Azərbaycanın idxal etdiyi mallar 22 % bahalaşıb - Səbəblər
12:45 / 13.07.2021
539
2021-ci ilin yanvar-may aylarında Azərbaycanın
xarici ticarət dövriyyəsində artım qeydə alınıb. Artım əlamətləri həm ixracda,
həm də idxalda müşahidə edilir.
Sfera.az bildirir ki, xarici ticarət əməliyyatlarının
həcminin artmasına təsir göstərən əsas amil qiymət artımlarının böyük
olmasıdır. Belə ki, 2021-ci ilin yanvar-may ayları ərzində ixrac malları 44,1
faiz, idxal malları 21,7 faiz bahalaşıb.
Bu ilin ilk 5 ayında Azərbaycanın ixrac etdiyi mallarda
bahalaşma rekord səviyyə yüksəlib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ixrac
edilən malların dəyəri 44,1 artıb ki, bu da illin əvvəlində qeydə alınan göstərici
ilə müqayisədə xeyli böyükdür. 2021-ci ilin əvvəlində ixrac mallarının qiymətləri
3,4 faiz enmişdi. İlin birinci rübündə qiymətlərdə 21,9 faiz, yanvar-apreldə
36,4 faiz artım baş verib.
Azərbaycanın ixrac etdiyi malların bahalaşması xam
neftin dəyərinin yüksəlməsi ilə bağlıdır. Ölkəmizin ixracında xam neftin payı
87 faizi ötür. Xam neftin dəyəri ilk 5 ayda 44,6 faiz yüksəlib. Neftin
bahalaşma səviyyəsi ixrac məhsullarının dəyərinin artmasında böyük rol oynayıb.
İxracımızda digər böyük paya malik olan tərəvəz məhsulları
6,4 faiz ucuzlaşıb, meyvələr 2,6 faiz bahalaşıb.
Plastmaslar və onlardan hazırlanan məmulatlar da
ixracda böyük paya malikdir. Bu məhsullar 35,5 faiz dəyər qazanıb.
İxracımızda əsas məhsullardan olam pambıq 20 faiz,
azqiymətli metallar 24,7 faiz bahalaşıb.
Statistika göstərir ki, neftlə yanaşı qeyri-neft
mallarının əksəriyyətinin qiymətinin yüksəlməsi ixrac mallarının kəskin
bahalaşmasına səbəb olub.
İdxal mallarında da bahalaşma yüksəkdir. Amma son
aylarda idxal edilən malların bahalaşma sürətinin 27 faizdən 21 faizə qədər
azalması dinamikası qeydə alınıb.
Azərbaycanın daxili ticarət bazarında idxal mallarının
payı təxminən 40 faizdir və bu səbəbdən idxal mallarında bahalaşma səviyyəsini
alıcılar tezliklə hiss edir.
Ərzaq mallarından ən böyük bahalaşma yağlarda olub.
Yağlarda 51,6 faiz dəyər artımı baş verib.
Digər idxal mallarında böyük qiymət artımı mebellərdə
70,1 faiz, musiqi alətlərində 42 faiz, qiymətli metal və daşlardan hazırlanan
ziyntə əşyalarında 36,6 faiz, toxuculuq məhsullarında 35,5 faiz təşkil edib.
Məlumatların təhlili göstərir ki, həm ixracda, həm
də idxalda bahalaşmaya təkan verən əsas amil tələbin artım sürətinin təklifin
artım sürətini qabaqlamasıdır.
Vasif