Biri ayağısürüşkən arvadını öldürəndə, başqaları bir bəhanə tapıb namuslu arvadını öldürür

Biri ayağısürüşkən arvadını öldürəndə, başqaları bir bəhanə tapıb namuslu arvadını öldürür

 

 

Aqşin Yenisey yazır...

Nevroz xəstəliyinə müxtəlif adamlar, müxtəlif dövrələrdə, müxtəlif təriflər veriblər. Biz bu yazımızda onun "özünü kəşf etmiş "mən”lərin ümumi arzularda və ehtiyaclarda necə həmrəy olduqları” halına göz gəzdirəcəyik. 

Şahidi və şəhidi olduğumuz müstəqillik illəri bizi ümumi ideyalardan daha çox, ümumi arzuların, ehtiyacların ətrafında birləşdirdi ki, bu da azadlığın nə şahidi, nə şəhidi olmaq istəməyən insanlarımızın böyük bir kəsiminin əsarətsizliyə, sərbəstliyə, müstəqilliyə hazır olmadığının göstəricisidir.

Bu tip adamların oxşar həyat tərzlərinə, oxşar arzu və ehtiyaclarına baxanda, qış sobasının dibinə çəkilib istər-istəməz düşünməli olursan ki, əcaba, azadlığımız tarixin bətnindən vaxtından əvvəl doğulmuşdumu? Və tarixi ələk-vələk etdikdən sonra idrak edirsən ki, "azadlığın vaxtı” anlayışı onu yalnız çəkdiyin cəzanın mükafatı kimi qəbul edəndə özünü doğruldur və həbsxana həyatı üçün keçərlidir. Tarixdə heç bir milli azadlıq vaxtında doğulmur.

Azadlıq ya vaxtından əvvəl (Finlandiya), ya da vaxtından sonra (Hindistan) tarixə göz açır.

"Ev, iş, maşın” – cəmiyyətimizin qeyrətini təmsil edən kişi zümrəsinin ümumi arzusu budur.

"Evi, işi, maşını olan kişi” – bu da cəmiyyətimizin namusunu təmsil edən qadın zümrəmizin ümumi arzusudur. Arzuların ümumiliyi, eyniliyi nəyin əlamətidir soruşsanız, elm sizin eqonuzun nazı ilə oynamadan qısa bir cavab verəcək – kütləvi nevrozun!

Kitab oxuyanlar, yəqin ki, Böyük Depressiya illərinin (1930-lar) insanlarından bəhs edən Drayzerin qəhrəmanlarını xatırlayırlar; ucuz populyarlığa, qısamüddətli şöhrətə, sırtıq meşşanlığa can atan, bununla da sərvət əldə edəcəklərini düşünən və bütün insani dəyərləri bu ümumi arzuya qurban verən milyonların vurnuxduğu bir cəmiyyətin insanlarını. Maddiləşmiş səfalət tanrılarına itaət edən Qərbin məişət zəvvarlarını.

Geridə qoymaq istəsək də qoca və xəstə biton kimi hələ də arxamızca sürünən sovet dövrünün, yəni müstəmləkə nizam-intizamının xiffətini çəkən adamlarımız düşünürlər ki, əsarət illərində insanlarımız mənəvi ölçülərinə görə indikindən daha böyük idilər.

Onlar indiki "vəhşi kapitalizmin” sovet dövrünün "insani məzlumluğunun” varisi olduğunu qəbul edə bilmirlər. Sovet insanı sözün əsl mənasında görməmiş idi, dünyadan xəbəri yox idi. "Tom dayının daxması” romanını belə ona dünyaya aid hissələri çıxarandan sonra vermişdilər (kitabın sovet nəşri ilə orijinalını şəxsən tutuşdurmuşam).

Bu nəhəng düşərgənin insanları "böyük ölçülü mənəviyyatı” könüllü seçməmişdilər, əyinlərinə yekə olan bu "mənəvi libası” onlara zorla geyindirmişdilər, həbsxana paltarı kimi. Onlar azadlığa çıxan kimi ilk işləri sovet mənəviyyatının "yekə pencəyini” əyinlərindən soyunmaq oldu.

Bəziləri başqa-başqa mənəvi-ruhani "libaslar” geyinsələr də, bəziləri, sadəcə lüt yaşamağa üstünlük verdi. "Ev, iş, maşın” arzusu bizə sovet cəmiyyətinin səfalət tanrılarından irsi yolla ötürülmüşdü. Biz bu səfalət tanrılarının övladları, İsaları idik. Analarımızı bu səfalət tanrıları Məryəm ananın gününə qoymuşdular. Sovet səfaləti axır-axırda artıq Marksın yox, Mendelin qanunları ilə yayılırdı.  

Bizim hansı sistemin övladları olduğumuzu daha aydın anlamaq üçün "sistem” anlayışının özünü saf-çürük etməliyik. Bir sistem yaşamaq üçün ilk növbədə fərdi və fərdiliyi yox etməlidir.

(Hətta fərdin rifahı üzərində qurulan "Rifah dövləti” sistemi də iqtisadi böhranlarla üzləşincə özü-özünə şübhə ilə baxmağa başladı.) Bir sistem özündə yaşayanları nəzarətdə saxlamaq üçün şərik ehtiyaclar və ümumi arzular uydurmalıdır.

Kütləvi nevroz da bu zaman yaranır; insanlar təhkim olunduqları arzuları arzulamağa başlayanda. Ehtiyacları olmayan ehtiyacları qarşılamaq üçün işləyəndə. Bizim cəmiyyət belə bir sistemin varisidir, ondan birdən-birə Tomas Morun "Utopiya”sındakı, kimsənin heç bir şeyinin olmadığı, amma hamının zəngin olduğu bir cəmiyyətə çevrilməyi gözləmək elə Tomas Morun özü kimi utopiyalara inanmaq deməkdir. Hedonizm qızılca xəstəliyi kimidir, hansı yaşda olur-olsun, insanın, cəmiyyətin canından çıxmalıdır. 

Sovet sistemi bu gün bizim cəmiyyətin alt şüurudur, azacıq qığılcım lazımdır ki, şüurun üstünə çıxsın. Freydin, ya da Frommun məqalələrinin birindən belə bir cümlə yadımda qalıb ki, mədəniyyət instinktləri ört-basdır etmə vərdişidir.

Özümüzü nə qədər çox gizləyə biliriksə, o qədər mədəniyik. Sovet sistemində biz bunu könüllü etmirdik, sistem bizi məcbur edir ki, instinktlərimizi ört-basdır edək, özümüzü gizləyək. Əslində, biz mədəni zad deyildik, sistemin qorxusundan özümüzü mədəni aparırdıq. 

Və azadlıq bizi ifşa etdi!      

Freyd nevrozu "gücsüz insanların monastrı” adlandırırdı. Ara-sıra üsyanlarımız olsa da biz bu "monastra” ta Pyotrun qayıqlarının Bakı həndəvərində göründüyü vaxtdan sığınmışıq. "Bu "monastrdan” qaçmaq mümkündürmü” deyə yazıya sual verdiyinizi eşidirəm. Mümkündür!

Bizi bu "monastra” soxan sistemlə, onun dəyərləri ilə əylənməli, özümüzü özümüzün həzz obyektinə çevirməliyik. Bundan ötrü şüura geri qayıtmağımız lazımdır. Bizi bu nevrozdan yalnız ağılın, şüurun imkanları çıxara bilər. Mən ona görə bütün yazılarımda "ağıl, şüur” deyib dəli kimi saçımı-başımı yoluram. Ruhanilik özü də nevrozun bir növüdür, ruhaniliyi sizə çıxış yolu kimi göstərənlərin özlərinin nevrotik, psixi problemləri var.    

Fərdin nevrotik, psixi problemlərinin olması həmişə pis əlamət deyil. Psixatriya deyir ki, dahi - nevroz xəstəsidir. Hələ qədim Yunanstanda dahiliklə dəliliyin qohum vəziyyətlər olduğunu düşünürdülər. Amma nevroz fərdi xəstəlik olanda bir fayda verir, kütləvi nevroz dəlixana mühiti yaradır. Kütləvi ruhanilik fanatizm, fatalizm doğurur. Xalqa, cəmiyyətə ucdantutma ruhanilik aşılamaq olmaz. Bir də baxarsınız ki, peyğəmbərlərin yerində fırıldaqçılar oturub. 

Dəli cəmiyyət dahi doğa bilmir. Dahi ağıllı cəmiyyətin dəlisidir. Son beş yüz ildə bütün dahilər Qərb dünyasından çıxıb. Hətta müsəlman dahilər belə Qərb universitetlərində təhsil almış, Qərb cəmiyyətinin ağılı ilə ünsiyyətdə olmuş adamlardır. Xəstəlik haqqında bilgi sahibi olmaq müalicənin yarısı deməkdir. Qərb məhz əndəlüslü müsəlman filosof İbn Rüşdin rasionalizmini oxuyandan sonra öz xəstəliyi haqqında bilgi sahibi oldu və özünü müalicə etdi. 

Onu bu nevroz "monastrına” məhkum edən sistemi ələ saldı, gedərgəlməzə yolladı. Biz bu gün də İbn Rüşd fəlsəfəsindən imtina edirik. Ağılı təhqir edən Qəzzalinin tozlu-dumanlı yolunda səkkiz yaza-yaza irəliləyirik, amma hara, hansı mənzilə? Heç kim bilmir. Elmin özünə də kortəbii bir yanaşmamız var. Elmdən də din kimi bizi inandırmasını istəyirik.

Sosial şəbəkələrimiz təkamülə inanmayanlarla dolub-daşır. Təkamülə inanmaq, yaxud inanmamaq nə deməkdir, ay Keyşəbədə? Hər şey bir qırağa,  bədənində kor bağırsaq adlı bir təkamül mirası gəzdirirsən, kor bağırsağa inanıb-inanmamaq nə deməkdir? Bu, təxminən ona bənzəyir ki, kimsə avtobusa inanmadığı üçün avtobusa minən qızlara pis baxır, velosipedə şəkk gətirdiyi üçün velosiped sürən oğlana ərə getmir.      

Elm, ümumiyyətlə, inanc məsələsi deyil. Əgər bir elmi kəşfin insanlığa faydası varsa yaşayır, yoxdusa unudulur. Elmdən inandırmaq məharəti tələb etməyin özü kütləvi nevroz əlamətidir.

Fransız yazıçısı Jan Kristof Qranje deyir ki, nevroz narkotik istifadə etməyən adamın narkotikidir. Bizim insanlar nevrozdan həzz aldıqları üçün ondan qurtulmaq, dünyaya, həyata aydın gözlə baxmaq istəmirlər. "Meymun indi niyə insana çevrilmir” sualı onlara heroin həzzi verir. Onları cavab yox, həzz maraqlandırır. 

Ən qorxulusu nevrozun yoluxucu olmasıdır. Evdə biri əsnəyəndə hər kəs əsnəyir, buna təqlid instinkti deyirlər. Nevrozlu cəmiyyətlərdə bu instinkt çox güclü olur. Biri ayağısürüşkən arvadını öldürüncə, başqaları da onu təqlid edərək bir bəhanə tapıb namuslu arvadını öldürür.

Biri özünü körpüdən atınca intihar etmək üçün körpüdə növbə yaranır. Bir şair içib iki misra gupuldadan kimi bütün şairlər lülüş oluncaya qədər içməyə başlayır. Yadınıza gələr, Səddam Hüseyinin edamı televizorlarda göstəriləndən sonra dünyada nə qədər yeniyetmə onun edamını təqlid etmək üçün özünü asdı. Bu "edam təqlidçiliyi” bir müddət dünya mediasına manşet oldu.

Ümumi ehtiyaclar, ümumi arzular da belə yaranır. "Müğənni Jozefina”nın biri ekranda "evi, işi, maşını” olan kişilərə "maç-maç, quc-quc” deyincə, evlərdə onu təqlid edən milyonlar peyda olur. Bir "Polad Ələmdar”ın içindən tarantula hörümçəyi kimi yüzlərlə bala "Polad Ələmdar” çıxır.

Biz buna görə kütləvi nevrozdan qurtula, dünyaya, həyata aydın gözlə baxa bilmirik. 

Nevrozun ən yayğın formalarından birini təsvir edərək bu yazını bitirəcəyəm və aşağıda təsvirini verəcəyim o xəstə adamların cəmiyyətimizdə nə qədər çox olduğunu özünüz də təsəvvür edəcəksiniz.

Ən çox rast gəlinən nevroz xəstələri reallıq hissini itirmiş, heç bir səbəb olmadan hamıdan yaxşı insan olduğunu düşünən, heç bir səbəb olmadan başqalarının pis adamlar olduğuna inanan, heç bir səbəb olmadan özünün öz aləmində ilahi sevgi və mərhəmətlə zəngin biri obrazını yaradan adamlardır.

Onlar özlərini dünyanın mərkəzinə qoyurlar və bizdən tələb edirlər ki, ətraflarında dövr edək. Bu, baş vermədikdə, onlar qisas almaq fikrinə düşürlər və adətən, xəyalən mərkəzində dayandıqları dünyanı özləri ilə birlikdə bizim də təpəmizə uçururlar. 

Halbuki, şair demiş, hamının günahkar olduğu dünyada heç kimin günahı yoxdur. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...