"Bu gün Azərbaycanda serial və komediya sektoru acınacaqlı durumdadır" - Elşən Zeynallı
Bu gün "Qonaq otağı"nda kinorejissor, ssenarist Elşən Zeynallıdır.
- Rejissor peşəsini seçməkdə məqsədiniz nə idi? Tanınmaq, yoxsa gəlir əldə etmək?
- Mən bu peşədə, incəsənətdə özümü gördüyüm üçün Bakı Dövlət Universitetində Hüquq fakültəsindəki təhsilimi yarımçıq qoymuşam. Çünki hüquq sahəsində çalışmaq mənim içimdən gələn istək deyildi. Bizim dönəmlərin məşhur jurnalı var idi - "Sovet ekranı". Mən həmişə həmin jurnalı özümlə daşıyar, fürsət düşən kimi jurnalı vərəqləyib oxuyardım. Kinoya olan maraq məktəb vaxtlarından məndə var idi. Ancaq o zaman qərarlaşdıra bilməmişdim ki, mən kino sahəsinin hansı yönündə olmaq istəyirəm. Filmlər, aktyor, aktrisalar, yaradıcı şəxslər haqqında maraqlı faktlar oxuyurdum. Ancaq 13-14 yaşıma qədər qərar verə bilmirdim ki, məni bu sahəyə çəkən sehirli qüvvə nədir? Mənim o vaxtlar 8 mm-lik lentə çəkən kameram var idi. Maraqlı olayları lentə alıb baxar, bundan zövq alardım. Təxminən 10-cu sinifdə oxuyanda artıq dəqiqləşləşdirdim ki, mən yaradıcı insan olmaq istəyirəm. Ancaq nə aktyor, nə rəssam, nə də heykəltəraş. Məhz kinonu lentə alan, ona can verən insan olmaq istədiyimi başa düşdüm. Beləcə, mən həyatımı kino ilə bağlamağı qərara aldım. İncəsənət Universitetində xalq artisti, professor Eldar Quliyevdən beş il müddətində dərs aldım, ondan sənətin sirlərini öyrənməyə çalışdım. Ancaq mən nə tanınmaq, nə də külli miqdarda gəlir üçün gəlmişdim. Mən kinoya məhz özümü burada gördüyüm üçün gəlmişdim. Kino mənim həyatımdır. Mən xoşbəxtəm ki, bu gün sevdiyim işlə məşğul oluram.
- Sizcə, bu gün Azərbaycan kinematoqrafiyası Elşən Zeynallının görmək istəyib bu sahəyə gəldiyi nöqtəyə çatıbmı, yoxsa hələ ona çox var?
- Azərbaycan bədii filmində son dövrlərdə çəkilən bir çox filmləri keyfiyyətinə görə bəyəndim. Onlara örnək kimi "Nabat", "Nar bağı" kimi filmləri çəkə bilərəm. Ancaq buna ümid edirəm ki, Azərbaycan kinosu nə vaxtsa öz layiqli zirvə nöqtəsinə çıxa biləcək. Bunun üçün tam müstəqil kinomuz olmalı və onlar əsl keyfiyyətli iş ortaya qoymalıdırlar. Düşünürəm ki, dövlət özü milli-mədəni dəyərlərimizi təbliğ edən, xalqın qəhrəmanlıq salnaməsindən bəhs edən bədii filmlər çəkməlidir.
- Son zamanlar ölkədə serial çəkilişləri sürətlə artır. Çəkilən seriallar bir kinorejissor kimi sizi hansı səviyədə qane edir?
-Bu sektor Azərbaycanda özünü çox qəribə bir şəkildə biruzə verir. Baxırsan ki, var olmaq adına ölkədə belə bir sektor mövcuddur, ancaq işin içinə girəndə bütün bunların həqiqətdə olmadığını anlayırsan. Bu sahə Azərbaycanda çox acınacaqlı və primitiv durumdadır. Çünki bu sahədə çalışan insanların çoxu incəsənətlə deyil, özfəalliyyətlə məşğuldurlar. Bu sahənin incəliklərini bilən insanlar vaxtında serial sektoruna buraxılmadılar, sonda isə hər kəsin gördüyü kimi - bu gün Azərbaycanda serial sektoru sadəcə olaraq xaosdan ibarətdir.
- Bəs ümumiyyətlə, siz bədii filmə, yoxsa serial çəkilişlərinə üstünlük verirsiniz?
-Bu gün dünyanın ən güclü dövlətlərindən olan, kinematoqrafiyası kifayət qədər inkişaf etmiş Rusiya yeganə ölkədir ki, serial çəkmir. Onlar seriala "çox seriyalı bədii televiziya filmi" deyirlər. Belə deyək onların çəkdiyi ən uzun "serial" isə 11-12 bölümdən ibarət olur. Məncə, biz serialdansa, Rusiya təcrübəsini öyrənsək, çox seriyalı bədii televiziya filmi çəksək, daha məqsədəuyğun olar. Azərbaycanda həm bədii film, həm də çoxseriyalı bədii televiziya filmi inkişaf etməlidir. Uzun-uzadı, mənasız seriallar isə yalnız izləyicini yorur.
- Son zamanlar ölkədə komediya janrında film çəkilişlərinə üstünlük verilir. Sicə buna səbəb nədir? Rejissormu daha ciddi janrda çəkə bilmir, yoxsa ssenaristmi yaza bilmir?
- Sizcə, yaradıcı insanlar bu gün xalqın tələb etdiyi janrda film çəkilişlərinə üstünlük verməlidirlər, yoxsa toplumu ortaya qoyacaqları daha səviyyəli işlərlə arxalarınca aparmalıdırlar?
- Bu gün mən Mirzə Cəlilə, Sabirə rəhmət oxuyuram. Rəhmət oxuyuram ona görə ki, nə yaxşı ki, xalqımızın belə nəhəng oğulları olub. Xalqın o zamankı ruhunu yeniləyib, zövqünü aliləşdirib, güzgüdə xalqı özünə göstəriblər. Ancaq bu gün onlara yenə ehtiyac var. Biz bu gün kütlənin arxasınca düşməməli, onları öz arxamızca aparmalıyıq. Bu gün xalqı istər film-incəsənət sahəsində, istərsə də ədəbiyyatda arxasınca aparan insanlara ehtiyac var. Mən sıx-sıx ədəbiyyatı mütaliə edən biriyəm. Kitab dükanlarına girib rəflərdə elə ağlasığmaz eybəcərlikdə kitablar görürsən ki, ən pisi də odur ki, oxucular ən çox elə bayağı yazılara üstünlük verirlər. Deməyim odur ki, ruhumuzun yenilənməsinə incəsənətin bütün növlərində olduğu kimi, ədəbiyyatda da ehtiyacımız var. Ancaq bu gün o cür film çəkənlərə də, yazanlara da heç nə deyə bilmərik. Çünki müstəqildirlər və senzuranın olmamağından bu yolla yararlanırlar. Sadəcə, deyə bilərik ki, zaman hər şeyi süzgəcdən keçirir və sona ən yaxşıları saxlayır.
- Bəs sizin özünüzün bu gün üzərində işlədiyiniz layihə varmı?
-Üzərində çalışdığım işlərdən İsmayıl Şıxlının "Ölən dünyam" povestinin adını çəkə bilərəm ki, həmin əsəri ssenariləşdirməklə məşğulam. Bu gün üçün ən böyük diləklərimdən biri məhz həmin işi ekranlaşdırıb izləyicilərin istifadəsinə verməkdir.
- Rejissor kimi yetişib püxtələşməkdə özünüzü kimə borclu sayırsınız?
-Mən ilk növbədə özümü Tanrıma borclu sayıram. Ona görə ki, mənə bu istedadı bəxş edib. Daha sonra sənət müəllimim olan Eldar Quliyevin adını qazandığım uğurlarda ən böyük pay sahibi kimi çəkə bilərəm. Azərbaycan Telefilmdə mənə özümü göstərmək üçün şərait yaradan mərhum Nazim Abbasa, Vüqar Tapdıqlıya minnətdaram. Çünki onlar gənc yaşımda mənə güvənib arxa durdular, özümü göstərmək, sübut etmək üçün bütün şəraiti mənim üçün yaratdılar. Mən nə o günləri, nə də onların mənə dəstəyini unutmamışam.
- Bu gün üzərində işlədiyiniz ekran işlərindən hansını adını çəkə bilərsiniz?
- Bu günlərdə "Soyuq günəş" adlı ilk Azərbaycan-ləzgi bədii filminin üzərində işləyirik. Daha sonra bu il Cəfər Cabbarlının "Solğun çiçəklər"inin, Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir" adlı pyeslərini işləyib səhnələşdirdik. Ümumiyyətlə, il ərzində və hazırda üzərində işlədiyim layihələr çoxdur. Sadəcə olaraq, onların hamısını sadalamamaqla vaxtımıza az da olsa qənaət etmək istəyirəm.
- Dünya kinematoqrafiyasında işini bəyəndiyikləriniz kimlərdir?
-Hər kəsin dostlar arasında bir ləqəbi olur. Mənim də nəinki dostlar, hətta universitet illərindən bu günə kimi bir ləqəbim var ki, o illərdir ki, üzərimdədir. Məni tələbəlik illərimdən hər kəs "Fellini" deyə çağırırdı. Federiko Fellininin filmlərini çox bəyənirəm, şübhəsiz ki, o, italyan kinematoqrafiyasının nəhəngi olmaqla yanaşı, dünya kinematoqrafiyasında da öz dəstixətti olan rejissordur. Mən ümumiyyətlə darıxan adamam, payızda da daha çox darıxıram. Darıxan kimi Fellinin filmlərinə baxmaqla özümdə rahatlıq tapıram. Fellinidən sonra mən bəyəndiyim rejissorların sırasında Tavyani qardaşlarının, Viskonti, Tarkovski, Sergey Bandarçuk kimi rejissorların adını çəkə bilərəm ki, onları heyranlıqla izləyirəm və həmin nəhənglərdən nəsə öyrənməyə çalışıram.
- Filmlərimizin nüfuzlu Avropa kino festivallarına çıxa bilməməsinin səbəbini nədə görürsünüz?
-Dünyada bir çox rejissor və filmlər var ki, onlar heç bir nüfuzlu film festivallarının laureatı ola bilmirlər, ancaq xalq həmin şəxs və kinoların adını hər zaman sayğı ilə anır və filmləri izləyirlər. Örnək üçün öz filmlərimizdən "O, olmasın, bu, olsun", "Nəsimi", "Yeddi oğul istərəm", "Bir cənub şəhərində" kimi filmlərin adını çəkə bilərəm. Onlar dünyanın nüfuzlu titullarını qazanmasalar da, bu gün də sevə-sevə izlənilirlər. Düzdü, festivallarda iştirak etmək, lauerat olmaq, ad qazanmaq filmin, ölkə kinematoqrafiyasının təbliğidir. Ancaq həmin filmin qəti olaraq uğur qazandığını demək çətindir. Çünki elə bir film ola bilər ki, o dünyada böyük adlar qazansa da, bir neçə ildən sonra izlənməsin, lakin digər bir qrup kinolar da var ki, lentə alınmasından yarım əsr vaxt keçməyinə baxmayaraq bu gün də həvəslə baxılır, izlənilir. Məncə, kinoda uğur meyarı onun uzun illər ekranda yaşayıb qalmasıdır. Ümumiyyətlə, incəsənət elm deyil ki, o, beynin işləməyi üçün nəzərdə tutulsun. İncəsənət duyğudur, bu, ürəyə toxunmalıdır. Mənim üçün "xalq filmi" məhfumu, xalqın baxmadığı festival filmindən daha dəyərlidir.
- Kinorejissor olmaqla yanaşı bir çox teatrlarda da işləmisiniz və işləyirsiniz . Kinoya rejissor kimi quruluş vermək asandır, yoxsa teatra?
-Bilirsiniz bu sahələr başqa-başqa estetika və yaradıcılıq dünyasıdır. Tamaşa bir planda danışılıb nəql olunan, dörd divar arasında göstərilən olay və duyğulardır, film isə 3- iri, orta və ümumi planda lent vasitəsilə ekranda nümayiş olunan sənət növüdür. Bunlar müxtəlif sahələr olsa da, mənbələri eyni olduğundan mənə iki sahədə də çalışmaq rahat gəlir. Və deyilənə görə, məndə istər kino, istərsə də teatr rejissorluğu heç də pis alınmır.
- Sizcə yaxşı rejissor olmaq üçün hansı keyfiyyətlərə malik olmaq lazımdır?
-Məncə, yaxşı, peşəkar rejissor kimi yetişmək üçün ilk növbədə istedadın, sonra isə peşəkarlığını ortaya çıxarmağın üçün şərait olmalıdır. Gərək rejissora lazımi şərait, imkanlar özünü göstərmək, sübut etmək üçün yaradılsın. Ona bütün şərait yaradıldıqdan sonra rejissordan yüksək iş tələb etməyə dəyər.
- Mədəniyyət və İncəsənət Universitetində "Ssenaristlik" ixtisası olsa da, uzun zamandır ki, Azərbaycanda ssenarist yetişmir. Bunun səbəbini nədə görürsünüz ?
- Azərbaycanda bu sahə həmişə axsayıb, həmin hal bu gün də davam edir. Ssenaristlik ədəbiyyat deyil, bunu çox vaxt ədəbiyyatla qarışıdırırlar. Ssenaristlik kino istehsalatında bir hissədir və ayrı bir peşədir. Burada Universiteti günahlandırmaq belə istəmirəm. Gərək ölkədə peşəkar ssenarist olsun ki, o həmin ixtisası oxuyan tələbəyə bu işin yolunu, texnikasını öyrətsin. Bu ixtisası tədris edən müəllimlər peşəkar ssenarist olmadıqları üçün onlar da peşəkar ssenarist yetişdirə bilmirlər.
( "168 saat" qəzeti)
Söhbətləşdi: Səbuhi Allahverdizadə