“Xeybəri fəth edənlər” təxribatı – İran Azərbaycanla sərhəddəki təlimləri niyə belə adlandırıb?
16:09 / 30.09.2021
1604
İran
ordusunun quru qoşunları Azərbaycanın işğaldan azad etdiyi Zəngilan, Cəbrayıl əraziləri
ilə sərhədlərimizdə genişmiqyaslı hərbi təlimlərə start verəcək. Artıq bölmələr
və hərbi texnikalar sərhədə yaxın ərazilərə yerləşdirilir.
Əlbəttə
ki, İran müstəqil, suveren ölkədir və öz əraziləri çərçivəsində istədiyi kimi hərbi
təlimlər keçirə bilər. Lakin keçiriləcək hərbi təlimlərin İran-Azərbaycan
münasibətlərində soyuquğun yaşandığı bir dövrdə keçirilməsi və təlimlərə "Xeybəri
fəth edənlər” adının verilməsi heç də təsadüfi deyil.
Birincisi,
bir neçə gün öncə İran XİN Səid Xətibzadə Azərbaycan Prezidenti İlham Əliyevin
rəsmi Tehranı sərt tənqid etməsi və iradlarına münasibət bildirərək "İslam Respublikası öz sərhədləri
yaxınlığında sionist rejimin (İsrail – red.) varlığına dözməyəcək və təhlükəsizlik
tədbiri olaraq lazım bildiyi hər şeyi edir” deyib.
Mahiyyət
etibarilə bu çox ciddi və bir o qədər də təhlükəli açıqlamadır. Xətibzadə
bununla faktiki olaraq Azərbaycan hakimiyyətini sionist rejim adlandırıb. Rəsmi
Tehranın indi də hərbi təlimə "Xeybəri fəth edənlər” adının verməsi bunu bir
daha təsdiqləyir.
Məsələ
ondadır ki, Xeybər Səudiyyə Ərəbistanının Mədinə şəhərinin şimalında yerləşən
bir ərazidir. VI-VII əsrlərdə bu ərazidə Qüdsdən qovulan sefarat yəhudiləri
yaşayıblar. İslam tarixində bu qala və qala sakini olan yahudilər uzun müddət Məhəmməd
Peyğəmbərə qarşı ətrafdakı tayfalardan ibarət koalisiya yaratdıqları üçün
xüsusi yer tutub. 628-ci ildə Məhəmməd peyğəmbərin rəhbərlik etdiyi qüvvələr
Xeybərə daxil olaraq bu koalisiyanı məğlub edib. Yəni buradan çıxan nəticə belədir:
İran üçün Azərbaycan 21-ci əsrin Xeybər qalasıdır.
Təlimlə
bağlı digər diqqət çəkən məqam da zirehli texnika, artilleriya, PUA-lar və
radioelektron mübarizə vasitələrinin istifadə ediləcəyidir. Xüsusilə, təlimlərə
PUA-ların cəlb edilməsi rəsmi Bakıya verilən növbəti mesajdır. 44 günlük
müharibə zamanı savaşın taleyini böyük ölçüdə həll edən İsrail istehsalı
"Harop" və Türkiyə istehsalı "Bayraktar" PUA-larını bilən
İran təlimlərə PUA-ları cəlb edərək, rəsmi Bakıya qarışındakı ölkənin zəif Ermənistan
deyil, İran olduğu mesajını verməyə çalışır.
Rəsmi
Tehran Azərbaycanın xarici siyasətindən və regionda baş verən dəyişikliklərdən
ciddi narahatdır. Bu mənada düşünürəm, "Xeybəri fəth edənlər” təlimi təkcə hərbi
təlim olmayacaq.
Birincisi,
İran təlimləri bahanə edərək, şimal-qərb bölgəsi Güney Azərbaycanı - Ərdəbil, Zəncan,
Şərqi və Qərbi Azərbaycan ostanlıqlarında Cənubi Azərbaycan fəallarına qarşı
növbəti təmizləmə əməliyyatı keçirəcək. Çünki Tehran hakimiyyəti yaxşı bilir
ki, Azərbaycanla ehtimal edilən bir gərginliyə reaksiya verəcək ilk qüvvə Cənubi
Azərbaycan fəalları və milliyyətçiləri olacaq. Bu mənada bu təhlükənin qarşısı
vaxtında alınmalıdır.
İkincisi,
təlimlər zamanı ölkə daxilindəki İranmeyilli qüvvələr aktivləşə bilər. Mahiyyət
etibarilə bu proses artıq başlayıb. Anım Günü tədbirlərindən birinə qatılan bir
qrup çadralı qadının İsrail əleyhinə şüarlar səsləndirməsi və sosial şəbəkə üzərindən
müxtəlif növ çağırışların edilməsi bunu bir daha təsdiqləyir.
Üçüncüsü,
İran bu təlimlər ilə rəsmi Bakıya gözdağı verməyə, faktiki olaraq öz hərbi qüdrətini
göstərərək İsrail-Azərbaycan münasibətlərindən çəkindirməyə səsləyir.
Turan
Rzayev
sfera.az