Azərbaycanda yeni xəstəlik təhlükəsi - nazir tapşırıq verdi

Azərbaycanda yeni xəstəlik təhlükəsi - nazir tapşırıq verdi
Qonşu ölkələrdə müşahidə olunan yeni qızdırma xəstəliyinin Azərbaycanda da yayılma ehtimalı var.

Sfera.az-ın Xezerxeber-ə istinadən məlumatına görə, səhiyyə naziri Oqtay Şirəliyev "Krım-Konqo" hemorragik qızdırma xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" əmr imzalayıb. 

Əmrdə bildirilib ki, bu xəstəliyə yoluxma əsasən gənə dişləməsi və yoluxmuş heyvanların qanı və digər bioloji mayeləri ilə sıx təmas nəticəsində baş verir. Son zamanlar qonşu ölkələrdə, xüsusilə də İranda Krım-Konqo hemorragik qızdırma xəstəliyi ilə bağlı epidemioloji vəziyyət gərginləşib.

Respublika Taun Əleyhinə Stansiyasının aparıcı elmi işçisi Musa Cahanov deyir ki, artıq Kliniki Tibbi Mərkəzin yoluxucu şöbəsində və 1 nömrəli Uşaq yoluxucu xəstəliklər xəstəxanasında şübhəli xəstələrin hospitallaşdırılmasını təmin etmək üçün şərait yaradılıb.

Respublika Sanitariya - Karantin Müfəttişliyi sərhəd-keçid məntəqələrində fəaliyyət göstərən gömrük orqanları ilə əlaqə yaradacaq və bu xəstəlik yayılmış ölkələrdən gələn insanlar üzərində tibbi müşahidə tədbirləri görüləcək.

Eyni zamanda xəstəliyin laborator diaqnostikası, profilaktikası və müalicəsi üçün tələb olunan preparatların ehtiyatı yaradılıb. Xəstəlik qəflətən və 39-40 dərəcə qızdırma ilə özünü biruzə verir.

Musa Cahanovun sözlərinə görə, hazırda ölkədə bu xəstəliyə yoluxan yoxdur, epidemioloji vəziyyət stabildir. 


OXŞAR XƏBƏRLƏR