“Yanacağın bahalaşması, kommunal xərclərin artması...” – İnflyasiya qaçılmazdır?
11:34 / 16.03.2021
1307
"Bəzi sektorlar istisna olmaqla, pandemiya digər
bütün sahələrə ağır fəsadlar yaşatdı. Bunlardan ən təhlükəli isə inflyasiya
meyillərinin güclənməsidir”.
Bunu Sfera.az-a açıqlamasında
iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, pandemiyanın ağır təsirlərinin
aradan qaldırılması üçün yatırılmış iri həcmli maliyyə vəsaitləri inflyasiya təhlükəsini
artıran başlıca səbəblərdəndir:
"Kommunal xərclərin artırılması da bir müddət
sonra infilyasiya yaradan faktorlar içindədir. Buna görə də pandemiyanın mənfi
təsirləri, iqtisadiyyata buraxılmış əlavə pul kütlələri, yanacağın qiymətinin
qalxması və kommunal xərclərin artırılması kimi ardıcıl baş verən proseslərdən
sonra ərzaq və qeyri-ərzaq məhsularında olan qiymət artımını sensasiya kimi qəbul
etməyə dəyməz. Bütün bunlar baş verən proseslərin zəruriliyinin ortaya
çıxardığı sadə bir qanunauyğunluqdur”.
Ekspertin sözlərinə görə, qeyd edilən hadisələrdən
sonra zərurətdən doğan inflyasiya ilə yanaşı, süni qiymət artımına da rast gəlinir: "Buna görə də qiymətlərin zəruri artımından əlavə
olaraq, daha da qaldırılmasında maraqlı olan mal və xidmət təklif edən tərəflərə
ciddi nəzarət mexanizmi də vacibdir. Qiymətləri zəruri olandan da yuxarı
qaldıra bilənlərə isə "işbaz” demək düzgün deyil. Ümumiyyətlə biz çalışmalıyıq
ki, "işbaz” sözünü leksikonumuzdan uzaqlaşdıraq. Sözün etimologiyasına varsaq,
görərik ki, bu heç də pis bir ifadə deyil.
İş görməyə, biznes qurmağa meyilli
olan fərd tipidir. Heç zaman "işbaz” dediyimiz bu fərdlər istəsələr belə süni
qiymət artımına nail ola bilməzlər. Çünki rəqabətin olduğu bazar mühitində süni
qiymət artımı deyilən bir məhfum yoxdur.
Əgər qiymət artıbsa, deməli bunun iqtisadi səbəbləri var. Yox əgər
biz doğrudan da süni qiymət artımı
müşahidə ediriksə, o zaman bunun səbəbkarı olan
təsərrüfat subyektlərinə "işbaz” yox, inhisarçı deyilir. Başqa sözlə,
süni qiymət artırma qüdrətində olan təsərrüfat subyektləri inhisarçı adlanır,
işbaz yox”.
Müsahibimiz qeyd edib ki, bəzi məhsullarda hətta
30%-dək artım müşahidə edilir: "Bir müddət əvvəl rəqabət haqqında qanunun
layihəsi haqda danışarkən deputat Əli Məsimli bununla bağlı iradlarını
bildirmişdi. Biz artıq neçə ildir ki, bu qanunun qəbuluna nail ola bilmirik. Deməli, əgər biz
bazarlarda süni qiymət artımına qarşı mübarizə aparmaq istəyiriksə, bu zaman
ilk növbədə bu qanun layihəsi qəbul edilməli və icrası da ciddi nəzarətə
götürülməlidir. Eyni zamanda inhisarçı təsərrüfat subyektlərinə qarşı dövlətin
antiinhisar tənzimləmə metodları yenidən işlənib hazırlanmalı və tətbiq edilməlidir.
Bütün bunlar yerli-yerində edilməsə, süni şəkildə olan qiymət artımına qarşı
mübarizə heç vaxt fayda verməyəcək. Görülən tədbirlər qısa müddətli effektiv
olacaq. Sadə dildə desək, bazarda bir malı və ya xidməti təklif edənin çox
olmasına gətirib çıxaran addımlar atmalıyıq. İstehlakçının alternativ seçimləri
olmayınca, ona istənilən qiymət diktə ediləcək. Yalnız təbii inhisar
formalarında istehlakçının seçimi olmur, onda da dövlət inzibati qaydada tənzimləmə
metodlarını tətbiq etməlidir”.
Sfera.az