Xruşov iclas zalına hamıdan tez gəlib, Malenkovun yerində oturub və... - Kremldə inanılmaz çevriliş
11:19 / 15.10.2021
2451
Sfera.az İosif Stalinin ölümündən sonra Kremldə başlayan intriqaların və Xruşovun hakimiyyətə gəlişinin detallarını təqdim edir.
SSRİ
yarandığı gündən süqutuna qədər ölkənin siyasi elitasında intriqalar səngiməyib.
Kreml məmurlarının qruplaşaraq hakimiyyət və vəzifə uğrunda mübarizəsi davamlı
olaraq bir çox yüksək ranqlı dövlət məmurlarını siyasi səhnədən uzaqlaşdırıb.
Özünü
dünyaya "humanist və ədalətli” ölkə kimi təqdim edən SSRİ-nin siyasi müstəvisində baş verənlər heç də humanist prinsiplərə və ədalətə
söykənməyib. Əslində,
kənardan və mətbuatın təqdim etdiyindən belə təəssürat yaranıb ki, ölkənin
birinci şəxslərinin vəzifə təyinatı plenumlarda seçki yolu ilə baş tutub. Yəni
bu məsələ tam şəffaflıqla həll olunub.
Bəs həqiqət
necə olub, plenuma qədər Kreml pərdələrinin arxasında hansı sövdələşmələr
gedib?
Budəfəki
yazıda Stalinin vəfatından sonra Mərkəzi Komitədə baş verən hadisələrə nəzər
salacağıq.
Əvvəlcə
onu qeyd edək ki, Stalinin 30 illik ağır hakimiyyətindən sonra Mərkəzi Komitədə
son dərəcə gərginlik müşahidə olunub. Dövlət məmurları hakimiyyətin bölüşdürülməsində
bütün güc və imkanlarını işə salıblar. Yüksək vəzifələrə iddialı olanların ad və
soyadlarını sadalasaq, həmin dövrdə vəziyyətin nə qədər mürəkkəb olduğunu təsəvvür
etmək cətin deyil. Georgi Malenkov, Vyaçeslav Molotov, Lavrenti Beriya, Nikita
Xruşov, Gerogi Jukov, Lazar Kaqanoviç və digərlərinin ortaq məxrəcə gəlməsi çox
çətin məsələ olub. Amma təbii ki, sonda siyasilər yekdil qərara gələ biliblər.
Partiya
xətti ilə Georgi Malenkov Mərkəzi Komitənin katibi kimi ölkədə ikinci şəxs
sayılıb. Bu baxımdan Stalinin vəfatından sonra Malenkovun baş katib olmaq şansı
daha böyük olub və bu məsələ Siyasi Büroda müzakirəyə çıxarılıb. Ancaq bunula
yanaşı büro digər bir məsələnin də
müzakirəsini vacib sayıb, ölkənin idarəetmə üsülunu müəyyənləşdirmək məsələsini.
Qərara
alınıb ki, SSRİ-də idarəetmə üsulu Leninin dövründəki kimi, Nazirlər Sovetinə həvalə
edilsin, yəni ölkənin idarə edilməsində birinci şəxs müasir dövrə uyğun desək,
baş nazir olsun. Bu qərar qəbul olunduqdan sonra Kreml oyunları başqa səmtə yön
alıb. Malenkovla eyni cəbhədə olan Lavrenti Beriya təklif edib ki, onun baş
katib yox, Nazirlər Sovetinin sədri vəzifəsinə seçilməsi məqsədəuyğun olar. Güc
Beriya tərəfində olduğundan Xruşov və onun tərəfdarları bu təklifi qəbul etmək
məcburiyyətində qalıblar. Amma oyun bunula bitməyib.
Sözsüz
ki, hakimiyyətə sahib çıxmaq istəyən Xruşov sakitliklə geri çəkilməyib. Baş
katib vəzifəsinə seçkidə bu vəzifənin çox da böyük səlahiyyətlərə malik
olmamasını nəzərə alan Malenkov-Beriya komandası Kommunist Partiyasına rəhbərlik
etməyi Xruşovdan əsirgəməyiblər və o, baş katib seçilib.
Beləliklə,
Georgi Malenkov ölkənin birinci şəxsi olub. İstər araşdırmaçıların qənaətinə,
istərsə də müasirlərinin söylədiklərinə görə Malenkov hakimiyyəti əlində
saxlamaq gücündə olmayıb. Bütün siyasi fəaliyyəti dövründə Mərkəzi Komtədə
yalnız icraçılıq funksiyasını daşıyan, heç vaxt təşəbbüskarlığı olmayan,
Stalinin müəruzələri, müraciətləri ilə məşğul olan Malenkov üçün ölkəni idarə
etmək çətin məsələ sayılıb. O, bu işdə
Beriyaya arxayın olub. O cümlədən Malenkovu devirmək gücündə olan Xruşovun mübarizəyə
girişməməsinin səbəbi də yenə Beriya olub. Təhlükəli və qorxulu Beriya Xruşov
üçün böyük maneəyə çevrilib və Xruşov məqam gözləyib.
1953-cü ildə
Xruşov böyük ustalıqla Beriyanı həbs etdirdikdən sonra Kremlin saatları
Xruşovun xeyrinə işləyib.
Malenkov ölkənin
birinci şəxsi olaraq, həm də Mərkəzi Komitənin Rəyasət heyətinin sədri olub və müşavirələrə sədrliyi də məhz o edib.
Növbəti müşavirələrin birində Xruşov müşavirə zalına hamıdan
qabaq gəlib və sədr kürsüsündə (Malenkovun yerində) əyləşib. Malenkov
zala daxil olanda Xruşova yaxınlaşıb:
- Nikita
Sergeyeviç, siz öz yerinizdə əyləşməmisiniz...
Xruşov bu iraddan təmkinin pozmayıb:
- Yoldaş
Malenkov, nədən belə düşünürsünüz?
- Axı
biz qərara gəlmişdik ki, ölkənin idarətetmə üsulu Leninin dövründəki kimi
olacaq.
Bu dəfə
Xruşov ona istehzalı təbəssümlə cavab verib:
- Siz
özününzü Lenin sayırsınız? Siz nəinki Lenin, heç leninçi də deyilsiniz. Ölkədə bir partiya var, Kommuhist Partiyası və bu partiya
da hakim partiyadır. Leninin bizə miras qoyduğu partiya. Leninin idayalarına
sadiq qalmaq üçün ölkəni də bu partiya idarə etməlidir. Mənə elə gəlir ki, bu məsələdə
qaranlıq heç bir şey yoxdur.
Bununla da, ölkədə
idarətetmə Kommunist Partiyasının və onun baş katibinin əlinə keçib. Xruşov Malenkovdan
qisasını alıb. Hətta onu qısa müddətdən sonra Nazirlər Sovetinin sədri vəzifəsindən
də uzaqlaşdırıb. 1955-ci ildə Malenkov SSRİ elektrostansiya naziri təyin
edilib. O, bu vəzifədə cəmisi iki il işləyib. 1957-ci ildə Xruşovu devirmək cəhdi
baş tutmayanda Malenkov nazir vəzifəsindən də çıxarılıb, o cümlədən partiya sıralarından da xaric edilib.
Nə
vaxtsa SSRİ kimi nəhəng bir dövlətin başçısı olan Malenkov ömrünün son illərini
çətin bir vəziyyətsdə yaşayıb. Normal mənzil şəraiti olmayan sabiq baş nazirə
1980-ci ildə DTK sədri Yuri Andropov kömək edib. Malenkova ikiotaqlı mənzil
verilib. O, partiya veteranları üçün nəzərdə tutulmuş güzəştli ərzaq
mağazasına, şəraitsiz bağ evinə də sıravi vətəndaşlar kimi ictimai nəqliyyatla
gedib.
Kommunist
Partiyasına bərpa olunmaq üçün Malenkov dəfələrlə Mərkəzi Komitəyə müraciət
edib. Son müraciətindən sonra məslənin həll olunacağını söz versələr də, ömür vəfa
etməyib. Georgi Malenkov 1988-ci ildə, 86 yaşında vəfat edib. Uzun illər yüksək
postlarda xidmət etsə də, Malenkovun Novodeviçye qəbirstanlığında dəfn
olunmasına icazə verilməyib.
Vəfatından
sonra Malenkovun oğlu, biologiya elmləri doktoru Andrey Malenkov atası haqda
"Atam Gerogi Malenkov” adlı kitabı işıq üzü görüb. Müəllif kitabda xüsusilə
vurğulayıb ki, Malenkov ömrünün sonuna qədər Stalini böyük ehtiramla
xatırlayıb, Xruşovu isə yaramaz və siyasətdən uzaq adam adlandırıb.
Sfera.az