"Bunsuz da Rusiya-Ermənistan münasibətləri gərgindir"

Ermənistan hakimiyyəti yaxın vaxtlarda Türkiyə ilə sərhəddə yerləşən Axurik zastavasının buraxılış məntəqəsindən Rusiya sərhədçilərini çıxarmaq niyyətindədir. Bildirilib ki, Axurik zastavasında bilavasitə buraxılış məntəqəsinin təhvil verilməsi barədə qərar artıq qəbul edilib və hətta bayraq dirəyi də quraşdırılıb.
Məlumata əsasən, zastavada Rusiya sərhədçiləri qalacaqlar. Hazırda Türkiyə istiqamətində dəmir yolu xəttinin vəziyyəti qiymətləndirilir. Türkiyə tərəfdən tikintiyə başlanması və Axurikin istifadəyə verilməsi ehtimalı yaxın gələcəkdə sərhədin açılması niyyətinin ciddiliyindən xəbər verir.
Bütün baş verən proseslər fonunda, Ermənistan-Rusiya münasibətlərinə Axurik qərarının necə təsir edəcəyi ilə bağlı suallar yaranıb.
Maraqlıdır, Marqara və Axurik keçid məntəqələrinin aktivləşdirilməsi normallaşma prosesinə necə təsir edəcəkmi?
Sfera.az-a bu haqda açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edib ki, Rusiya sərhədçilərinin hazırda üçüncü ölkələrlə Ermənistanın sərhədini qoruması Rusiya ilə Ermənistan arasında əldə olunmuş razılaşmaya əsasən həyata keçirilir.

“Ancaq bu razılaşmada sərhəd keçid məntəqələrinin kimin nəzarətində olması ilə bağlı ayrıca bir müddəa yoxdur. Ona görə də biz sərhədin qorunması məsələsini fərqli başa düşməliyik. Sərhəd keçid məntəqələrində hansı əsgərin xidmət göstərəcəyi isə tamamilə fərqli kontekstdə qiymətləndirilməlidir. Mənə elə gəlir ki, burada hər hansı ciddi problem yoxdur. Sərhədin qorunması başqa bir məsələdir, sərhəd keçid məntəqələrinə nəzarət isə tamam fərqli bir məsələdir”.
Deputat bu məsələnin Rusiya-Ermənistan münasibətlərinə də necə təsir edəcəyi haqqında fikirlərini bölüşüb:
“Rusiya üçün bu məsələnin Rusiya-Ermənistan münasibətlərinə necə təsir edəcəyinə gəldikdə isə, Moskva başa düşür ki, Ermənistan bundan sonra qonşularla atacağı addımlarda müəyyən dövlət səlahiyyətlərinə malik olmalıdır. Mənə elə gəlir ki, buna etiraz etmək nəticə etibarilə həm Ermənistan-Rusiya razılaşmasına, həm də beynəlxalq hüquqa zidd olardı. Ona görə də düşünmürəm ki, bu məsələ hansısa əlavə gərginlik yaratsın. Çünki bu olmadan belə, Rusiya ilə Ermənistan münasibətlərində kifayət qədər gərginlik mövcuddur”.
Bəsti Rəfizadə
Sfera.az


































