Təhsİl

Magistraturaya qəbul imtahanlarının vaxtı açıqlandı

Magistraturaya qəbul imtahanlarının vaxtı açıqlandı
Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının I mərhələsi fevralın 24-də, II mərhələsi mayın 26-da, rezidenturaya qəbulun birinci mərhələsi martın 31-də, II mərhələsi isə iyulun 14-də keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, fevralın 3-də magistraturaya qəbul olmaq istəyənlər üçün imtahanın I mərhələsi üzrə kağız daşıyıcılar vasitəsilə sınaq imtahanı keçiriləcək.

Fevralın 10-da ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyənlər üçün qəbul imtahanı modelinə uyğun sınaq imtahanının (I-IV ixtisas qrupları üzrə) keçirilməsi nəzərdə tutulur.

Bakı şəhəri və bölgələr üzrə ümumi (9 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanlarının (eləcə də, əvvəlki illərin məzunlarının kolleclərə qəbul imtahanının) birinci mərhələsi mart ayında, tam (11 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanları isə aprel ayında təşkil olunacaq.

Ali təhsil müəssisələrinə və kolleclərə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün buraxılış imtahanı qaydasında keçirilən qəbul imtahanı da aprel ayında təşkil olunacaq.

Dövlət qulluğuna qəbul üçün yeni ilin ilk imtahanları 26 yanvar (A növü) və 17 fevral (B növü) tarixlərində keçiriləcək. Dövlət qulluğuna qəbul imtahanları hər ay keçirilir və növbəti aylarda keçiriləcək imtahan tarixləri haqqında məlumat veriləcək.


 

XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031