Ekspert və deputatlar “Azərsu” ASC-nin “asfalt düşmənçiliyi” haqda - YENİLƏNİB
"Belə bir vəziyyətin yaşanması Azərbaycanda dövlət qurumları və müəssisələri arasında uzunmüddətli inkişaf strategiyasının olmamasından qaynaqlanır”.
Sfera.az-a açıqlamasında bu sözləri Babək prospektində yenicə təmirdən çıxan yolun "Azərsu”ASC tərəfindən su və kanalizasiya xətlərinin tikintisi adı ilə yenidən sökülməsinə münasibət bildirərkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov deyib:
"Yeni təmirdən çıxan yolun başqa təmir adı ilə yenidən sökülməsi Azərbaycanda ənənə halını alıb. Problem odur ki, Azərbaycanda dövlət qurum və müəssisələrinin uzun müddətli inkişaf strategiyası yoxdur. Dünya ölkələrinin əksəriyyətində uzun müddətli inkişaf strategiyası olmayan qurumlara dövlət büdcəsindən vəsait ayrılmır. Çünki bu hal bir sıra hallarda təkrar layihələrin həyata keçirilməsinə gətirib çıxarır və yaxud planlaşma olmadığından layihələrin uzun müddətli dövrdə effektivliyi dəyərləndirilə bilmir. Son nəticədə də vəsaitlər səmərəsiz istiqamətlərə xərclənir. Bakının Babək prospektində müşahidə etdiyimiz situasiya da məhz bundan qaynaqlanır. Bir tərəfdən, "Azəryol” yol infrastrukturunun təkmilləşdirilməsilə bağlı layihə icra edir”.
Həmsöhbətimizin fikrincə, prosesi icra edəcək qurumlar arasında koordinasiyanın olmaması yol tikintisi məsələsində sözügedən vəziyyətin yaranmasına səbəb olub: "Yol tikintisi prosesinin icrası zamanı dövlət qurumları arasında heç bir koordinasiya təmin olunmur. Tikilən yolların tez-tez dağıdılması ilə bağlı yaranan əsas problem də məhz bu fonda yaşanır. Nəticədə xeyli vəsait xərclənərək həyata keçirilən layihə qısa müddətdən sonra digər layihənin icrası ilə demək olar ki, sıradan çıxarılır. Belədə yaranmış situasiyada Babək prospektindəki yenidən təmirə dayanan yol uzun müddətli dövrdə yenidən istifadə edilməyəcək”.
R. Həsənov dedi ki, bir sıra ölkələrdə bu kimi hallara Hesablama Palatası nəzarət edir: "Məsələn, Perfomansın Auditi, yaxud ictimai vəsaitlərin xərclənməsinin effektivliyi deyilən audit yoxlamaları məhzbelə halların qarşısını almağa hesablanıb. Azərbaycanda isə Hesablama Palatası ümumiyyətlə Perfomansın Auditini həyata keçirmir. Nəticədə indiki halda Babək prospektində müşahidə etdiyimiz mənzərə yaranır”.
Milli Məclisin deputatı Aqil Abbas düşünür ki, Babək prospektindəki yolda yaşanan problem işi həyata keçirməli olan qurumlar arasında koordinasiyanın olmamasından irəli gəlir: "Yol asfaltlaşdırılır, sonradan məlum olur ki, həmin ərazidə kanalizasiya və yaxud su xətti də çəkilməlidir. Belədə yolu yenidən sökürlər. Yaxşı olar ki, əvvəl kanalizasiya və su yolları çəkilsin və sonra asvalt vurulsun. Lətifələrin birində deyilir ki, işçilərdən biri yeri qazır, digəri isə qazılan yeri doldurur. Kənardan biri bunun səbəbini soruşduqda deyirlər ki, hər biri öz öhdəsinə düşən işi yerinə yetirir. Sadəcə, qazılan yerə ağac əkməli olan gəlmədiyindən belə vəziyyət yaranıb. Məhz koordinasiya olmadığından hamı günahkar vəziyyətdədir. "Azərsu” ASC Babək prospektində su və kanalizasiya sistemini bərpa edərkən yolu dağıdırsa, özü də onu bərpa etməlidir”.
Milli Məclisin üzvü Fazil Mustafanın fikrincə isə anoloji vəziyyət prosesi həyata keçirməli olan qurumların məsuliyyətsizliyindən doğur: "Yenicə təmir olunan yolun yenidən sökülməsi sanki bir ənənə halını alıb. Bu xoşagəlməyən ənənəni dayandırmaq lazımdır. Görünür, Babək prospektindəki yolda baş verən proses də məhz cavabdeh qurumların məsuliyyətsiz fəaliyyətindən yaranıb”.
Elçin
P.S. Yazı saytımızda dərc olunduqdan sonra "Azərsu" ASC təmsilçiləri Sfera.az-ın əməkdaşı ilə əlaqə saxlayaraq paytaxtın Babək prospektində qazıntı işlərinin aparılması haqda sosial şəbəkələrdə yayılmış məlumatları təkzib edib. Qurum təmsilçisi bildirib ki, Babək prospektində heç bir qazıntı işləri aparılmır və bu kimi məlumatların sosial şəbəkələrdə yayılması qərəzlidir və həqiqəti əks etdirmir.