Bəşəriyyətin ortaq dili

Bəşəriyyətin ortaq dili

Müxtəlif peşə fəaliyyətləri ilə bağlı ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən xüsusi günlər təsis olunub. Bir sıra peşələrə xüsusi münasibət onların cəmiyyətə və insanlığa göstrdiyi xidmətin əhəmiyyəti ilə bağlıdır. Belə əhəmiyyətli peşələrdən biri də tərcüməçilikdir.  

 

1953-cü il sentyabrın 30-da Birləşmiş Millətlər Təşkilatı xalqlar arasında sülh, anlaşma, barışıq və inkişafın təşviqində peşəkar tərcümənin rolunu vurğulayan xüsusi qanun layihəsi qəbul etmiş və Beynəlxalq Tərcümə Federasiyası yaradılmışdı. 1991-ci ildən etibarən 30 sentyabr bütün dünyada "Beynəlxalq Tərcüməçilər günü" kimi qeyd olunmağa başlanıb.

 

Tərcüməçilər qloballaşan dünyada beynəlxalq siyasət, mədəniyyət, iqtisadiyyat, elm, texnologiya və bütün digər sahələrdə dil baryerini aradan qaldıran, müxtəlif xalqların bir-birini anlamasına şərait yaradan fədakar və zəhmətkeş insanlardır. Onların fəaliyyəti müxtəlif dillərə, dinlərə, mədəniyyətlərə mənsub olan və fərqli dünyagörüşünə malik olan cəmiyyətlər və insanlar arasında  ünsiyyət yaratmaqdan və bütün mənalarda onların bir-birini anlamasına xidmət etməkdən ibarətdir. Bir-birini anlamaq və öz mövqeyini anlada bilmək isə əməkdaşlığa, sülhə və barışa aparan yolda vacib amillərdir. Bu baxımdan, tərcümə bütün bəşəriyyətin ortaq dilidir. Tərcüməçilər informasiyanı düzgün istiqamətdə və düzgün şəkildə çatdırmaqla həm də dünyada sülh və əməkdaşlığa töhfə vermiş olurlar.

 

23 may 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Dövlət Tərcümə Mərkəzi yaradılıb. Mərkəzin fəaliyyətinin məqsədi dövlət dilindən düzgün istifadə və tərcümə işinin mərkəzləşdirilmiş qaydada təşkili və tənzimlənməsindən, Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə, xarici ədəbiyyatın Azərbaycanda tanıdılmasından və təbliğindən ibarətdir. Bu mənada, tərcümə mədəniyyətlərarası körpüdür.

 

Ömürlərini bu peşəyə həsr etmiş ziyalılarımız çoxsaylı və çox istiqamətli tərcümələri ilə oxucunun dünyagörüşünün zənginləşməsində, mütaliə zövqünün formalaşmasında, eləcə də qlobal miqyasda əldə olunan elmi-texniki nailiyyətlərin Azərbaycan dilində elmi dövriyyəyə gətirməklə  elmimizin və mədəniyyətimizin zənginləşməsində fəal şəkildə iştirak edirlər. Ölkəmiz üçün nisbətən yeni olan bu fəaliyyt sahəsində yorulmadan çalışan və milli tərcüməçilik məktəbinin formalaşmasına və bu peşənin inişafına xüsusi töhfələr verən insanlar  böyük hörmətə və ehtirama layiqdirlər.

 

Bütün dünyada olduğu kimi, ölkəmizdə də tərcümə işi inkişaf etməkdə və getdikcə daha çox əhəmiyyət qazanmaqdadır. Ölkəmizdə tərcüməçilik peşəsi üzrə ilk ali təhsil ixtisası 1986-cı ildə o zamankı Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda açılmış, ingilis, alman və fransız dilləri üzrə ilk peşəkar tərcüməçilərin hazırlanmasına başlanılmışdır. Tərcüməçilik ixtisası üzrə kadr hazırlığına başlanmasının ilk ilində hər dil üzrə cəmi altı nəfər tələbə qəbul olunmuşdu və mən  də tərcümə fakültəsinin ilk tələbələrindən biri olduğumla fəxr edirəm. 1986-1991-ci illərdə mənə və tələbə yoldaşlarıma dərs vermiş bütün əziz insanları – görkəmli alimlərizi və professorlarımızı dərin minnətdarlıq hissi ilə xatırlayıram.

 

Bu gün Azərbaycan Dillər Universtetində yüzlərlə mütəxəssis tərcümə işinin incəliklərini gənc nəslə öyrətməklə məşğuldur.  Bizim üçün xüsusi əhəmiyyət daşıyan bu gündə özümə doğma hesab etdiyim Azərbaycan Dillər Universitetin professor-müəllim heyətini təbrik edir və onlara elmi-pedaqoji və praktiki yaradıcılıq fəaliyyətlərində davamlı uğurlar arzulayıram. Beynəlxalq Tərcüməçilər Günü münasibəti ilə ölkəmizdə və ölkəmizdən kənarda fəaliyyət göstərən bütün  tərcüməçiləri təbrik edirəm.

 

Cavanşir Feyziyev, Milli Məclisin deputatI

30 sentyabr 2024


OXŞAR XƏBƏRLƏR