“Yaxşı ki, sosial şəbəkələr var...” – İranın yük maşınları Laçın dəhlizinə necə gəlib?
16:28 / 03.05.2021
2740
Xəbər
verdiyimiz kimi, sosial şəbəkələrin İran seqmentində bu ölkənin Ermənistan
vasitəsilə Qarabağa yardımların çatdırılmasını əks etdirən qalmaqallı görüntülər
yayılıb.
Bununla bağlı Milli Məclisin deputatı Azər Badamov Sfera.az-a açıqlamasında deyib ki, Rusiyanın məqsədi sülhməramlı missiyasını həyata keçirməkdən
ibarətdirsə, bu vəzifəyə daxil olan funksiyalarının icrasından kənara
çıxmamalıdır:
"Laçın dəhlizindən Qarabağa daxil olan yüklər və şəxslərin keçidi
Azərbaycanın razılığı ilə həyata keçirilməlidir. Humanitar yardımların göndərilməsi
beynəlxalq praktikada mövcuddur. Amma göndərilən humanitar yardımları göndəriləcək
ölkə ilə razılaşdırılmalıdır.
Odur ki, Laçın dəhlizindən üçüncü ölkəyə aid maşınlar
və şəxslərin daxil olması ancaq ölkəmizin razılığı ilə baş verməlidir. Sosial şəbəkələrdə İrana aid nömrə
nişanlı avtomobillərdə yüklərin daşındığı haqqında video görüntülər yayılıb. Əgər
bu yüklər humanitar məqsədlidirsə, təbii ki, ölkəmiz məlumatlandırılmalıdır. Yəni,
Laçın dəhlizində özbaşınalığın baş verməməsi
üçün oarda Dövlət Sərhəd Xidməti əməkdaşlarının nəzarət postunun yaradılmasını vacib hesab edirəm”.
Millət vəkilinin sözlərinə görə, əgər biz Laçın dəhlizindən
keçirilən yüklərə nəzarət edə bilmiriksə və kənar nömrə nişanlı avtomobillərlə
yüklər daşınırsa, bu o deməkdir ki, orada nəzarət edən sülhməramlılar xidmətlərini
lazımi qaydada aparmır.
Politoloq İlqar Vəlizadə isə saytımıza açıqlamasında
qeyd edib ki, məsələni tam şəkildə aydınlaşdırmaq lazımdır ki, bir daha bu hal
təkrarlanmasın:
"Əlbəttə, Azərbaycanın xəbəri olmadan hər hansı yüklərin
ərazimizə daşınması mümkün deyil. Bu qeyri-qanunidir. Bütün hallarda məsələyə dərhal
aydınlıq gətirilməlidir. Yaxşı ki, sosial şəbəkələr var, orada
bu informasiya daxil olur və dərhal reaksiya verilməlidir. Həmin ölkələrə bunun
yolverilməz olduğunu bildirməliyik.
Biz eyni zamanda qarşı tərəflərdən izahat istəməliyik və bu bizi qane etməlidir. Əks təqdirdə
isə müəyyən addımlar atmalıyıq. O cümlədən İran şirkətlərinin Qarabağın yenidənqurma
işlərində iştirakı ilə əlaqəli müəyyən qərarlar verilməlidir. Yenə deyirəm ki,
öncə təmkinlilik nümayiş olunmalıdır. Həm də qısa zamanda problem həll edilərək
qanunsuz yükdaşımaların qarşısı alınmalıdır”.
Günay Rəsulqızı