Yaşam koçu, yoxsa \"yaşam qoçu\"?

Yaşam koçu, yoxsa \

Heç sənə baxan şübhəli gözlərə, ürəyinlə "vallah, mən onlardan deyiləm!"cavabını verməyin necə bir hiss olduğunu bilirsənmi?

Mənim bu hiss ilə tanışlığım düz 12 il əvvələ dayanır. Hər şey bir hərf ilə başlamışdı. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olanda çox sevinmişdim. Ta ki "jurnalist, yoxsa zurnalist?" cümləsini eşidənədək. Gülməli səslənsə də, sadəcə bir hərf fərqi hər şeyi izah etmişdi.
Neçə illər yarı ümid, yarı məcburiyyət hissi ilə mediada çalışsam da, artıq cəmiyyətin aynasından baxa bilmirdim. Sevimli peşəmlə münasibətimizə ara verməyin vaxtı çatmışdı. Çünki nəzəriyyədə "dördüncü hakimiyyətin nümayəndəsi" Fidan təcrübədə öz həyatının hakimi ola bilməmişdi. Jurnalistikanın prinsiplərini öncə həyatıma tətbiq etməli, özümə dürüst, obyektiv, vicdanlı davranmalı idim. Nəhayət, insanların jurnalistika ilə bağlı yanlış düşüncələrini dəyişdirə bilməyəcəyimi anlayanda, özümü dəyişdirə biləcəyimə inanmışdım.

Bunun yaşam koçluğuna nə aidiyyəti?

Məncə, bu iki peşənin oxşar taleyi var. Ya da mənim taleyim belə gətirib ki, həm jurnalist, həm də yaşam koçu olmuşam. Haradan bilərdim ki, ikinci dəfə həvəslə təhsilini aldığım sahənin də plagiyatı yaranacaq. İndi də "yaşam koçu, yoxsa yaşam qoçu?" müqayisəsi ilə üzləşirəm. Yenə eyni halı yaşasam da, bu dəfə mən eyni deyiləm. Gördüyüm işlə bağlı yanlış fikirləri dəyişdirə bilmərəm. Amma xalqın gözünün tərəzisi xarab olmayıbsa, bu yazıdan sonra sözün məcazi mənasında yaşama qoç kəsilənlərlə professional koçları ayıra biləcəklərinə ümid edirəm.

Bəs kimdir yaşam koçu?

İngilis dilində "life coach" sözü Azərbaycan dili lüğətində hərfi tərcümə olaraq məşqçi deməkdir. Ölkəmizdə daha çox "yaşam koçu" olaraq bilinən bu sahənin adını gərək dilçilərimiz lüğətə əlavə etsinlər, çünki "həyat məşqçisi" yaxşı səslənmir, məncə. Qayıdaq əsas mətləbə.

 

 

Yaşam koçu danışanın (koça müraciət edən) hədəflərinə çatma yolunda potensialının üzə çıxarılmasına, həyat səviyyəsinin yüksəlməsi üçün mövcud imkanları görüb dəyərləndirə bilməsinə dəstək olur. Hər danışana görə hazırlanan proqram əsnasında fərqli koçluq metodları ilə uğurlu nəticənin əldə edilməsinə çalışılır. Professional yaşam koçu psixoloq deyil, amma psixologiyanı biləndir. Oxşar cəhətləri olsa da, fərqləri də çoxdur. O, doğru suallar verərək danışana həll yolunu tapmasına vəsilə olur. Yaşam koçunun vəzifələri haqqında çox yazıb uzatmaq istəmirəm. Qısaca, yaşam koçu mənəvi inkişaf bələdçisidir. Bu sahə ilə bağlı məlumatı olmayanlar internetdə koçluğun tarixini araşdıra bilərlər.

 

 

 
İndi keçək sosial media şəbəkələrində, xüsusilə "İnstagram"da "life coach" adı ilə fəaliyyət göstərən müasir falçılara.
 
Biri şərh bölməsində "bəli" yazana hiss göndərir, sonda "şifa olsun" (o söz şəfadır) deyir, biri təbii daşlara "professional" şəkildə hiss üfürüb satır, digəri mesaj atdırma, ərə getmə kimi rituallar öyrədir, rəqəmlərlə möcüzələr vəd edir. Pul gətirən tilsimləri paylaşanlar kim, kainatdan çek yazıb "zəngin" edənlər kim. Hələ bunları elm adı ilə təqdim edib inanmayanlara da cahil deyirlər.
 
 
Əksəriyyəti də "enerji ustadı" olub. Kimə baxırsan əndrabadi adlarla enerji topları göndərir. Hələ daha bahalı "şəfalı" seansları demirəm. Əlbəttə, bu sahədə işini layiqincə görən peşəkar mütəxəssilər də var. Sözüm onlardan kənaradır.
 

Yaşam koçluğunda "neochamanisme” yeni şamanizim, buddizm təbliğ edilmir. Sözsüz ki, inanclar müxtəlifdir və həyatın inandıqlarından ibarətdir. Söhbət hansı inancın düz və ya səhv olmasından getmir. Məsələ bunların yaşam koçluğuna aid olmamasındadır.
 

Niyə yalana tələbat çoxdur?

 

Çox vaxt insan sehrli çubuqlu birinin gəlib onu xilas edəcəyini, möcüzə baş verəcəyini gözləyir. Əslində möcüzə də, xilaskar da sən özünsən. Sadəcə öz həqiqətindən uzaqlaşıb, müvəqqəti sevinc vəd edən yalanlara inandığın üçün ilahi qüvvənin sənə bəxş etdiyi əsil gücü görməzlikdən gəlirsən. Çünki özünlə üzləşmək, incinmiş, tək qalmış tərəfinlə barışmaq istəmirsən. Çarəni qaçmaqda görür, keçmişinlə küsülü halda indiki vəziyyətini yaxşılaşdırmağa çalışırsan. Bununla da aldanmağa hazır olursan. İşin sirri isə inamdadır. Sən inandığın üçün onlar anlam qazanır, hətta bəzən istəklərinə də çatırsan, amma bir müddət sonra bunun ağır nəticələrini görüb böyük peşmanlıq yaşayırsan. İndi sözüm sənədir. Bu yazını oxuyarsansa, deməli, hisslərinə qulaq asmalı olduğunu bilməlisən. Nə qədər romantik səslənsə də, qəlbini dinləməyi bacarmalısan. İlahi qüvvənə inan. Özünə dön. Orada səni gözləyən bir SƏN var.

 

 

 
 
Bu arada, 12 il öncə tanıdığım o hisslə sevgi ilə vidalaşır, işimə görə özümü sübut ehtiyacından imtina edirəm. Sənətimlə fəxr etməyi, gözəl təcrübələr naminə insanlığa vəsilə olmağı seçirəm.
 
 

Özünə və bütövə faydalı olmağın niyyəti ilə salamat qal.



Fidan Əliheydər

 


OXŞAR XƏBƏRLƏR

Qızıl kəskin bahalaşdı

Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) qızılın dəyəri 16 iyun 2025-ci il tarixindən etibarən ilk dəfə 1 troya unsiyası üçün 3 450 dolları ötüb. ...

Transgender kişilərin qadın yarışlarında iştirakına qadağa qoyuldu - Trampdan tarixi qərar

ABŞ prezidenti Donald Tramp qadın idmanının ədalətini və təhlükəsizliyini qorumaq məqsədilə mühüm fərman imzalayıb. Sənədə əsasən, biologiyasına görə kişi olan ...

"Ədalət hər dəfə mənə pul verirdi, pis olurdum"

"Əməkdar artist Ədalət Şükürov toyda, hansısa məclisdə, ümumiyyətlə məni harada görürdüsə, pul verirdi. Onunla görüşəndə məni tuturdu və 300 manat əlimə pu...

Bi yerlərdə heç kim yaşamır, amma hamı ziyarət edir - FOTOLAR

Tərk edilmiş yerlər ürpədici, lakin valehedici ola bilər. Bu məkanlar, istər köhnə məktəb, istərsə də tərk edilmiş bir ev və ya gəmi olsun, inanılmaz təcrübələr...

Paşinyandan prokurorluğa şikayət edildi

Zartonk Milli Xristian Partiyası Ermənistan Baş naziri Nikol Paşinyana qarşı prokurorluğa iki ərizə ilə müraciət edib.   Sfera.az xəbər verir ki, bu ...

Suriya üzrə beynəlxalq danışıqlar yenə Bakıda keçiriləcək

Suriya üzrə beynəlxalq danışıqların növbəti raundu Bakıda keçiriləcək.   Sfera.az-ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Hadas...