“Azərbaycan dərhal hərbi əməliyyatlara başlamalıdır” – İRƏVANI CƏZALANDIRMAQ PLANI

“Azərbaycan dərhal hərbi əməliyyatlara başlamalıdır” – İRƏVANI CƏZALANDIRMAQ PLANI
 

"Təmas xəttində məhz Ermənistan rəsmilərinin əmrilə Azərbaycan ordusunun zabit və əsgərinin öldürülməsi artıq Azərbaycan üçün məsələ ətrafında strateji qərar verməyə ciddi işarədir”.


Sfera.az-a açıqlamasında bu sözləri son on gün ərzində biri zabit, digəri isə əsgər olmaqla Azərbaycan ordusunun iki hərbçisinin öldürülməsi və bu fonda erməni təxribatının artmasına münasibət bildirərkən politoloq Natiq Miri deyib:


"Cəbhə xəttində Azərbaycan zabitinin vurularaq öldürülməsi müəmma olmaqla bərabər, həm də ölkəmizə verilən ciddi bir mesajdır. Birinci mesaj odur ki, Dağlıq Qarabağda mövcud olan qondarma rejim istənilən an Azərbaycan ordusuna qarşı təxribatlara əl ata bilər. Bu təxribatın hədəfi də təkcə Azərbaycan əsgərləri deyil, həm də Ermənistandakı Nikol Paşinyan hökumətidir. Bəllidir ki, Paşinyan qondarma rejimi devirib, qondarma rəhbərliyə öz adamlarını yerləşdirmək və bununla Qarabağ cəbhəsinə nəzarət etmək istəyir. Əslində ard-arda baş verən bu kimi hadisələr bir daha göstərir ki, cəbhə xəttində vəziyyət kritikdir və buradakı hadisələrə İrəvan hökuməti tərəfindən nəzarət edilmir”.


Politoloq belə bir şəraitdə Azərbaycan ordusunun bütün məsuliyyəti Ermənistanın üzərinə qoymaqla sürətli lokal hərbi əməliyyatlara başlaya biləcəyini istisna etmir. Onun fikrincə, ard-arda baş verən son iki ölüm hadisəsi bunun üçün ciddi zəmin yarada bilər:

 

"Ermənsitan müdafiə nazirinin açıqlamasına rəğmən bu hadisə bir daha göstərir ki, Qarabağ cəbhəsində hər hansı bir hərbi hərəkətə erməni ordusu və rəhbərliyi nəzarət edə bilmir. Sadəcə, nəzarət edə bilmədiyinin ifşa olunmaması, ortaya çıxmaması üçün bu səviyyədə açıqlamalar verir. Əslində bu açıqlamaların arxasında ciddi fikir, davranış, hərəkət dayanmır. Dayanmış olsaydı, Azərbaycan zabitinin öldürülməsindən sonra belə bir hadisə təkrarlanmazdı. Çünki, növbəti belə hadisənin baş verməsi artıq cəbhə xəttində aktiv hərbi döyüşlərin başlanmasına gətirib çıxaracaq. Ermənistan isə belə bir hərbi əməliyyatların başlanmasını istəmir. Anlayır ki, aktiv döyüşlər başlayacağı təqdirdə, qısa zamanda bir neçə strateji bölgə Azərbaycan ordusu tərəfindən işğaldan azad olunacaq”.

 

Politoloq Azərbaycanın özünün proses yaratmalı olduğunu bildirdi: "Bu proses dərhal hərbi əməliyyatlara başlamaqdan keçir. Yalnız bundan sonra Ermənistanda ciddi siyasi təlatümlər yaşana bilər ki, bu əsasda da sülh masası arxasında İrəvanla daha rahat danışmaq mümkün olacaq”.


Qeyd edək ki, son günlər cəbhə xəttində erməni təxribatları artıb. Bu təxribatlar nəticəsində Azərbaycan biri mayor, digəri sıravi əsgər olmaqla iki şəhid verib. Belə bir vəziyyətdə Ermənistanın müdafiə naziri David Tonoyan isə Azərbaycan əsgərinin vurulması üçün şəxsən əmr verdiyini təsdiqləyib.

Elçin


OXŞAR XƏBƏRLƏR