Ustad şair Məmməd İlqarın oğlundan Arzu Nağıyevlə bağlı müraciət

Ustad şair Məmməd İlqarın oğlundan Arzu Nağıyevlə bağlı müraciət

İki-üç ilin söhbətidi. Köhnə qonşumuz- uşaqlıq dostumun anası evə zəng edib məni soruşubmuş.

Narahat oldum görən nə məsələdir, ağlıma ilk gələn bu oldu ki, Elşən yenə nəsə iş qarışdırıb, geri-ev telefonlarına yığdım. Gülnaz xala səsimi eşidib ağladı, alqışlar yağdırmağa başladı ki, sənin sayəndə Elşən bu zibilin (narkomanlığın) daşını atıb, hər gün məscidə gedir-gəlir, dini kitablar oxuyur, kinolara baxır. Bir sözlə möcüzə baş vermişdi. Matım-mutum qurudu. Elşənə görə sevinirdim, əlbəttə, ancaq elədiyim bu "yaxşılıq" nəydi, onu anlamırdım. Çünki sonuncu dəfə- "filankəslərdən aralan, toparlan, hər şey sənin öz əlindədir, bu zibili tərgit" kimi köhnəlmiş cəfəng məsləhətlərimi verdiyimdə "siqareti tərgidə bilmirsən, iradədən dəm vurursan" deyib məni pərt elədiyi gündən bu yana görüşlərimiz də seyrəlmişdi, görüşsək də çalışırdım daha "ağıllı-ağıllı" danışmayım. Bəs nə baş vermişdi, heç nə anlamırdım. Ertəsi gün başımda dünənki gecənin suallarıyla Elşəni yığdım. Əvvəlcə cavab vermədi zəngimə, sonra özü zəng elədi ki, cümədəydim. Corat məscidinə gedib onu götürdüm, getdik köhnə məhəllədəki çayxanaya. Onu belə görüb sevincim gözümdən daşırdı. Danışdırdım, məlum oldu ki, nə vaxtsa maşınımda Arzu Nagiyevin narkomaniyayla bağlı yazdığı "Qara Kabus" kitabını görüb, imzalı olduğundan mənə deməmiş götürüb. Deyir elə bildim "Brilliant Məsələsi", "Mavi Mələklər", "Qara Volqa" kimi kriminal janrda yazılmış kitablardandı, apardım oxudum, oxuduqca da marağımı çəkdi. Kitabı oxuyub bitirdikdən sonra dayanmadım, girdim "youtube"da narkomaniyayla bağlı rusların hazırladığı çoxsaylı araşdırmalara baxdım, belə-belə bir də baxdım ki, məsciddəyəm, ibadət edirəm.

Arzu bəyin kitabı ona bu işıqlı dünyaya qayıtmaq üçün körpü salmışdı. İndi Elşən ailə də qurub, gözəl balası da var, hər gün işinə-gücünə gedir-gəlir.

Bunu Arzu bəyin özünə deməmişdim indiyə kimi. Düşünmürəm ki, gecikmişəm, demək zaman bu zamanmış. Bunun üstünə Arzu bəyin Vətənin müdafiəsi adına döyüşlərdə iştirakını bilməyim bu sevginin miqyasını bir az da artırdı. Arzu bəyə bu seçkilərdə uğurlar diləyirəm. İnanıram ki, Tovuz-Gədəbəy camaatı onu 104 saylı dairədə özlərinin vəkili kimi görürlər artıq və bu seçimlərində də yanılmayacaqlar. Tanrı bu yolda nə sizi nə də biz dostları utandırmasın, Arzu bəy!

Babək Məmmədli


OXŞAR XƏBƏRLƏR