etdikləri boş zamanı (tətili) diş həkimin yanında dəyərləndirmək istəyirlər... Bu cür davranışlar tamamilə yalnış düşüncədir və belə seçimlər onların sağlamlığı üçün atdıqları yanlış addım ola bilər. Diş plomblanması daxil, bütün estetik prosedurlar, planlı işlər bir müddətlik təxirə salınmalıdır. Bu cür xəstələr özləri anlamalıdırlar ki, təcili durumlar yaşanmadığı hallarda evdən çıxmaları həm özləri, həm yaxınları, həm də həkim və tibb heyəti üçün təhlükəlidir!

- Stomatoloqların və üz-çənə cərrahlarının xəstəliyin yayılmasında və qarşısının alınmasında rolu varmı?

-Bu sualın birinci hissəsinə iki tərəfdən baxmaq olar. Öncə stomatoloqlar da vətəndaşlıq borclarını anlamalı, insanların evdə qalması üçün maksimum tələblərə riayyət etməlidirlər. Bu məsələ haqqında geniş izahat verəcəyəm. İkinci bir tərəfdən, həkim olaraq onların əsas vəzifələri xəstəyə yardım etməkdir ki, bu zaman indiki dövrdə qəbul etdikləri bütün xəstələrə potensial COVİD 19 virus daşıyıcısı kimi yanaşmalıdırlar. Diş həkimləri də xəstəliyin qarşısını almaq üçün insanlar arasında aktiv maarifləndirmə işləri aparmalı, insanlara lazımi, doğru informasiyaları verməlidirlər. Qəbul etdikləri xəsətələr arasında xəstəliyin simptomlarını aşkarladıqda lazımi orqanlara məlumat verməlidirlər.

-Bəs diş həkimlərinin və üz-çənə cərrahların vəzifəsi, gördükləri işlər nədən ibarət olmalıdır, profilaktik tədbirlərə riayyət olunmasının əhəmiyyəti nələrdir?

-Tibbdə belə bir kəlam var. "Primum Non Noncere”- Öncə Zərər Vermə. Diş həkimi olaraq mütləq bütün məsləkdaşlarım bu qaydaya riayyət etməlidirlər. Öncə özlərini qorumaqla yanaşı, xəstələrinin də sağlığını düşünməlidirlər. Bütün profilaktik tədbirlərə riayyət olunmalıdır. Bu dönəmdə sadəcə təcili əməliyyata ehtiyacı olan xəsətələri qəbul etməlidirlər. Klinikaya ancaq kəskin diş ağrısı ilə müraciət edən xəstələr qəbul olunmalıdır. Həkimlər mütləq şəkildə ÜST-nin təklif etdiyi maskalardan isitifadə etməli, xəstə qəbulundan əvvəl və sonra səthlər xüsusi dezinfeksiyaedici məhlullarla təmizlənməli əllərin yuyulmasına xüsusi önəm verməlidirlər.Müalicələrdən əvvəl xəsətələrə xüsusi ağız yaxalayıcı vasitələr verilməlidir. Xəstə təmasları azaltmaq üçün randevülər arasında məsafəni uzatmaq tövsiyyə olunur. Xəstələrin müalicəyə gələn zaman ictimai nəqliyyatlardan istifadə olunmaması tövsiyyə olunur.Təkrar qeyd etmək istərdim- xəstəliyin əsas yayılma yolu damcı yoludur(tüpürcək) ki, burada da diş həkimləri tərəfindən çarpaz infeksiyanın yayılmasına səbəb ola bilərlər. Klinikalara müraciət edən bütün xəsətələrin öncə temperaturları ölçülməli, detallı geniş anamnez alınmalıdır. Son 14 gündə öskürəyi, temperaturu olan xəsətələri, xarici ölkədən gələn xəstələri (və ya təmasda olmuş) qəbul etmədən öncə xəstəni müvafiq test üçün yönləndirməlidirlər. Planlı oluna biləcək bütün əməliyyatlar bir dönəmlik təxirə salınmalıdır. Bir məsələni də qeyd etmək istərdim ki, istər hazırda çalışdığım klinikamızda istərsə də, fəaliyyət göstərən bir çox klinikalarda yuxarıda qeyd etdiyim gigiyenik qaydalara bu virus gəlməmişdən əvvəl də tam riayyət olunurdu. Xəstələrimizin sağlığı bizim üçün həmişə ön planda olan məsələ olub... Çünki risk qrupları içərisində ən öndə gedən qrup diş həkimləri olduğu üçün özümüz və yaxınlarımızın sağlığını da həmişə düşünmüşük.

- Son olaraq, ölkədə virusla mübarizə tədbirlərini, həkimlərimizin sözün həqiqi mənasında göstərdiyi qəhrəmanlıqları necə dəyərləndirirsiniz?

-Bu gün ölkəmizdə aparılan islahatlar tibb sahəsinə də sirayət edib. Hazırkı situasiyada görülən işlər isə birbaşa virusun geniş vüsət almamasına hesablanıb. Əlbəttə, dünyada ürəkaçan rəqəmlər yayılmır, kimlər ki, daha məsuliyyətli davranıb vaxtında düzgün qərar verdi, o ölkələrdə vəziyyət ağırlaşmadı. Azərbaycanda isə Nazirlər Kabinetinin yanında Operativ Qərargahın yaradılması və sonrakı mərhələlərdə verilən qərarlar, sosial izolyasiya və s. kimi mühüm addımları dəyərləndirmək üçün hazırkı rəqəmlərə diqqət etmək lazımdır. Biz həkimlərin işi- peşəsi fərqli sahə olduğu üçün bu sahədə analizlər apara bilməsək də, görülən işləri təqdir edirik.Təbii ki, indi bəzi iqtisadi, sosial çətinliklər yaşana, hər şey yolunda olmaya bilər, insanların müvəqqəti yaşanan müəyyən çətinliklərinin, əskikliklərin olması isə normal sayılmalıdır. Hazırkı cəmiyyətə sərt görünən amma vacib olan qərarların verilməsi, dövlətin gördüyü ardıcıl operativ işlərin tam qiyməti əsl təhlükə sovrulandan sonra versək daha yaxşı olar. Mən məsələyə başqa prizmadan da baxmaq istərdim. Bu gün belə vəziyyətdə ölkənin qəhrəmanları olan bütün tibb işçilərinə- həkimlərdən tutmuş kiçik işçilərə qədər hər kəsə sözün əsl mənasında böyük alqış və təşəkkür düşür! İşin belə uğurlu təşkilində rolu olan İTSA və TƏBİB əməkdaşlarının gördüyü işlər, zəhmətləri təkcə dövlətimiz tərəfindən deyil, ümumilikdə cəmiyyətimiz tərəfindən də müsbət qiymətləndirilməlidir. İndiki durumumuz hələ ki, əksər aparıcı dünya ölkələrinə baxanda ürəkaçandır. Yenə də gec deyil və bu gündən sonra belə xəstəliklər bağlı rəqəmlərin, faizlərin artmaması üçün hər kəs məsuliyyətli olub ictimai -sosial vəzifələrini bilməli, tövsiyyələrə ciddi şəkildə riayət etməlidir. Bu virusun yaşaması üçün canlıda olması lazımdır. Səthlərdə yaşama müddəti tam qeyd olunmasa belə maksimum zamanı 48 saat göstərilib. Canlıya keçməsi üçün isə kontaminə olması lazımdır. Bunun üçün bütün gigiyenik qaydalara riayət olunmalı, insanlar arasında təmas məsafələri 1 metrdən az olmamalı, ictimai yerlərdə, el dili ilə desək çöldə- bayırda maksimum az gəzməli, yuxarıda qeyd olunan xəstəlik simptomları meydana çıxdıqda dərhal xəstəxanalara getmədən evdən birbaşa təcili yardım çağırılmalıdır. Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər. Məsuliyyət, xüsusən də sosial məsuliyyət hazırda milli təhlükəsizliyimizin qorunmasında bir nömrəli davranışa çevrilib. Ona görə də, yalnız özünüzü deyil, ailəniz, yaxınlarınız, kütləni ümumilikdə xalqımızı düşünün!
(palitranews)

OXŞAR XƏBƏRLƏR