Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli qurucuları

Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli qurucuları
Bu gün 100 illiyi qeyd olunan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında bir çox görkəmli şəxslərin rolu olub.
 
Sfera.az Azərbaycanın görkəmli şəxslərini təqdim edir:
 
Məhəmməd Əmin Rəsulzadə
 

Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə olub. Azərbaycanlı dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri. O, Azərbaycan milli istiqlal hərəkatına başçılıq edib. Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olub. 

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Din xadimi olan atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoyub, buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirib. Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman Gənclik Təşkilatı"nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

"Müsəlman demokratik "Müsavat" cəmiyyəti" adı ilə gizli fəaliyyət göstərən təşkilatın bir qolu da az sonra İranda qurulmuş və burada başlamış məşrutə inqilabına istiqamət verici rəhbər qüvvəyə çevrilmişdir. 1904-cü ilin axırlarında "Müsəlman demokratik "Müsavat" cəmiyyəti"nin əsasında RSDFP-nin Bakı komitəsinin nəzdində "Müsəlman sosial-demokrat "Hümmət" təşkilatı" yaradılıb. Bu təşkilatın baniləri Mir Həsən Mövsümov, Məmməd Həsən Hacınski və Məhəmməd Əmin Rəsulzadə olub. Məşədi Əzizbəyov, Nəriman Nərimanov, S.M.Əfəndiyev və başqa inqilabçılar da 1905-ci ildən bu təşkilatın üzvü idilər. Təşkilatın "Hümmət" adlı qəzeti də nəşr edilmiş, 1904-1905-ci illər arası cəmi 6 nömrə buraxmış qəzetin əsas naşirlərindən biri də M.Ə.Rəsulzadə olub.

Qəzet öz nəşrini dayandırdıqdan sonra 1906-cı ilin dekabrından "Təkamül" adı ilə çıxır. Həmin illərdə Bakı neft mədənlərində və Azərbaycanın qəzalarına ana dilində inqilabi qəzet və intibahnamələrin göndərilməsi bilavasitə M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. 

Fətəli xan Xoyski


Fətəlixan İsgəndər oğlu Xoyski və ya Fətəli xan Xoylu - azərbaycanlı siyasi xadim, Rusiya imperiyası II Dövlət Dumasının deputatı, Zaqafqaziya Komissarlığı (1917—1918) nəzdində xalq maarif komissarı, Zaqafqaziya Demokratik Federativ Respublikasının (1918) ədliyyə naziri. Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra ilk nazirlər şurası sədri (1918—1919) və daxili işlər naziri (1918) təyin edilib, bundan başqa AXC-nin ədliyyə naziri (1918) və xarici işlər naziri (1918—1919 və 1919—1920) vəzifələrində çalışıb.

Fətəli xan Xoyski 1875-ci il dekabrın 7-də Nuxa şəhərində anadan olub. Atası İskəndər xan Xoyski Rusiya İmperiyasının Kazak leyb-qvardiya alayının general leytenantı idi, anası isə Şərəbanı-xanım Hacı Molla Zeynal qızı olub. Xoy və Şəki sahibkar xanların nəslindəndir. Xoy xanı olan ulu babası Cəfərqulu İran şahı Fətəli ilə müharibədə məğlub olduğundan 20000 nəfərlik qoşunu ilə Üç kilsəyə – Eçmiədzinə sığınmışdı. Təhsilini Yelizavetpol (Gəncə) gimnaziyasında başa çatdırdıqdan sonra, Fətəli Xan Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. O, 1897-ci ildə 1-ci dərəcəli diplom ilə universiteti bitirdi və həmin ilin avqustunda Tiflis məhkəmə palatasının böyük sədrinin əmri ilə Yelizavetpol dairə məhkəməsi yanında məhkəmə vəzifələri üçün kiçik namizəd təyin olundu. 

Kutaisi, Zuqdidi və Suxumidə bir neçə il hüquq vəzifələrində çalışdıqdan sonra Fətəli-xan Yelizavetpol quberniyasından Rusiya imperiyasının II Dövlət dumasının müstəqil millət vəkili seçildi. Müxtəlif məqsədli komisiyalara seçilib, habelə: maliyyə, şəxsiyyət toxunulmazlığına aid, ədliyyə nazirliyinin yoxlanışı üçün təqdim olunan Dövlət dumasının 55 üzvünün cinayət məsuliyyətinə cəlb edilməsinə aid (katib vəzifəsində) və amnistiya haqqında qanun layihəsini Dövlət dumasının müzakirəsinə qəbul edilənliyi məsələsinə baxılması üçün yaradılan komisiyalarda. 

Müsəlman fraksiyasının üzvü idi, köçürülmə siyasətinin əleyhinə çıxış edirdi, kadetlər partiyasına daha çox üstünlük verirdi. 1917 Fevral inqilabından sonra 1-ci Qafqaz müsəlmanları qurultayının (aprel, Bakı) iştirakçısı idi; may ayında Moskvada keçirilən 1-ci Ümumrusiya müsəlman qurultayında Ümumrusiya müsəlman Şurasının İcraiyyə Komitəsinin üzvü oldu. Bitərəflə "Müsavat" partiyasının 1-ci qurultayında (26 —  31 oktyabr) iştirak edib,  Azərbaycana Rusiyanın tərkibində muxtariyyət verilməsi haqqında müsavatçıların tələbini dəstəkləyirdi. Bakı şəhər Dumasına (oktyabr 1917 — aprel 1918) rəhbərlik etmişdir. Zaqafqaziya komissarlığı (15 noyabr 1917 — 10 fevral 1918) nəzdində xalq maarif komissarı olmuşdur. Zaqafqaziya Seyminin (10 fevral —  26 may 1918) üzvü; "Müsavat" və demokratik bitərəf qrupun fraksiyasına daxil olub.Aprel ayından Zaqafqaziya hökumətinin ədliyyə naziri təyin olundu. Müvəqqəti Azərbaycan Milli Şurasının (27 may — 7 dekabr) üzvü. Mayın 27-dən Milli Şuranın icraiyyə komitəsinin sədri olub.

Əbdürrəhim bəy Haqverdiyev
 


Əbdürrəhim bəy Haqverdiyev Azərbaycan yazıçısı, dramaturq, pedaqoq, ədəbiyyatşünas, əməkdar incəsənət xadimi  olub.
Əbdürrəhim bəy Haqverdiyev 1870-ci il mayın 17-də Azərbaycanın Şuşa şəhəri yaxınlığında olan Ağbulaq kəndində anadan olub. İbtidai təhsilini 1880-ci ildə Şuşada Yusif bəyin müvəqqəti yay məktəbində, sonra Şuşa realnı məktəbində alıb (1881-1890). Tiflis realnı məktəbini bitirəndən sonra Peterburq Yol Mühəndisləri İnstitutunda təhsil alıb (1891-1899). Tələbəlik dövrü azad müdavim sifət ilə universitetin şərq fakültəsinin dinləyicisi olub. Onda ədəbiyyata güclü meyl oyanıb. "Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892) və "Dağılan ittifaq" (1896) əsərlərini yazıb. "Dağılan ittifaq" (1899) Peterburqda nəşr edilib.

Ali təhsil alıb Şuşaya qayıdıb, burada tamaşalar təşkil edib. Bakıda onun rəhbərliyi ilə Şərq konsertləri verilib (1902-1903), Burada ilk hekayələrini ("Ata və oğul", "Ayın şahidliyi") yazıb "İki hekayət" adı ilə çap etdirib. 1905-ci il inqilabından sonra Rusiya Dövlət Dumasına Gəncə quberniyasından nümayəndə seçilmiş, Peterburqa getmişdir (Azərbaycanın birinci diplomatlarından hesab olunur), burada dövlət kitabxanasında yeni əsərinə (Ağa Məhəmməd şah Qaçar) materiallar toplamış, İrana - Mazandaran vilayətinə səyahət edib (1907). "Leyli və Məcnun" operası 1908-ci il yanvarın 12-də tamaşaya qoyulduğu zaman ilk Azərbaycan dirijoru kimi xor və orkestri, tamaşanı idarə etmişdir. "Nicat" cəmiyyətində və Kür-Xəzər gəmiçiliyi idarəsində işlədiyi dövrdə Zaqafqaziyanı, Dağıstanı, Orta Asiyanı və Volqaboyunu səyahət etmiş, "Ceyranəli", "Xortdan". "Həkimi-nuni-səqir", "Lağlağı", "Mozalan", "Süpürgəsaqqal" və s. imzalarla "Molla Nəsrəddin" jurnalında hekayə, felyeton çap etdirib.

Həştərxanda yaşadığı müddətdə şəhərin mədəni-ictimai həyatında ciddi çalışəb (1910). Sonra Ağdama köçüb orada yaşayıb (1911-1915). Tiflisdə "Şəhərlər ittifaqının Qafqaz şöbəsi xəbərləri" adlı aylıq məcmuənin müdiri olub (1916-1917), fevral inqilabından sonra Tiflis İcraiyyə Komitəsinə və onun mərkəzi şurasına üzv seçilib (1917). Həmin ilin martında Borçalı qəzasına müvəkkil təyin olunub (1918).

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonda dövlət teatrlarına müfəttiş təyin olunub. Azərbaycan milli teatrının yaranmasının 50 illiyi münasibəti ilə keçirilən yubileyə başçılıq edib. Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr oxumuş, elmi kadrların hazırlanmasında iştirak edib. Burada yerli komitənin sədri (1922), Azərbaycanı tədqiq və təbliğ cəmiyyətinin sədr müavini və sonra sədri (1923-1925) olub. Bu, ilk elmi-tədqiqat müəssisəsi idi. Bakıda çağırılan birinci Azərbaycan ölkəşünaslıq qurultayının nümayəndəsi kimi fəal çalışıb (1924).

Bunlardan başqa ədib Şеkspirin "Hamlet”, Şillеrin "Qaçaqlar”,Vоltеrin "Sоltan Оsman”, Zоlyanın "Qazmaçılar”, Andеrsеnin "Bülbül”,"Şahın təzə libası”, Lanskоyun "Qəzəvat”, Çirikоvun "Yəhudilər”,Kоrоlеnkоnun "Qоca zəng çalan” əsərlərini də tərcümə еdib.

Rusiya Elmlər Akademiyasının nəzdində olan ölkəşünaslıq bürosunun beşinci elmi sessiyasında yekdilliklə akademiyanın ölkəşünaslıq bürosuna müxbir üzv seçilib (1924). Şərq fakültəsinin katibi (1922-1925), Azərbaycan Yazıçılar İttifaqının məsul katibi (1931-1932) olub. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Fəxri Fərmanına layiq görülüb (1933). Onun əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub.

Nəsib bəy Yusifbəyli 
 

Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən biri Nəsib bəy Yusifbəyli azərbaycançılığın inkişafında xidməti olan milli ziyalı, ictimai-siyasi və dövlət xadimi, publisist.

Nəsib bəy Yusifbəyli 1881-ci ildə Gəncə şəhərində anadan olub. Orta təhsilini Gəncə gimnaziyasında alıb.  1902-ci ildə Odessaşəhərindəki İmperator Novorosiyski Universiteti hüquq fakültəsinə daxil olub, amma universiteti bitirə bilməyib. Tələbələrin inqilabi hərəkatından qorxuya düşən çar hökuməti universtiteti müvəqqəti bağladıqdan sonra Nəsib bəy Bağçasaray (Krım) şəhərinə getmiş və burada İsmayıl Qaspiralının "Tərcüman" qəzeti ilə əməkdaşlıq etməyə başlayıb. Burada o, özü baş rolda oynamaqla Azərbaycan dramaturqlarının əsərlərini səhnələşdirir.

1908-ci ildə Nəsib bəy İstanbula köçərək publisistik fəaliyyət göstərməklə bərabər "Türk dərnəyi" cəmiyyətinin təşkili ilə də məşğul olmuşdur. Az sonra İsmayıl Qaspiralının qızı Şəfiqə Soltan xanımla ailə həyatı quraraq bir müddət İstanbulda qalıb 1909-cu ildə Gəncəyə qayıdaraq, şəhər bələdiyyəsində çalışmışdır. 1911-ci ildə "Molla Nəsrəddin" jurnalına və qəzetlərə məqalələr göndərib, "Müsəlman xeyriyyə cəmiyyəti", "Müsəlmanların maariflənməsi cəmiyyəti", "Aktyorlar cəmiyyəti"nin fəaliyyətlərində yaxından iştirak edib. Bu zaman o, Məmməd Əmin Rəsulzadə ilə tanış olmuş və ictimai siyasi fəaliyyətə başlayıb.

1917-ci ilin mart ayında Nəsib bəy Yusifbəyli öz yaxınları ilə Gəncədə "Milli Federalistlərin Türk Partiyası"nı yaratmışdır. Yeni yaradılan partiyanın əsas tələbi Rusiyanın milli ərazi muxtariyyətləri əsasında təşkili idi. 1917-ci ilin iyulunda bu partiya M.Ə. Rəsulzadənin başçılığı ilə "Müsəlman Demokratik Müsavat Partiyası" ilə birləşərək "Müsavat" adlandırılmağa başlamış və onun proqramlarında millətçi federalistlərin əsas tələbi – Rusiyanın milli ərazi muxtariyyətləri əsasında qurulması saxlanılıb.

M.Ə.Rəsulzadə Müsavat Partiyasının mərkəzi komitəsinin sədri seçildikdən sonra Gəncədə partiyanın rəhbəri N. Yusifbəyli olmuşdur. 1917-ci ildə Rusiyada bolşeviklər hakimiyyətə gəldikdən sonra partiya öz nizamnaməsində dəyişiklik edərək Azərbaycanın tam müstəqilliyini tələb etməyə başlayıb.
Nəsib bəy Yusifbəyli Zaqafqaziya Seyminin üzvü, Zaqafqaziya federativ hökumətində – maarif naziri, Azərbaycan Demokratik Respublikasının hökumətində 1918-ci il may ayının 28-dən 1919-cu ilin martına kimi maarif naziri, 1919-cu ilin martından 1920-ci ilin martına kimi Baş Nazir, eləcə də Daxili İşlər Naziri (14 mart 1919 – oktyabr 1919) işləyib. 1920-ci ildə Sovet Rusiyası tərəfindən Azərbaycan tutulduqdan və kommunist rejimi qurulduqdan sonra Nəsib bəy ona qarşı olan təqiblərdən yaxa qurtarmaq məqsədi ilə mühacirətə getmək üçün Bakını tərk etmiş, lakin 31 may 1920-ci ildə yolda, Kürdəmir uyezdinin Qarxun kəndində müəmmalı şəkildə qətlə yetirilib.

OXŞAR XƏBƏRLƏR

Azərbaycan cüdoçusu Avropa çempionu oldu

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olub.   Sfera.az xəbər verir ki, ya...

Ərdoğanın ABŞ-a səfəri təxirə salındı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb.   Sfera.az xəbər verir ki, bu barədə "Blumberq" nəşri məlumat dərc e...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

19:23   Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 26-da Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə g...

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...